Ədəbiyyat Muzeyinin əməkdaşı Pakistanda keçirilən beynəlxalq simpoziumda çıxış edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr şobəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva Pakistanın Feysəlabad şəhərində fəaliyyət gostərən Feysəlabad Kənd Təsərrüfatı Universitetinin təşkil etdiyi beynəlxalq simpoziumda Azərbaycanı təmsil edib.

Nailə Əliyeva Beynəlxalq Muzeylər Gününə və Pakistanın ilk Qida və Kənd Təsərrüfatı Muzeyi layihəsinin təqdimatına həsr olunmuş “Ənənədən innovasiyaya – kənd təsərrüfatı irsini gələcək naminə qorumaq” adlı simpoziumda “Azərbaycan muzeylərində kənd təsərrüfatı mədəniyyətinin təqdimi” adlı məruzə ilə çıxış edib. 

Simpoziumda onlayn çıxış edən Nailə Əliyeva Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyində sərgilənən eksponatlar vasitəsilə Azərbaycanda kənd təsərrüfatı mədəniyyətinin formalaşması mərhələlərindən bəhs edib. Həmçinin o, kənd təsərrüfatı mövzularının qədim dövrlərdən Azərbaycan təsviri sənətində və dekorativ tətbiqi sənətdə geniş istifadə olunması məsələsinə də toxunub.

Məruzəçi Ədəbiyyat Muzeyində orijinal nüsxələri sərgilənən ilk milli mətbuat orqanı “Əkinçi” qəzeti və onun yaradıcısı Həsən bəy Zərdabinin milli maarifçilik fəaliyyətindən, onun kənd təsərüfatı ixtisası üzrə ilk təhsil almış milli kadr kimi bu sahənin inkişafına tohfələrindən də bəhs edib.

Nailə Əliyeva daha sonra Ağdamda 1983-cü ildə fəaliyyətə başlamış çörək, çörək məmulatları, əkinçilik alətləri və onların tarixini əks etdirən, 1992-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı külə dönmüş muzey haqqında və 30 il davam edən hərbi münaqişə dovründə Azərbaycanın digər mədəniyyət müəssisələrinə vurulmuş zərər haqqında məlumat verib.

Pakistanın qədim kənd təsərrüfatı və onun ənənələrinin öyrənilməsinə, bu sahədə mövcud problemlərin təhlili və beynəlxalq təcrübəyə həsr edilmiş simpoziumda Pakistan İslam Respublikası, ABŞ, Avstraliya, Şri-Lanka alimləri muzey quruculuğu, kənd həyatı ənənələri, kənd təsərrüfatı irsinin müasir dövrdə qorunması və gələcək nəsillərə otürülməsi məsələlərini müzakirə etmişlər. 

Konfransın sonunda Pakistan və digər ölkələr arasında akademik və mədəni əməkdaşlığın əhəmiyyətli olduğu vurğulanıb. 

Qabil YUSİFOĞLU
XQ





Elm