Ədəbiyyat Muzeyində Cavad Heyət anılıb

post-img

Mayın 25-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dünyaşöhrətli azərbaycanlı cərrah, Türk dünyasının görkəmli alimi və ictimai xadimi, professor Cavad Heyətin xatirəsinə həsr olunmuş ədəbi məclis keçirilib.

Məclis çərçivəsində görkəmli alimin fars dilindən tərcümə olunaraq Bakıda nəşr edilmiş “Mən və atam” adlı xatirələr toplusunun təqdimatı olub.

Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov mərasimi giriş sözü ilə açaraq Cavad Heyətin türkologiya, tibb elmi və digər sahələrdə əvəzsiz xidmətlərindən bəhs edib. O, alimin çoxşaxəli yaradıcılığı, onun ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərinə dair tədqiqatları barədə ətraflı məlumat verib. Bildirib ki, Cavad Heyətin zəngin və səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor, eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. 

Akademik Rafael Hüseynov ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin dünyaşöhrətli alimlə olan görüşlərindən danışıb, Cavad Heyətin ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabının müəllifi olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, Cavad Heyət yalnız Vətəni Azərbaycanın, ata yurdu İranın, min bir tellərlə bağlı olduğu Türkiyənin deyil, bütün dünyanın vətəndaşı olan nadir insanlardan olub. Çünki o, böyük yolunun başlanğıcında həkimlik sənətini seçib və bu peşə sahibinin də ali vəzifəsi insana xidmət, insan həyatını hifz etməkdən ibarətdir. Professor Cavad Heyət 1993-cü ildə İrandan Azərbaycana tibbi və mənəvi dəstək missiyasına başlayıb. O, Birinci Qarabağ müharibəsində yaralanmış azərbaycanlı əsgərlərin İranda müalicəsini təşkil edib, həmçinin Kəlbəcərin işğalından sonra Türkiyə prezidentinə bölgədəki soyqırımı pisləyən və dəstək istəyən məktublar ünvanlayıb. Rəhbərlik etdiyi Tehrandakı “Cavid” klinikasında 150-dən çox yaralı döyüşçümüzün müalicə və əməliyyat olunmasını təmin edib.

Cavad Heyətin Şimali və Cənubi Azərbaycan arasında mədəni, ədəbi və elmi körpü rolunu oynayan ən böyük şəxsiyyətlərdən biri olduğunu deyən akademik Rafael Hüseynov bildirib ki, o, yaratdığı “Varlıq” jurnalı ilə hər iki regionun ziyalılarını bir araya gətirib, milli şüurun oyanmasında və bütövləşmə ideyasının təbliğində müstəsna xidmətlər göstərib. Bu jurnal İranda və bütün dünyada yaşayan Azərbaycan türklərinin milli mənəvi varlığını isbat edən, qoruyan, yaşadan, zənginləşdirən bir nəşr kimi fəaliyyət göstərib.

Vurğulanıb ki, 36 il boyunca Cavad Heyət “Varlıq” dərgisini sadiq köməkçilərinin, dəstəyə yeni qoşulan silahdaşlarının dəstəyi ilə buraxıb. O, bu işə sadəcə naşirlik, jurnal buraxmaq kimi baxmayıb. Bunu öz əsas həyati missiyasının, millət quruculuğuna, türklüyə, azərbaycançılığa xidmətinin ümdə halqalarından biri kimi qavrayıb. Cavad Heyət baş redaktor və dəmir intizam sahibi kimi sonacan jurnalın hər sayını əvvəldən-axıracan mütaliə edərək redaktələrini aparıb.

“Cavad Heyət həm də mükəmməl bir tarixçi, ədəbiyyatşünas, folklorçu, dilçi, filosof, mədəniyyətşünas, ilahiyyatçı olub. Alim bu istiqamətlərin hər birinə aid köhnəlməz, masaüstü olmağa layiq əsərlər yazıb”, –deyən  akademik Rafael Hüseynov alimin irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. O, professr Cavad Heyət millətin könlündə və tarixin bağrında əbədi abidə yaratdığını vurğulayıb.

Akademik Rafael Hüseynov həkim-alimin “Atam və mən” adlı xatirələr toplusundan da bəhs edərək sözügedən nəşrdə bu mötəbər ailə haqqında ətraflı məlumatların yer aldığını söyləyib. Bildirib ki, Cavad Heyət dövrünün tanınmış ziyalısı və dövlət xadimi olan Mirzə Əli Heyətin 9 övladından biri olub. İranın dövlətçilik, düşüncə və mənəviyyat həyatındakı seçkin simalardan olan Mirzə Əli Heyət Təbriz məhkəməsinin ilk sədri, İranın Baş prokuroru və daha sonra ədliyyə naziri işləyib.

Ədəbi məclisin fəxri  qonaqları – akademik Nizami Cəfərov, tarix elmləri doktoru Eynulla Mədətli, filologiya elmləri doktoru Esmira Fuad, professor Tofiq Məlikli,  filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədli, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə, 1945-ci ildə Güney Azərbaycanda müstəqillik uğrunda vuruşan fədailərdə biri olmuş Firudin İbrahiminin qardaşı oğlu hüquqşünas Firudin İbrahimi, tanınmış heykəltəraş, Xalq rəssamı Natiq Əliyev, mərhum professorun ailə dostu və köməkçisi olmuş Baxşəli Zülfi Cavad Heyətin şərəfli ömür yolundan, zəngin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər. 

Ədəbiyyat Muzeyinin ekspozisiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Tomiris Babanlı professor Cavad Heyətin bir neçə dəfə muzeyi ziyarət etdiyini bildirib, alimin muzeydə sərgilənən şəxsi əşyaları və arxiv materiallarından bəhs edib.

Muzeyin Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva isə “Cavad Heyət və Şəhriyar: Varlıqdan doğan mənəvi körpü” mövzusu ətrafında təhlil və araşdırmalarını diqqətə çatdırıb. Qeyd edib ki, İran azərbaycanlılarının mənəviyyat mənbəyinə çevrilən anadilli “Varlıq” jurnalının naşiri, dünya şöhrətli cərrah, ədəbiyyatşünas alim Cavad Heyət “Varlıq” dərgisinin səhifələrində Şəhriyarın yaradıcılığına xüsusi yer ayırıb, şairin əsərlərini mütəmadi olaraq bu jurnalda dərc etdirib.

Qabil YUSİFOĞLU
XQ





Elm