Milli teatrımızın parlaq ulduzu

post-img

Sidqi Ruhulla – 140

Görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Sidqi Ruhulla maraqlı yaradıcılıq hekayətləri olan sənətkarlardandır. 140 illik yubileyi ilə əlaqədar onun həyatının çoxlarına məlum olmayan məqamlarına nəzər salaq.

Sidqi Ruhulla (Məmmədov) 1886-cı il aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olub. Onda elmə, sənətə, poeziyaya həvəsi atası Molla Fətulla oyadıb. Gənclik çağlarında bir müddət ticarətlə məşğul olsa da, humanitar sahəyə ürəkdən bağlı idi. Bakının inqilabi mühitinə qoşulub mitinqlərdə şeirlər söyləyir, azadlıq ruhunu özünəməxsus tərzdə ifadə edirdi.

20 yaşında Hüseyn Ərəblinski ilə tanış olan Ruhulla ona teatra gəlmək istədiyini bildirir. İlk ünsiyyət tədricən dostluğa çevrilir. Bir gün Hüseyn ona deyir:

– Sənin teatra göstərdiyin həvəs məni də heyran edir. İstənilən bir işi görmək üçün həvəs lazımdır. Gəl, belə danışaq, sabah günortadan sonra vaxt tap, gəl “Nicat” cəmiyyətinə, imkan eləsən, balaca bir monoloq da hazırla, həm də səni dostlarımla tanış edərəm.

Bu sözlərdən qanadlanan Ruhulla cidd-cəhdlə “imtahan”a hazırlaşır. Füzulinin “Leyli və Məcnun” poemasından bir parça hazırlayıb “Nicat”a gedir. Ərəblinski onu diqqətlə dinləyib, boy-buxununa, səsinə, mimikasına nəzər salaraq əlini çiyninə qoyur. Elə belə də bilirdim, – deyir, – sənin böyük gələcəyin var...

Beləcə, böyük faciə aktyoru onu səhnəyə, tamaşalara cəlb edib. Ruhullanın ilk kiçik rolları onun əsl istedad sahibi olduğunu göstərib. Səhnədə püxtələşən gənc aktyor “Vətən” dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhətilə Sidqi Ruhulla kimi tanınıb. Özündən 32 yaş böyük olan maarifçi-pedaqoq Məhəmməd Tağıdan sonra “Sidqi” təxəllüsünü götürməklə teatr sənətinə həmin anlama gələn “saf, təmiz, gerçək” münasibət sərgiləmək istəyib və buna nail olub.

Sidqi Ruhulla Bakı, Gəncə, Tbilisi, Tehran, Rəşt, Xoy, Qəzvin, Moskva və Daşkənd teatrlarında bir-birindən maraqlı, rəngarəng və bitkin obrazlar yaradıb. Təbrizdə milli teatrın yaradıcısı kimi tarixə düşüb. Səhnədə ilk böyük sınağı isə Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində Rüstəm bəy obrazı olub. Uğurlu ifadan sonra Ə.Haqverdiyev, N.Vəzirov, H.Zərdabi və başqaları Sidqini təbrik ediblər. H.Ərəblinski isə ona – “İndi sən sənətkarsan, indi sən yarada bilərsən”, – deyib.

Ardınca “Bəxtsiz cavan” faciəsində Musa, “Nadir şah”da Təhmas və Nadir şah, “Yəhudilər”də Berezin, “Zorən təbib”də Qətran bəy, “Müsibəti-Fəxrəddin”də bu dəfə Fəxrəddin obrazlarını canlandırıb. Ümumiyyətlə, 50 illik səhnə fəaliyyətində Sidqi Ruhulla bilik və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaradıb. Ələsgər Ələkbərov, Mərziyə Davudova, Barat Şəkinskaya, Mirzağa Əliyev, Hökumə Qurbanova, Ülvi Rəcəb, Rza Əfqanlı kimi müqtədir sənətkarlarla çiyin-çiyinə çalışıb. O, özünü rejissurada və kinoda da uğurla sınayıb. “Bismillah”, “Gilan qızı”, “Hacı Qara”, “Qızıl kol”, “Kəndlilər” və “Fətəli xan” filmlərində çəkilib.

Unudulmaz aktyor haqqında 50-yə yaxın kitabda geniş söhbət açılıb. İstedadından, “Azdrama” və kinodakı məhsuldar fəaliyyətindən, peşəkar özəlliklərindən ətraflı bəhs olunub. Fəlsəfə doktoru İmran Axundov qələmə aldığı “Sidqi Ruhulla” monoqrafiyasında aktyorun xatirələrinə də yer ayırıb. Məsələn, aktyor dramaturqlar haqqında deyibmiş: “Mənim yaradıcılığımda Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun və Üzeyir Hacıbəyovun incəsənət vasitəsilə xalqa xidmət məramı haqqında söhbətləri, tövsiyələri çox mühüm rol oynamışdır və mənim mənəvi inkişafıma gözəl təsir bağışlamışdır. Mən onların yazdığı əsərlərdən ilham almışam və onlarla öz aramda həmişə möhkəm, mənəvi yaxınlıq görmüşəm”.

...Tbilisidə həvəskar aktyorlarla “Pəri cadu” əsərini tamaşaya qoyanda özü Qurban rolunu oynayırdı. Üçüncü pərdənin fasiləsində, heç gözləmədiyi halda, Əbdürrəhim bəy Haqverdiyev səhnəyə çıxdı və rolu yaxşı oynadığına görə Sidqiyə təşəkkür etdi. Tamaşa bitəndən sonra Əbdürrəhim bəy onu qaldığı mehmanxanadan öz mənzilinə dəvət etdi. Həmin gecəni bir yerdə keçirdilər. Əbdürrəhim bəy sənətkara dedi:

– Sidqi, sənin aktyorluğun mənim çox xoşuma gəlir. Lakin bunu unutma ki, müəyyən bir obrazı yaratdıqdan sonra bir yerdə dayanıb durmaq olmaz. Sənətkar həmişə inkişaf etməlidir. Onu bilməlisən ki, bir obrazı bu gün nə qədər yaxşı oynayırsansa, bu rolun üzərində çalışsan, sabah daha yaxşı oynaya bilərsən.

Bu sözlərdən sonra ədib özünün “Pəri cadu” kitabını masa üzərindən götürüb, “Sidqi Ruhullaya vəsiyyətim” avtoqrafı ilə ona bağışladı. Həmin xatirə indi də Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində saxlanılır...

Qərbi Avropa müəlliflərindən isə Uilyam Şekspir Sidqi Ruhullanın ən çox sevdiyi qələm sahiblərindən idi. O, dahi dramaturqun “Otello”, “Romeo və Cülyetta”, “Maqbet” faciələrində Yaqo, Eskal, Banko obrazlarının bənzərsiz ifaçısı olub.

...Tamaşaların birində tərəf müqabilinə məktub verməli idi. Hər dəfə zərfin içində olan kağızda məktubun mətni yazılırdı. Amma bu dəfə kimsə məktub yerinə ağ kağız qoymuşdu. Nə Sidqi, nə də tərəf müqabili məktubun mətnini əzbərdən bilmirdi. Məktubu aktyora verdi, o isə açıb ağ kağız olduğunu görəndə məktubu geri qaytararaq: “Oxu, görək, nə yazıblar”, – dedi. Sidqi bir anlıq çaşsa da, tez vəziyyətdən çıxa bildi:

– Cənab, çeşməyim yan otaqda qalıb, gözlə gətirim, oxuyum, – deyib və hər ikisini vəziyyətdən çıxarıb.

Daha bir xatirə: Bakıda “Vaqif” dramının məşqlərindən birinə Səməd Vurğun özü də gəlibmiş. Vaqiflə Qacarın görüş səhnəsində Sidqi Ruhulla birdən məşqi saxlayıb üzünü şairə tutaraq:

– Bu yerdə Qacarın daha qaniçən, daha cəllad olduğunu vermək üçün, elə bil, nəsə çatmır, – deyir.

Səməd Vurğun ani olaraq fikrə gedir, sonra ayağa qalxıb bədahətən söyləyir:

Bir boynu olsaydı bəşəriyyətin,
Onu bir qılıncla vurardım yəqin!

Məşqdə olanlar şairi alqışlayırlar. Beləcə, həmin beyt əsərə əlavə olunur...

Xalq artisti Mehdi Məmmədov, teatrşünas-tənqidçi Cabir Səfərov, araşdırmaçı publisist Mustafa Çəmənli və başqaları da Sidqi Ruhulla haqqında səmimi fikirlərini ifadə edib, sənətini layiqincə dəyərləndiriblər. Bütün rəylərdə o, Azərbaycan teatr sənətinin parlaq ulduzlarından biri kimi təqdim olunub.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət