Milli QHT Forumunun mənzil-qərargahında Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) birgə təşkilatçılığı ilə Qazaxıstan Yazıçılar Birliyinin və DGTYB Məsləhət Şurasının üzvü, şair-publisist Sayat Kamşıgerin “Qarabağ” kitabının təqdimat mərasimi keçirilib.
Məclisdə giriş nitqi söyləyən Əkbər Qoşalı “Qarabağ” kitabının ideya-estetik özəllikləri, müəllifin yaradıcılığı və Qarabağ mövzusunun çağdaş türk ədəbiyyatında qazandığı yeni məzmun qatları barədə ətraflı bilgi verib, kitabı Türk dünyasının ortaq yaddaşının bədii ifadəsi kimi qiymətləndirib. Qeyd edib ki, əsər Türküstandan Qafqaza –böyük qazax çöllərindən Qarabağın zirvələrinə uzanan mənəvi körpü səciyyəsi daşıyır. “Qarabağ” – bütün Türk dünyasının vicdan yaddaşıdır.
Müəllif Sayat Kamşıger vurğulayıb ki, “Qarabağ” həm də mənəvi borcun, qardaşlıq duyğusunun və ortaq tarixi yaddaşın poetik ifadəsidir.
Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel Qazaxıstan – Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini, mədəni və ədəbi layihələrin dostluq-qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini bildirib.
Səfirin qardaş ölkənin, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında həyata keçirilən quruculuq prosesinə verdiyi dəstək barədə dedikləri alqışlarla qarşılanıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valehoğlu (Hacıyev) Qarabağ mövzusunun artıq ümumtürk dəyərinə çevrildiyini, bu kimi nəşrlərin ortaq mədəni irsin qorunması, təbliği baxımından önəm daşıdığını deyib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov vətəndaş cəmiyyəti institutlarının belə təşəbbüslərlə milli-mənəvi dəyərlərin qorunmasına və beynəlxalq mədəni inteqrasiyaya mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Digər çıxışçılar da kitabın önəmini müxtəlif aspektlərdən dəyərləndiriblər. RHİMİB koordinatoru Nilufər Lətif, DGTYB başqanı İntiqam Yaşar, Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İB-nin (QMİDİB) sədr müavini Aydan Yaşar belə layihələrin davamlı xarakter almasının vacibliyini vurğulayıblar. Türkoloq professor Nizami Tağısoy əsəri türk poetik düşüncəsinin çağdaş ifadəsi və Qarabağ mövzusunun qazax ədəbiyyatında işlənməsini mühüm ədəbi hadisə kimi səciyyələndirib.
Zərifə HÜSEYNOVA
XQ

