Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək

post-img

Aprelin 28-də Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Ənənəvi xarakter daşıyan bu konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və müasir tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması üçün mühüm platformadır. Konfransın əsas məqsədi oftalmologiyanın aktual problemlərinin müzakirəsi, yeni diaqnostika və müalicə metodlarının təhlili, həmçinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən olan oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış edəcəklər. Bununla yanaşı, Rusiya, Türkiyə, İtaliya, Özbəkistan və digər ölkələrdən də tanınmış mütəxəssislər konfransda iştirak edərək öz təcrübələrini bölüşəcəklər.

Konfrans çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Göz Bankının təntənəli açılışı da keçiriləcək.

Akademik Zərifə xanım Əliyeva “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” kimi fundamental əsərlərin müəllifidir. Ümumilikdə, 150-dən çox elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təklifin müəllifi olan akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminə əvəzolunmaz töhfələr verib.

XQ

Sosial həyat