Növbəti məşğələni Əməkdar jurnalist Dağbəyi İsmayılov aparıb
Aprelin 23-də Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti görüşü keçirilib.
Layihənin ikinci dərsinin qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov olub. O, “İnformasiya agentliklərinin iş prinsipi. Redaksiya işinin təşkili” mövzusunda geniş təqdimatla çıxış edərək müasir media mühitində informasiya axınının idarə olunması, operativlik və dəqiqlik balansının qorunması, eləcə də redaksiya proseslərinin effektiv qurulması ilə bağlı praktik bilik və təcrübəsini bölüşüb.
Dağbəyi İsmayılov çıxışında informasiya agentliklərinin fəaliyyət mexanizmlərindən danışıb. Qeyd edib ki, informasiya agentliklərinin əsas missiyası cəmiyyətə etibarlı, yoxlanılmış və sürətli informasiya təqdim etməkdir. Redaksiya daxilində düzgün koordinasiya, məsuliyyət bölgüsü və peşəkar etik prinsiplərə sadiqlik keyfiyyətli jurnalistikanın əsas sütunlarını təşkil edir. Dağbəyi İsmayılov xüsusilə rəqəmsal transformasiya dövründə jurnalistlərin çevik düşüncə tərzinə malik olmasının vacibliyini vurğulayıb. O, jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə daim öz üzərilərində işləməyi tövsiyə edib.
Əməkdar jurnalist görüş çərçivəsində Nəsir İmanquliyevlə bağlı xatirələrini də bölüşüb. O, Nəsir İmanquliyevin tələbələrinə yanaşmasından, jurnalistikaya gətirdiyi yeniliklərdən və milli mətbuat tarixindəki müstəsna rolundan bəhs edib.
Görüş müzakirələrlə davam edib.
Qeyd edək ki, aprel və may aylarını əhatə etməklə həftədə bir dəfə 90 dəqiqəlik mühazirələr formatında təşkil edilən “Professor Nəsir İmanquliyev dərsləri”nin məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoymuş professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc nəsil jurnalistlər arasında təbliğidir.
Layihədən 300-dən çox tələbənin faydalanması nəzərdə tutulub. Yekunda isə layihə iştirakçılarının professor Nəsir İmanquliyevlə bağlı mediada dərc olunan yazıları üzrə “Professor Nəsir İmanquliyev dərsləri - yazı müsabiqəsi” keçiriləcək və qaliblər təltif ediləcək.
XQ

