Qərbi Azərbaycan həqiqətlərinin Quba təqdimatı

post-img

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd rayon icmasının sədri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın təqdimatında “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib.

ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev açıq dərsi giriş sözü ilə açaraq qeyd edib ki, Qərbi Azərbaycan mövzusu bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bugünkü açıq dərs sadəcə elmi bir mühazirə deyil, həm də gənc nəslin milli kimlik şüurunun formalaşması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Professor Mahirə Hüseynova açıq dərsin əvvəlində doğma yurd həsrətindən, xalqımızın əsrlər boyu üzləşdiyi deportasiya və etnik təmizləmə siyasətinin acı nəticələrindən bəhs edib. O vurğulayıb ki, Qərbi Azərbaycanın hər bir daşı, hər bir toponimi bizim qədim tariximizin möhürüdür. Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması probleminə toxunan professor sonra deyibdir: “Bu, sadəcə bir nisgil deyil, həm də beynəlxalq müstəvidə hüquqi və elmi əsaslarla sübut olunmalı olan haqq işimizdir. Bizim mənəvi borcumuzdur ki, uydurma tarixlərə qarşı faktlarla, sənədlərlə və elmi tədqiqatlarla çıxış edək”.

Məruzəçi Qərbi Azərbaycanla bağlı elmi tədqiqatlarının və xatirələrinin yer aldığı kitabları barədə də məlumat verərək qeyd edib ki, belə əsərlər saxtalaşdırılmış tarixin ifşasında mühüm rol oynayır.

Açıq dərsdə digər qonaqlar və rayon ziyalıları da iştirak ediblər. Çıxış edənlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının milli hədəflərimizdəki önəmli yerindən danışaraq, bu cür tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda professor Mahirə Hüseynova tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb. İştirakçılara Qərbi Azərbaycan tarixi və mədəni irsi ilə bağlı kitablar hədiyyə edilib.

Məsaim ABDULLAYEV
XQ

Sosial həyat