24 Aprel Gənclərin Beynəlxalq Həmrəylik Günüdür
Gənclik zamanın dinamik, çevik və eyni zamanda, ən məsuliyyətli dövrüdür. Gənc yaşda formalaşan düşüncə tərzi, dünyagörüşü ilə gələcək həyatın təməli qoyulur. Gənclər milli kimliyin daşıyıcısı, həm də müasir çağırışların əsas hərəkətverici qüvvəsidir.
Tarixin bütün mərhələlərində gənc nəsil cəmiyyətin inkişafında xüsusi rol oynayır. Buna görə də gənclərlə bağlı beynəlxalq təşəbbüslər böyük əhəmiyyət kəsb edir. Ümumdünya Demokratik Gənclər Federasiyası tərəfindən 1957-ci ildən təsis edilən Gənclərin Beynəlxalq Həmrəyliyi Günü məhz bu məqsədə xidmət edir. Hər il aprelin 24-də qeyd olunan bu gündə dünya ictimaiyyətinin diqqəti gənclərin problemlərinə yönəldilir, onların hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyasının gücləndirmək üçün çağırışlar edilir.
Müasir dünyada gənclərin sosial-iqtisadi proseslərdə iştirakı, onların məşğulluq imkanlarının artırılması, keyfiyyətli təhsil və peşə bacarıqlarına çıxışının təmin olunması inkişaf strategiyasının əsasını təşkil edir. Çünki rəqabətədavamlı və dayanıqlı cəmiyyət qurmaq üçün savadlı, təşəbbüskar və məsuliyyətli gənc nəslin yetişdirilməsi zərurətdir.
Ölkəmizdə bu istiqamətdə geniş imkanlar yaradılıb, gənclər təşkilatlarının fəaliyyəti, müxtəlif dövlət proqramları və beynəlxalq layihələr çərçivəsində həyata keçirilən təşəbbüslər gənclərin potensialının üzə çıxarılmasına xidmət edir. Bu da, öz növbəsində, gənc nəslin layiqli vətəndaş kimi formalaşmasına, ölkənin gələcək inkişafında aktiv rol oynamasına zəmin yaradır. Gənclərin Beynəlxalq Həmrəylik Günündə dünyanın hər yerində ölkəmizi layiqincə təmsil edən soydaşlarımızla əlaqə yaratdıq.
Nihat ƏLİYEV,
Lüksemburq Universitetinin doktorantı, “Glacies biome” biotexnoloji şirkətin həmtəsisçisi və baş icraçı direktoru:
– 13 yaşımdan taleyimə uzaq üfüqlərin yolu yazılıb. Həmin vaxtdan bəri elmin sorağında vətənin hüdudlarından kənarda yaşayıram.
Peşəkar fəaliyyətim biomühəndislik sahəsi ilə bağlıdır və bu istiqamətdə gənc yaşlarımdan Azərbaycanı müxtəlif mötəbər müsabiqələrdə təmsil etmişəm. Yaponiya, Koreya, Nigeriya, Türkiyə, Rusiya və Kanada kimi ölkələrə səfərlərim məhz peşəkar inkişaf və elmi nailiyyətlər naminə gerçəkləşib. Qürbətdə, doğmalarından uzaqda yaşamağın öz çətinlikləri var. Amma bütün bunlara baxmayaraq, yolumdan dönmədim.
Koreyada keçirilən Beynəlxalq Biologiya Olimpiadasında dünya üzrə medal qazanan ən gənc azərbaycanlı iştirakçı olmağım həm ölkə daxilində, həm də beynəlxalq elmi müstəvidə sonrakı uğurlarım üçün, bir növ, bələdçi rolunu oynadı.
Dövlət Proqramı çərçivəsində Toronto Universitetində təhsil almışam və bu mərhələ sonrakı illərdə müxtəlif ölkələri və elmi mərkəzləri əhatə edən akademik fəaliyyətimin başlanğıcı olub. Kanadada qazandığım təcrübənin ardınca Estoniyada biomühəndislik və robotika üzrə ikinci ixtisasa yiyələnmişəm. Bu mərhələ mənə biologiya ilə texnologiyanın vəhdətini daha dərindən anlamaq, eləcə də müasir elmin tətbiqi aspektlərini yaxından mənimsəmək imkanı yaradıb.
Elmi fəaliyyətimi daha geniş müstəviyə daşımaq məqsədilə Amerika Birləşmiş Ştatlarında Notr Dam Universitetində kök hüceyrə mühəndisliyi sahəsində tədqiqatlara başlamışam. Fərqli coğrafiyalarda keçdiyim akademik yol məni müxtəlif yanaşmalarla tanış edib və peşəkar dünyagörüşümün formalaşdırıb.
Hazırda isə illər ərzində topladığım bilik və təcrübəni Lüksemburqda üz dərisi biomühəndisliyi sahəsində apardığım tədqiqatlarda cəmləşdirirəm.
Elmi fəaliyyətimin təməlində canlı orqanizmlərin mürəkkəb bioloji mexanizmlərini mühəndislik həlləri ilə vəhdət halına gətirmək dayanır. Xüsusilə hüceyrə regenerasiyası və toxuma mühəndisliyi istiqamətində apardığım tədqiqatlar çərçivəsində əvvəllər ürək toxumasının bərpası və süni kardiomiositlərin yetişdirilməsi üzərində çalışmışam. Bu sahədə əldə etdiyim bir neçə uğurlu patentdən sonra, elmi kəşflərimi real tətbiqə çevirmək məqsədilə öz şirkətimi təsis etmək qərarına gəldim.
Üz dərisi biomühəndisliyi, yəni zədələnmiş dəri toxumalarının molekulyar səviyyədə bərpası istiqamətində çalışıram. Şirkət üçün mərkəz seçərkən Cənubi Koreya və Lüksemburq kimi iki nəhəng texnoloji qütb arasında qaldım. Lakin innovativ tibbi texnologiyaların hüquqi tənzimlənməsi, etik standartların yüksəkliyi və beynəlxalq bazarlara inteqrasiya baxımından Lüksemburqun təqdim etdiyi şəffaf biznes mühiti bizim üçün daha cəlbedici oldu. Müvafiq dövlət strukturları ilə elmi-iqtisadi müzakirələrdən sonra innovasiyaları Avropanın məhz bu mərkəzində inkişaf etdirməyə qərar verdim.
Şirkətdə azərbaycanlı tərəfdaşlarım da var. Komandamızın böyük bir hissəsi beynəlxalq mütəxəssislərdən ibarət olsa da, həmvətənlərimlə bir arada çalışmaq mənim üçün mənəvi dayaqdır. Ana dilində danışmaq, ortaq yumoru və dəyərləri bölüşmək mənə dünyanın harasında olsam da, özümü vətənimdəki kimi güclü və rahat hiss etdirir.
İdarəetmədə rasional və soyuqqanlı qərarlar vermək prinsipim olsa da, bu, həm də tərəfdaşlarımıza və ölkəmizə olan məsuliyyətimdən irəli gəlir. Azərbaycan bazarına daxil olarkən apardığımız geniş araşdırmalar göstərdi ki, ölkəmizdə bu sahədə ciddi tənzimləmələrin aparılması və peşəkarlara həvalə edilməsi diqqətəlayiqdir. Biz də, öz növbəmizdə, bu inkişafa töhfə vermək üçün məhsullarımızın yalnız yüksək səviyyəli klinikalara təqdim edirik .
Lüksemburqda fəaliyyət göstərən “LuxAz” diaspor təşkilatı ilə əməkdaşlıq çərçivəsində Belçika, Niderland və Lüksemburqun daxil olduğu Benelüks arealı boyunca təşkil olunan müxtəlif layihələrə qoşulur, həmin ölkələrdə keçirilən tədbirlərdə mütəmadi iştirak edirəm. Milli maraqlarımızın qlobal aləmdə daha effektiv təbliği məqsədilə buradakı səfirimizlə də tez-tez bir araya gəlir, fikir mübadiləsi aparırıq.
Ötən ilin noyabrında ümumilikdə 40 minə yaxın ziyarətçinin qatıldığı, 63 stendin iştirak etdiyi tədbirdə Lüksemburqun xarici işlər naziri Xavier Bettel Azərbaycan stendini ziyarət etmişdi. Nazirə ölkəmizdə istehsal olunan məhsullar və milli mədəniyyətimiz haqqında ətraflı məlumat verdik.
Layiqli vətəndaş olmağa çalışan hər kəs kimi mənim də əsas məqsədim qazandığım beynəlxalq təcrübəni gələcəkdə ölkəmizin elmi inkişafına və biomühəndislik sahəsinin tərəqqisinə həsr etməkdir.
Sevinc ÖMƏRLİ,
marketinq üzrə fəlsəfə doktoru:
– 2008–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə fakültəsində bakalavr, 2012–2015-ci illərdə Türkiyənin nüfuzlu Gazi Universitetində MBA proqramı üzrə magistr təhsili almışam. 2016–2023-cü illərdə Macarıstanın Corvinus University of Budapest universitetində marketinq üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə yüksəlmiş, təhsilimi Macarıstanın nüfuzlu Stipendium Hungaricum (Tempus İctimai Fondu) təqaüd proqramı çərçivəsində uğurla tamamlamışam.
12 elmi məqalənin müəllifi kimi London, Budapeşt və Bratislava şəhərlərində keçirilən beynəlxalq konfranslarda çıxış etmişəm. Xüsusilə, Qlazqo şəhərində keçirilən 47-ci EMAC Doctoral Colloquium tədbirində yeganə azərbaycanlı kimi ölkəmizi təmsil etmişəm.
Peşəkar fəaliyyətimin ilk illəri magistratura dövrünə təsadüf edir. Bu illərdə Türkiyənin Avropa Birliyi Nazirliyində fond müraciətlərinin analizi ilə məşğul olaraq, Erasmus proqramı ilə İngiltərənin “Eurosolar” şirkətində təcrübə keçmişəm. 2015-ci ildə BMT-nin COP12 konfransında qrup lideri kimi, həmçinin G20 Antalya Zirvəsinin təşkilat komandasında dünya liderlərinin (Barack Obama, Angela Merkel və s.) iştirak etdiyi beynəlxalq platformada təcrübə qazanmışam.
2023-cü ildən etibarən Lüksemburq şəhərində yaşayıram. Hazırda LuxAz ASBL assosiasiyasının kommunikasiya meneceri kimi Azərbaycan mədəniyyətinin Avropada tanıdılması istiqamətində layihələr icra edirik. Eyni zamanda, Azərbaycanı ilk dəfə CLAE platformasında fərdi stendlə təmsil etmişik.
Lüksemburq parlamenti və şəhər şurası ilə əlaqələrin qurulmasında, ictimai münasibətlərin inkişafında da fəal iştirak etməyə çalışırıq. Burada yaşayan həmyerlilərimizlə birgə ölkəmizin daha geniş auditoriyaya tanıdılmasına səy göstəririk. Lüksemburqda keçirilən “Miqrasiyalar, mədəniyyətlər və vətəndaşlıq festivalı” hər il fərqli xalqları bir araya gətirən mühüm platformadır. Bu il 43-cü dəfə keçirilən festivalda Azərbaycanın ilk dəfə bu stendlə təmsil olunması isə diaspor fəaliyyətinin yeni mərhələyə keçidinin göstəricisi oldu. İki gün davam edən tədbirdə 400-dən çox stend quruldu və müxtəlif xalqların stendləri arasında biz də öz ölkəmizin məhsullarını təqdim etdik.
Azərbaycan stendi festival iştirakçılarında xüsusi maraq doğurdu, burada milli musiqi, rəqs, ornamentlər və zəngin mətbəximiz təqdim olundu. Milli mətbəximizin dolma, plov və şəki halvası kimi nəfis təamları nümayiş olundu. Lüksemburqda yaşayan azərbaycanlılar bu kimi tədbirlər vasitəsilə bir-birilərinə daha sıx bağlanırlar. Birgə təşkil olunan oyunlar, yarışlar və sosial fəaliyyətlər icma daxilində həmrəyliyi artırır və milli kimliyin qorunmasına xidmət edir.
Bütün bunların mühüm tərəfi isə Azərbaycanın beynəlxalq imicinin formalaşdırılmasıdır. Multikultural dəyərlərin ön planda olduğu belə tədbirlərdə Vətənimizi tanıtmaq tolerantlıq və müxtəlifliyə açıq siyasətinin praktik nümayişidir. Bu, xüsusilə Avropa ictimaiyyətində Azərbaycan haqqında daha obyektiv və dolğun təsəvvürün yaranmasına töhfə verir.
Fidan ƏLİYEVA,
Ləman TƏHMƏZ
XQ

