Hindistan hökumətinin icma cinayətləri yeni müstəmləkəçilik təfəkküründən qaynaqlanır
Son günlər beynəlxalq hüquq müdafiə təşkilatlarının və BMT-nin İnsan Hüquqları Şurasının diqqət mərkəzində olan səs-küylü məsələlərdən biri Şotlandiya vətəndaşı, siqh əsilli bloger və insan hüquqları müdafiəçisi Caqtar Sinq Cohalın Hindistanda qeyri-qanuni həbsdə saxlanılmasıdır. Artıq bununla bağlı BMT-nin 10 müstəqil eksperti Cohalın dərhal azad edilməsi tələbi ilə birgə bəyanat yayıb. 3089 gün (səkkiz ildən çox) həbsdə olan Caqtar Sinq Cohalın məhkəmə işinin hələ də yekunlaşmaması Hindistanın antiterror qanunvericiliyindən siyasi alət kimi istifadə etdiyini göstərir.
2017-ci ilin noyabrında Hindistana öz toyuna gələn Caqtar Sinq Cohal Pəncab polisi tərəfindən mülki geyimli şəxslər vasitəsilə qaçırılaraq həbs edilib. Ona qarşı sağçı hindu liderlərinə qarşı terror aktlarının planlaşdırılmasında iştirak və "Xalistan Azadlıq Qüvvələri" (KLF) adlı qruplaşmanı maliyyələşdirmək kimi ağır ittihamlar irəli sürülüb. Lakin bu ittihamların hüquqi əsasları son dərəcə zəif olub. Cohal ilk 10 gün ərzində vəkili və ailəsi ilə əlaqədən tamamilə məhrum edilib. Bu müddət ərzində o, elektroşok cəzasına məruz qalıb, pis şəraitdə saxlanılıb və ölümlə hədələnib. İttihamların böyük qismi məhz işgəncələr altında alınmış və məhkəmədə hüquqi qüvvəsi olmayan "etiraflara" əsaslanır.
Ötən il martın 4-də Pəncabın Moqa dairə məhkəməsi 7 illik araşdırmadan sonra Cohala qarşı irəli sürülən terror ittihamları üzrə ona bəraət qazandırdı. İttiham tərəfi bu günə qədər hər hansı sübut, dəlil, elektron yazışma, bank köçürməsi və ya videogörüntü təqdim edə bilməyib. Bununla belə, bəraət almasına baxmayaraq, Hindistanın Milli İstintaq Agentliyi (NIA) eyni məzmunlu saxta "etiraflara" əsaslanan əlavə 8 oxşar iş açaraq onu həbsdə saxlamağa davam edir.
Cohalın hədəf seçilməsi təsadüfi deyil. O, siqh icmasının fəal üzvü və beynəlxalq səviyyədə tanınmış blogerdir. Onun əsas fəaliyyəti Hindistan hökumətinin siqh icmasına qarşı həyata keçirdiyi sistemli zorakılıqları (xüsusən 1984-cü il hadisələrinin ardınca yaşananları) işıqlandırmaq, etnik və dini azlıqlara qarşı tətbiq edilən ayrı-seçkilik siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və dövlət səviyyəsində baş verən insan hüquqları pozuntularını sənədləşdirmək olub. Bu baxımdan, Cohalın həbsi Hindistan dövlətinin fikir azadlığına qarşı dözümsüzlük siyasətinin tərkib hissəsidir.
Ümumiyyətlə, Yeni Dehli son illər vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə və azlıqların hüquqlarının müdafiəçilərinə qarşı UAPA (Qanunsuz Fəaliyyətlərin Qarşısının Alınması Aktı) kimi sərt qanunlardan istifadəni intensivləşdirib. Cohalın davası göstərir ki, dövlət beynəlxalq rəyə baxmayaraq, siyasi fəalları susdurmaq üçün məhkəmə sisteminin ləngliyindən qəsdən silah kimi istifadə edir. Hindistan Milli Cinayət Qeydiyyatı Bürosunun (NCRB) statistikası göstərir ki, 2014-2020-ci illər arasında bu qanunla 10.552 nəfər həbs edilsə də, onlardan yalnız 2,2 faizinin günahı məhkəmədə sübuta yetirilib. Bu isə onu göstərir ki, bu ölkədə qanun cinayətkarları cəzalandırmaqdan daha çox, insanları uzun illər məhkəmə hökmü olmadan həbsdə saxlamaq məqsədi daşıyır. Xüsusilə 2019-cu ildə edilən düzəlişdən sonra hökumətə hər hansı bir fəalı və ya jurnalisti məhkəmə qərarı olmadan birbaşa "terrorçu" elan etmək səlahiyyəti verilib. Sözügedən qanun çərçivəsində girov müqabilində azadlığa çıxmaq faktiki olaraq qeyri-mümkünə çevrilib və istintaq orqanlarına şəxsi ittiham irəli sürmədən 180 gün ərzində dəmir barmaqlıqlar arxasında saxlamaq icazəsi verir ki, bu da beynəlxalq hüquq normalarına tamamilə ziddir.
Birləşmiş Millətlər Təşkilatına məxsus İnsan Hüquqları Şurasının İşgəncələrin qarşısının alanması sahəsində ixtisaslaşmış xüsusi məruzəçiləri tərəfindən səsələndirilən bəyanatlar məsələnin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir. Son hesabatlara görə, Cohalın saxlanıldığı Tihar həbsxanasında vəziyyəti daha da ağırlaşıb. Onun ailə üzvləri ilə əlaqəsi məhdudlaşdırılıb, gigiyenik vasitələrə çıxışı məhdudlaşdırılıb və hazırda o, təkadamlıq kamerada saxlanılır. Cohal Böyük Britaniya (Şotlandiya) vətəndaşı olduğu üçün bu məsələ rəsmi Londonu da narahat edir. 2025-ci ilin mayında 100-dən çox britaniyalı deputat ölkənin XİN başçısı Deyvid Lemmiyə müraciət edərək Cohalın bəraət qərarından sonra onun dərhal azad edilməsi üçün təcili diplomatik tədbirlər görməyə çağırıb.
***
Xüsusilə qeyd olunmalıdır ki, neokolonializmə qarşı mübarizə və hüquqları pozulmuş xalqların səsinin beynəlxalq arenada eşidilməsi istiqamətində çıxış edən Bakı Təşəbbüs Qrupunun (BTQ) bu məsələni qabartması Azərbaycanın beynəlxalq insan hüquqları müstəvisində oynadığı fəal rolun təzahürüdür. Bu, həm də ölkəmizin qlobal insan hüquqları arxitekturasında prinsipial mövqeyə malik olduğunu deməyə əsas verir. Azərbaycan həm Qoşulmama Hərəkatına uğurlu sədrlik dövründə, həm də BTQ vasitəsilə ikili standartlardan əziyyət çəkən fəalların, repressiyaya məruz qalan etnik və dini azlıqların universal tribunasını yaradır.
Caqtar Sinq Cohalın işi artıq qlobal insan hüquqları mexanizmlərinin effektivliyinin, bir növ, sınağına çevrilib. Əgər bir dövlət terrorla mübarizə adı altında bəraət almış və cinayəti sübuta yetirilməyən şəxsləri illərlə həbsdə çürüdürsə, bu, həmin ölkədə dövlət maşınının cəzalandırma institutunun fəaliyyətinə sübutdur. Beynəlxalq ictimaiyyətin və xüsusilə Britaniya diplomatiyasının bu məsələdə atacağı sonrakı addımlar isə Hindistanın gələcəkdə siyasi opponentlərlə necə davranacağına birbaşa təsir edəcək.
Züriyyə QARAYEVA,
politoloq
Bu məsələ beynəlxalq hüquq və dövlət suverenliyi arasında klassik ziddiyyətin növbəti nümunəsi kimi çıxış edir. BMT İnsan Hüquqları Şurası ekspertlərinin bəyanatı göstərir ki, məsələ artıq təkcə bir şəxsin hüquqları çərçivəsindən çıxaraq sistemli hüquq pozuntularına çevrilib. Xüsusilə məhkəmə prosesinin illərlə uzanması, vəkillə əlaqənin məhdudlaşdırılması və işgəncə iddiaları beynəlxalq hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Əgər doğrudan da 2025-ci ildə bəraət qərarı verilibsə, buna baxmayaraq saxlanmanın davam etməsi hüquqi legitimliyi ciddi şəkildə sual altına alır və bu, Hindistanın hüquq sisteminə beynəlxalq etimadı zəiflədə bilər.
Digər tərəfdən, Hindistan kimi böyük və mürəkkəb təhlükəsizlik mühiti olan dövlətlər terrorizmə qarşı mübarizə arqumentini ön plana çəkərək belə halları milli təhlükəsizlik çərçivəsində əsaslandırmağa çalışır. Problem ondadır ki, antiterror qanunvericiliyinin geniş və elastik tətbiqi bəzən siyasi və ya etnik həssas qruplara qarşı alətə çevrilə bilər. Bu isə xüsusilə siqh icması kimi azlıqların hüquqlarının qorunması məsələsini daha da həssas edir. Nəticə etibarilə, bu hadisə qlobal səviyyədə bir sualı yenidən gündəmə gətirir: təhlükəsizliklə insan hüquqları arasında balans harada qurulmalıdır və bu balans pozulduqda beynəlxalq mexanizmlər nə dərəcədə təsirli ola bilir?
Tacir SADIQOV
XQ


