Aİ – Gürcüstan: inteqrasiyadan sanksiyaya

post-img

Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər ən mürəkkəb və ziddiyyətli mərhələsinə daxil olub. Bir zamanlar Şərq Tərəfdaşlığı çərçivəsində inteqrasiyanın “uğur hekayəsi” kimi təqdim edilən Tbilisi bu gün Brüssellə açıq siyasi qarşıdurma həddinə yaxınlaşan münasibətlər modeli ilə üz-üzədir. Münasibətlərin bu səviyyədə gərginləşməsi təsadüfi deyil. Burada həm daxili siyasi transformasiyalar, həm də dəyişən geosiyasi reallıqlar mühüm rol oynayır.

Aİ-nin Gürcüstana qarşı sərt mövqe tutmasının əsas səbəbi rəsmi Tbilisinin qəbul etdiyi qanunvericilik dəyişiklikləri ilə bağlıdır. Xüsusilə “xarici təsirin şəffaflığı” və “ailə dəyərlərinin müdafiəsi” ilə bağlı aktlar Brüsseldə ciddi narahatlıq doğurub. Avropa institutları bu addımları vətəndaş cəmiyyətinin zəiflədilməsi və postsovet məkanında artıq presedentləri olan idarəçilik modellərinə yaxınlaşma kimi qiymətləndirir. Bu çərçivədə maliyyə yardımlarının dayandırılması və vizasız rejimə məhdudiyyətlərin tətbiqi sadəcə texniki qərarlar deyil, siyasi siqnallardı. Xüsusilə diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin ləğvi Aİ-nin Gürcüstana münasibətdə yeni mərhələyə keçdiyini göstərir. Bu addımın sıravi vətəndaşlara da şamil olunması ehtimalı isə vəziyyəti daha da pisləşdirəcək. Belə bir ssenari Gürcüstan cəmiyyətində Avropaya inteqrasiyanın real faydaları ilə bağlı suallar doğuracaq, iqtisadi və sosial sahələrdə ciddi çətinliklər yaradacaq. Tələbələr, kiçik biznes nümayəndələri və əmək miqrantları üçün Avropaya çıxış imkanlarının məhdudlaşdırılması ölkənin uzunmüddətli inkişaf trayektoriyasına da təsir göstərəcək. Rəsmi Tbilisi isə baş verənləri fərqli prizmadan şərh edir.

Hakimiyyət nümayəndələri, o cümlədən baş nazir İrakli Kobaxidze və digər siyasi fiqurlar Avropa rəsmilərinin bəyanatlarını daxili işlərə müdaxilə kimi qiymətləndirirlər. Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinskinin çıxışları ətrafında yaranan polemika da bu gərginliyin nəticəsidir. Tbilisi belə açıqlamaları təzyiq aləti kimi təqdim edir və Brüsselin ritorikasının tərəfdaşlıq çərçivəsini aşdığını bildirir. Bu narrativin daha sistemli ifadəsini isə siyasi elita daxilində görmək mümkündür. Hakim komandanın aparıcı nümayəndələrindən biri olan Mamuka Mdinaradze açıq şəkildə bildirir ki, Aİ ilə münasibətlərin taleyi yalnız Gürcüstandan asılı deyil, burada “Avropa bürokratiyasının ədaləti” həlledici amildir. Onun fikrincə, Gürcüstan Avropa dəyərlərinə sadiq qalmaqla yanaşı, öz gələcəyini daha çox “ənənəvi və xristian Avropası” çərçivəsində görür. Bu yanaşma əslində ideoloji fərqlərin dərinləşdiyini göstərir: Brüsselin liberal-demokratik gündəliyi ilə Tbilisinin daha konservativ və suverenlik yönümlü diskursu arasında getdikcə artan məsafə formalaşır.

Mdinaradzenin LGBT və digər sosial məsələlərlə bağlı açıqlamaları da ideoloji ziddiyyətin bir hissəsidir. Onun açıqlaması göstərir ki, Gürcüstan hakimiyyəti Avropa ilə inteqrasiyanı selektiv şəkildə qəbul etməyə çalışır. Yəni iqtisadi və siyasi əməkdaşlıq saxlanılır, lakin sosial-mədəni sahədə milli prioritetlər üstün tutulur. Bu isə Aİ-nin məsələyə yanaşması ilə ziddiyyət təşkil edir. Son açıqlamalar göstərir ki, rəsmi Tbilisi mümkün sanksiyalar qarşısında geri çəkilmək niyyətində deyil. Hakim “Gürcü arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze bildirib ki, Aİ ölkələrinin böyük əksəriyyətinin Gürcüstana qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazır olması barədə səslənən fikirlər hakimiyyəti narahat etmir. Onun sözlərinə görə, ölkə rəhbərliyi Gürcüstanın və onun xalqının maraqlarını qoruyan siyasət yürüdür və bu məsələdə kompromisə getmək niyyətində deyil. Kaladze vurğulayıb ki, “ölkənin gələcəyi və milli maraqları” əsas prioritetdir və mümkün sanksiyaların sayı və ya forması bu kursu dəyişməyəcək. O, həmçinin qeyd edib ki, Aİ Gürcüstandan “xarici agentlər haqqında” qanundan imtina etməyi tələb edir, lakin bu tələbin niyə irəli sürüldiyini əsaslandırmır. Kaladzenin fikrincə, eyni tip qanunların bəzi Avropa ölkələrində müzakirə edildiyi halda, Gürcüstana qarşı fərqli yanaşma tətbiq olunması ikili standartların göstəricisidir: “Ona görə də hamı çox yaxşı başa düşməlidir ki, bizə suveren dövlət kimi barmaq silkələyən ‘ağalar’ yox, dostlar və tərəfdaşlar lazımdır”, – deyə o əlavə edib.

Onu da qeyd edək ki, Aİ-yə üzv 26 ölkə Gürcüstana qarşı tədbirlərin görülməsi ilə bağlı ümumi mövqeyə yaxındır, lakin bu qərarı bloklayan ölkələr də var. Bu fakt Aİ daxilində Gürcüstan məsələsində yekdil mövqenin olmadığını göstərir. Sanksiyaların qəbul edilməsinin qarşısını uzun müddət Viktor Orban alıb, daha sonra Robert Fico bu mövqeyə qoşulub. İtaliya və Almaniya kimi ölkələr Gürcüstana qarşı genişmiqyaslı sanksiyaların Aİ-nin imicinə zərbə vuracağını düşünür. Bu səbəbdən daha çox fərdi sanksiyalar variantı müzakirə olunur ki, bu da dialoq kanallarını zəiflədə bilər.

Regionda paralel proseslər də diqqət çəkir. Ermənistan Aİ ilə vizasız rejim istiqamətində irəlilədiyi halda, Azərbaycan mövcud sadələşdirilmiş viza əməkdaşlığını davam etdirir. Bu isə Cənubi Qafqazda inteqrasiya modellərinin fərqləndiyini və Gürcüstanın əvvəlki lider mövqeyinin sarsıldığını göstərir. Ümumiyyətlə, Aİ–Gürcüstan münasibətləri artıq klassik inteqrasiya çərçivəsindən çıxaraq daha geniş geosiyasi və ideoloji qarşıdurma müstəvisinə keçib. Burada yalnız siyasi qərarlar deyil, həm də dəyərlər, identiklik və suverenlik anlayışları toqquşur. Mövcud dinamika göstərir ki, yaxın perspektivdə münasibətlərin sürətlə normallaşması ehtimalı zəifdir və proseslərin istiqaməti daha çox Brüsseldə və Aİ daxilində formalaşan siyasi konsensusdan asılı olacaq.

P.ƏFƏNDİ
XQ





Siyasət