Azərbaycan – Türkiyə hərbi alyansı qardaşlığın dayağını möhkəmləndirir

post-img

Müdafiə diplomatiyamız regionda strateji mövqeyimizi yüksəldir

Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində baş tutan Heydər Əliyev-2026 birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. Bu manevrləri orduların formalaşmaqda olan hərbi-siyasi birliyinin nümayişi saymaq olar. Regional təhlükəsizlik sistemlərinin mütəmadi sınaqdan çıxarılması kənar təhdidlərin qarşısının alınması üçün əsas amilə çevrilib. Silahlı qüvvələrin nümayiş etdirdiyi uzlaşma Ankara və Bakının xarici siyasət strategiyalarının tam şəkildə üst-üstə düşməsini sübut edir. Manevrlərin coğrafi məkanı olaraq məhz Qarsın seçilməsi 1921-ci il tarixli sazişin 2026-cı il reallıqlarında fiziki, həmçinin strateji baxımdan aktual qaldığını göstərir.

Antalya Diplomatiya Forumu çərçivəsində səsləndirilən bəyanatlar cərəyan edən hərbi fəaliyyətlərin siyasi-nəzəri əsasını tam şəkildə formalaşdırır. Forumda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal səviyyədə mövcud olan güc dəyişikliklərini təhlil edərək olduqca vacib doktrinal ismarışlar verdi. O, çıxışında Türkiyənin artıq milli hərbi texnologiyalar istehsal edən güc mərkəzinə çevrildiyini, müdafiə sənayesinin Türkiyənin xarici siyasətində əsas alətlərdən hesab edildiyini, bu sahədə regional tərəfdaşlarla, xüsusilə Azərbaycanla müştərək layihələrin genişləndirilməsinin prioritet olduğunu vurğulayıb. Söylənilən fikirlər dövlət strategiyasının rəsmi elanıdır. Müasir münaqişələrin xarakteri qabaqcıl texnologiyalara malik olmağı tələb edir. Müdafiə sənayesinin inteqrasiyası vasitəsilə tərəflər xarici asılılıqları sıfıra endirərək suveren qərarların qəbulu üçün manevr məkanını əhəmiyyətli dərəcədə genişləndirirlər.

Müdafiə sənayesi sektorunun xarici siyasət vasitəsinə çevrilməsi dövlətlərin rəqabət mühitində əldə etdiyi ciddi çəkindirmə prosesidir. Silah ixracatçısından texnologiyanı inkişaf etdirən mərkəzə dönmə prosesi siyasi müstəqilliyin yüksək formasıdır. Ankara və Bakı koordinasiyalı addımlar ataraq hərbi infrastrukturun tam assimilyasiyasını həyata keçirir, eyni standartlar əsasında fəaliyyət göstərən ordu birləşmələri yaradırlar. Təlimlərin ardıcıl xarakter daşıması kadrların operativ reaksiyalarını eyni tezliyə gətirir. Qarsda həyata keçirilən ssenarilər şərti düşmənə qarşı müştərək planlaşdırma, strateji kəşfiyyatın paylaşılması, habelə asimmetrik təhdidlərin zərərsizləşdirilməsini ehtiva edir.

Cənubi Qafqaz, Yaxın Şərq, həmçinin Qara dəniz hövzəsində müşahidə edilən xroniki münaqişələr və nizamsızlıq şəraitində sabitlik adasının formalaşdırılması mühüm siyasi tapşırıqdır. Antalya Diplomatiya Forumu gələcəyə hesablanmış proqnozların və xarici siyasət prioritetlərinin elan edildiyi intellektual mərkəz kimi məhz mövcud gərginliklərin idarə olunması metodologiyasını təklif edib. Türkiyənin xarici siyasət doktrinası potensial böhranların idarə edilməsi, lazımi anda qətiyyətli hərbi mövqenin nümayiş olunması ilə sülhün qorunmasını nəzərdə tutur. Azərbaycanın müdafiə strategiyası da məhz müvafiq fəlsəfəyə söykənir: regiondankənar qüvvələrin müdaxilə cəhdlərinin qarşısını almaq məqsədilə mükəmməl təchiz edilmiş, yüksək motivasiyalı, müasir komanda-nəzarət mexanizmləri ilə təmin olunmuş hərbi qüvvələrin formalaşdırılması. Qarsda icra olunan manevrlər həmin doktrinanın tələblərini ödəyir.

Müasir siyasətdə hərbi çəkindirmə potensialının təminatı yalnız texnoloji üstünlük və orduların operativ uyğunluğu vasitəsilə izah edilir. Hərbi təlimlərdə yüksək dağlıq ərazilərdə idarəetmə bacarıqlarının inkişaf etdirilməsi fiziki relyefin yaratdığı çətinliklərin hərbi logistikaya, həmçinin taktiki addımlara təsirini minimuma endirmək məqsədi güdür. Taktiki uğurlar qlobal arenada masaya əyləşən diplomatın ən ciddi vasitəsidir. Azərbaycan ilə Türkiyə arasında müdafiə texnologiyalarının ötürülməsi, müştərək istehsal müəssisələrinin qurulması strateji asılılığı sıfıra endirən fundamental addımlardandır. Müstəqil qərar qəbuletmə mexanizmi məhz silahlanma və texnoloji infrastrukturun yad təsirlərdən izolyasiya edilməsi nəticəsində əldə olunur. Orduların peşəkarlıq səviyyəsinin artırılması mütəmadi qaydada elmi-nəzəri təhlillərlə dəstəklənir.

“Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində icra eilən taktiki tapşırıqlar bilavasitə siyasi rəhbərliklərin qarşıya qoyduğu hədəflərin reallaşmasını ifadə edir. Müasir pilotsuz uçuş aparatlarının, rəqəmsal komanda idarəetmə sistemlərinin, kəşfiyyat monitorinq cihazlarının müştərək fəaliyyət planına daxil edilməsi regionun təhlükəsizlik memarlığını yeniləyir. Tərəflər açıq şəkildə bəyan edirlər ki, kənar təzyiqlər heç zaman qəbul edilməyəcək, habelə milli maraqların müdafiəsi üçün ən sərt addımların atılması ehtimalı tam realdır.

Qlobal miqyasda institusional təşkilatların fəaliyyətsizliyi, BMT və oxşar qurumların təhlükəsizlik zəmanəti verə bilməməsi fonunda regional hərbi-siyasi ittifaqlar yeganə effektiv təminat sisteminə çevrilib. Rəsmi Ankara və Bakının nümayiş etdirdiyi model beynəlxalq hüququn təməl prinsiplərini fiziki güclə qorumaq məcburiyyətini sübut edir. Müttəfiqlik əlaqələrinin mütəmadi olaraq səhra təlimlərində yoxlanılması orduların intellektual potensialını artırır. Antalya Diplomatiya Forumunda qaldırılan problemlər sırasına diqqət yetirdikdə aydın olur ki, gələcəyin qeyri-müəyyənlikləri içərisində milli dövlətlərin ən böyük sığortası onların müdafiə qüdrətidir. Xarici siyasətdəki effektivlik bilavasitə ordunun modernizasiyasına bağlıdır. Hərbi təlimlər iki müttəfiq dövlətin asimmetrik müharibə qaydalarına tam şəkildə adaptasiya olunduğunu nümayiş etdirir.

2030-cu ilə qədər hədəflənən strateji konsepsiyalarda müdafiə sənayesi ilə siyasi iradənin tandem halında inkişafı əsas xətt kimi müəyyən edilib. Texnoloji sıçrayışın hərbi müstəvidə tətbiqi eyni vaxtda diplomatik manevrlərin miqyasını da tənzimləyir. Təlimlərin mürəkkəb coğrafi şəraitdə keçirilməsi silahlı qüvvələrin müxtəlif döyüş ssenarilərində reaksiyalarını təkmilləşdirir. Gələcək illərdə qlobal və regional xarakterli təlatümlərin daha da kəskinləşməsi ehtimal olunur. Belə qəliz şəraitdə dayanıqlılığın təmin edilməsi yalnız operativ idarəetmə mexanizmlərinə malik hərbi güc vasitəsilə mümkündür. Fəaliyyətlərin koordinasiyası göstərir ki, siyasi rəhbərliklər zaman və məkan daxilində tam anlaşıyış içərisindədir.

"Yüksək Səviyyəli Müşahidəçi Günü" çərçivəsində icra edilən taktiki addımlar siyasi doktrinaların səhifələrindəki müddəaların reallığa transformasiyasıdır. Türkiyə dövlət başçısının qlobal tribunalarda rəsmən elan etdiyi vizyon poliqonlardakı nizam-intizam, dəqiqlik, həmçinin qarşılıqlı etimad əsasında gücə çevrilir. “Müstəqil xarici siyasət, müstəqil müdafiə sənayesi, mükəmməl ordu” konsepti formalaşmaqda olan dövrün qüsursuz strateji yanaşmasıdır. Bu yanaşma hər iki dövləti xarici asılılıqdan tamamilə xilas edib. Qarsda reallaşan hərbi manevrlər həm də beynəlxalq güclərə regional vəziyyətlə bağlı dəyişməz reallıqları xatırladan siyasi xəbərdarlıq strukturudur.

Yusif ŞƏRİFZADƏ
XQ



Siyasət