Böyük Britaniyanın ölkəmizdə mis, qızıl və gümüş hasilatı ilə məşğul olan “Anglo Asian Mining plc” şirkəti “Gədəbəy” və “Dəmirli” yataqlarında emal güclərinin əhəmiyyətli dərəcədə yenilənməsi barədə məlumat yayıb.
Qeyd olunub ki, “Gədəbəy” yatağında flotasiya fabrikinin modernləşdirilməsinin aprel ayının sonunadək başa çatdırılması planlaşdırılır. Ərazidə daha zəngin filizlərdən faydalı komponentlərin sürətlə çıxarılması üçün nəzərdə tutulmuş 9 ədəd yeni, yüksək səmərəli “Imhoflot” pnevmatik flotasiya şəbəkəsi quraşdırılıb. Avadanlıq “Gilar” yatağından çıxarılan yüksək tərkibli filizin emalı üçün nəzərdə tutulub. Ənənəvi flotasiya üsulları ilə müqayisədə onun qızıl və misin çıxarılma səviyyəsini artıracağı gözlənilir. Modernləşdirmənin ümumi dəyəri təxminən 1,8 milyon dollar təşkil edib.
Bundan əlavə, “Gədəbəy”də emal gücləri genişləndirilib: enerjiyə qənaət edən “Pulp Lifter” sistemi quraşdırılıb və lisenziyalı texniki xidmət üzrə yeni proqram tətbiq olunub. Yaxın vaxtlarda isə tullantı anbarının modernləşdirilməsi, o cümlədən optik lif texnologiyaları əsasında bəndin monitorinq sisteminin quraşdırılması planlaşdırılır.
Cari ilin birinci rübündə “Dəmirli” yatağında yeni reduktorun quraşdırılmasından sonra şar və SAG tipli üyütmə dəyirmanları istismara verilib və artıq sabit fəaliyyət göstərir. Şirkət, eyni zamanda, “Xarxar” və “Qaradağ” yataqları üzrə texniki-iqtisadi əsaslandırma işlərini davam etdirib. Hazırda “Qaradağ”da müstəqil ekspertlərin iştirakı ilə pilot işlər aparılır, “Xarxar” üçün isə filizlərin sınaqdan keçirilməsi planlaşdırılır.
Britaniya şirkətinin vitse-prezidenti Stiven Uestxed bu barədə deyib: “Biz “Gədəbəy” və “Dəmirli” yataqlarındakı obyektlərimizdə emal güclərinə qoyulan əhəmiyyətli investisiyalar barədə məlumat verməkdən məmnunuq. Bu, gələcəkdə gözlənilən istehsal artımından maksimum fayda əldə etmək və şirkətin inkişaf strategiyasını həyata keçirmək baxımından vacibdir”.
XQ

