“Şəhərsalma və Memarlıq İli” çərçivəsində qədim Nüşabə yurdu olan Bərdə rayonunda aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri şəhərin simasını önəmli dərəcədə gözəlləşdirir.
Şəhərin infrastrukturunda yeniliklər müşahidə olunur; küçələrə yeni asfalt örtüyü çəkilir, səkilərə minlərlə kvadratmetr müasir tamet döşənir və köhnə bordürlər yeniləri ilə əvəz edilir. Məsələn, Səhrab Zöhrabbəyov küçəsindən başlayaraq H.Aslanov, Elməddin Yusifov, Vaqif və Koroğlu küçələrinə qədər uzanan geniş bir ərazidə həm piyada rahatlığı, həm də vizual gözəllik təmin olunub.
Şəhidlərimizin adını ucaldan Elməddin Lətifov, Devran Naibov və Oruc Cəfərov küçələrində, həmçinin Atatürk və Füzuli küçələrində salınan 24 min kvadratmetrə yaxın yeni asfalt örtüyü hərəkətin rahatlığını və təhlükəsizliyini tam bərpa edib.
Abadlıq marafonu həm də binaların və həyətlərin yenilənməsi ilə davam edir. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənmiş, bloklara yeni plastik pəncərələr quraşdırılmışdır. Xüsusilə Üzeyir Hacıbəyov-4 ünvanındakı doqquzmərtəbəli binanın müasir liftlə təmin olunması və binaların dam örtüklərinin əsaslı təmiri sakinlərin məişət qayğılarını aradan qaldırıb. “Abad həyət” layihəsi çərçivəsində qeyri-qanuni tikintilərdən təmizlənən həyətlərdə uşaqlar üçün oyun sahələri, böyüklər üçün isə rahat söhbətgahlar və yeni işıqlandırma sistemləri qurulub.
Şəhərin mənəvi rəmzi olan Şəhidlər xiyabanı və Ulu öndərin adını daşıyan istirahət parkı da bu yeniliklərdən payını alıb; fəvvarələr, oturacaqlar və gecə işıqları yenilənərək sakinlərin ixtiyarına verilib. Şəhid Fərman Rzayevin həyat yoldaşı Rahilə Rzayeva qeyd edir ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında Bərdədə aparılan bu işlər şəhəri cəlbedici bir məkana çevirib. Bu quruculuq salnaməsi Bərdənin qədimliyini müasir memarlıqla birləşdirərək gələcəyə doğru inamla irəlilədiyini nümayiş etdirir.
Vəli VƏLİYEV
XQ


