“Potensial imkanları quruculuq enerjisinə müdrik və təcrübəli lider çevirə bilir”

post-img

Bu gün ölkə gündəminin ən aktual mövzuları Qərbi Azərbaycana Qayıdış konsepsiyası, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, regional sülh prosesi, eləcə də Ermənistan–Azərbaycan–Türkiyə münasibətlərinin normallaşması kimi prioritet məsələlərdir. Həm bunlar, həm də postmünaqişə dövrünün gətirdiyi hibrid təhdidlər və müasir qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı suallarımızı Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor, Əməkdar jurnalist Hikmət Babaoğlu cavablandırır.

– Hikmət müəllim, həm peşəkar tarixçi, həm də əslən Qərbi Azərbaycandan olan ziyalı kimi doğma yurda qayıdış məsələsinin tarixi ədalət və beynəlxalq hüquq müstəvisində həllini necə görürsünüz?

– Olduqca aktual və maraqlı sualınıza Azərbaycan Prezidentinin məşhur fikri ilə cavab vermək istəyirəm. “Bizim ədalətli və qəti Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Onu qazanmaq üçün isə gündəlik çalışmaq və Qələbəni hər gün yaxınlaşdırmaq tələb olunur. Xüsusən əgər son qərar səndən asılıdırsa, həyatını ona həsr etməlisən”. Məncə, bu siyasi düstur Qərbi Azərbaycana qayıtmağımızın da strateji açarıdır və tarixi ədalət kontekstində ən optimal formulasıdır. Hazırda həm Qərbi Azərbaycan İcması, həm də bütövlükdə Azərbaycan cəmiyyətinin ictimai-fəal təbəqəsi bu istiqamətdə öz enerjisini səfərbər etməyi bacarıb. Çünki tarixi torpaqlarımıza qayıtmaq ümummilli məqsəd kimi müəyyənləşdirilib. Ona görə də Qarabağımıza qayıtdığımız kimi inanıram ki, bir gün Qərbi Azərbaycanımıza da qayıdacağıq. Məsələnin beynəlxalq hüquq tərəfinə gəldikdə isə, qeyd etməliyəm ki, həm ədalət və tarixi gerçəklik, həm də beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycan Prezidenti 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə qayıdış konsepsiyasının bütün istiqamətlər üzrə əsas prinsiplərini konseptual şəkildə ifadə etdi. Prinsiplərdə sülh yolu vasitəsilə beynəlxalq hüquqa uyğun, ləyaqətli və təhlükəsizlik təminatı ilə, Ermənistanın tamhüquqlu vətəndaşı olaraq doğma yurda qayıtmaq daxildir. Bu prinsiplər Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsində öz əksini tapıb.

Bir faktı nəzərə almaq lazımdır ki, Ermənistanın müstəqilliyi haqqında Bəyannaməyə görə, bu ölkə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini rəhbər tutur. Belə olan halda, həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq hüquqa əsasən rəsmi İrəvan Bəyannamə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə borcludur. Analoji norma bir qədər geniş formada Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində də öz əksini tapıb. Həmin maddəyə əsasən, heç kəs öz ölkəsinə qayıtmaq hüququndan məhrum edilə bilməz. Bu sənəddə də “öz ölkəsi” ifadəsi milli mənsubiyyətə əsaslanmır, dövlətlə siyasi-hüquqi bağlılıq və həmin ölkənin ərazisində uzunmüddətli yaşayış amillərini nəzərdə tutur. Adıçəkilən Pakt hüquqi statusuna görə beynəlxalq müqavilədir və tərəflərin üzərinə məcburi öhdəliklər qoyur. Ermənistanın da Paktın iştirakçısı olduğunu nəzərə alsaq, sənədin 12-ci maddəsinin tələblərinə görə azərbaycanlıların ləyaqətli və təhlükəsiz qayıdış hüququ təmin edilməlidir.

– Hazırda işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış sürətlə davam edir. Bu prosesi şərtləndirən amillər Azərbaycanın qlobal logistika və geoiqtisadi mərkəzə çevrilməsi strategiyası ilə hansı ortaq nöqtələrdə kəsişir?

– Böyük Qayıdış xalqımızın 30 ildən çox gözlədiyi, həsrətini çəkdiyi ümummilli arzusu idi və Azərbaycanın yeni inkişaf modelini formalaşdırır. Böyük Qayıdışın birinci komponenti, təbii ki, vətəndaşlarımızın tarixi yurdlarına qayıtmasıdır. Lakin nəzərə alsaq ki, proses ölkə ərazisinin, təxminən, 20 faizini əhatə edir, burada tamamilə yeni iqtisadi münasibətlər sistemi yaranır. Bu isə Böyük Qayıdışı Azərbaycan iqtisadiyyatına qazandırılan yeni inkişaf modeli kimi dəyərləndirməyə əsas verir.

Həyata keçirilən işlər həmin modelin real nəticələrini açıq şəkildə göstərir. Logistika infrastrukturunun yaradılması, yolların çəkilməsi, enerji və kommunikasiyaların bərpası, eləcə də bu proseslərin əsasən yerli resurslar hesabına davamlı şəkildə təmin olunması yeni inkişaf yanaşmasının əsas göstəricilərindəndir. Harada Böyük Qayıdış prosesi həyata keçirilirsə, həmin ərazinin iqtisadi, coğrafi və əmək resursları potensialına uyğun fərdi inkişaf modeli formalaşdırılır.

Prosesin mühüm elementlərindən biri də yeni iş yerlərinin yaradılması və yerli istehsal müəssisələrinin fəaliyyətə başlamasıdır. Həmin müəssisələr ilk baxışdan lokal xarakter daşısa da, nəticə etibarilə Azərbaycanın ümumi iqtisadi sisteminin tərkib hissəsinə çevrilir. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən işlər Azərbaycanın gələcək beynəlxalq logistika və kommunikasiya işlərinin görülməsini də təmin edir. Dolayısı ilə hazırda Qarabağ və Şərqi Zəngəzurda dünyanın yeni “Quru Süveyş kanalı” adlandırılan Zəngəzur dəhlizi (TRIPP) marşrutunun əsasları qoyulur. Bu isə Çin–Sakit okean hövzəsindən tutmuş, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr də daxil olmaqla Avropaya uzanan ən yeni yükdaşıma marşrutu qismində çıxış edir. Bu tip strateji layihələr yüz ildə bir dəfə mümkün olan tarixi fürsətlərdir. Azərbaycan isə bu tarixi imkanı özü yaradıb və yeni reallıqları strateji üstünlüyə çevirir.

– Milli Məclisin İnsan hüquqları, İntizam komissiyası və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvüsünüz. Postmünaqişə dövrünün yeni reallıqları və hibrid təhdidlərin artdığı bir vaxtda, ölkəmizin müdafiə qabiliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi və insan hüquqlarının qorunması istiqamətində hansı addımların atılmasını zəruri sayırsınız?

– Bu gün də dünyada və regionumuzda ağır müharibələr baş verir. Münaqişə ocaqları bəzən illərlə, bəzi təcrübələrdə isə aylarla davam edir. Nəticədə, mülki infrastruktur dağılır, vətəndaşların iqtisadi vəziyyəti çətinləşir, ölkələrin milli valyutaları devalvasiyaya uğrayır. Lakin müharibənin bitməsi üçün real şərtlər formalaşmır. Bütün bunların baş verdiyi bir şəraitdə Azərbaycanın apardığı 44 günlük müharibə XXI əsr münaqişələri tarixində tam qələbə ilə yekunlaşan nadir nümunələrdən biridir. Çünki uzun, qısa və ya ortamüddətli müharibələr əksər hallarda gərginliyin səbəblərini aradan qaldıra bilmədiyi üçün yekun hərbi nəticəni də təmin edə bilmir.

Azərbaycan isə 44 gün ərzində 30 illik işğalçı Ermənistan üzərində tam və qəti qələbə qazandı. 100 il bundan əvvəl Ermənistan və Azərbaycan arasında daimi münaqişələrin baş verməsi üçün yaradılmış separatçı qurum aradan qaldırıldı. Prosesdə Azərbaycanın vətəndaşları nə sosial rifah, nə iqtisadi, nə də alıcılıq qabiliyyəti baxımından ciddi zərər görmədi. Əksinə, əldə edilən qəti qələbədən sonra ölkə dərhal yeni tarixi inkişaf mərhələsinə keçdi. Bu, heç şübhəsiz ki, Azərbaycan dövlətinin gücü və qüdrəti, eləcə də Prezident İlham Əliyevin uzaqgörən və strateji siyasəti ilə əlaqələndirilməlidir.

Müharibənin üstündən beş ildən çox vaxt keçməsinə baxmayaraq, biz hələ də islamafob və bəzi imperialist mərkəzlərin hibrid müharibə texnologiyaları ilə üzləşirik. Elə bu günlərdə Belçika və Niderland parlamentlərinin əleyhimizə qəbul etdiyi qərarlar ermənipərəst revanşistlərin informasiya müharibəsinin bir komponenti kimi qiymətləndirilə bilər. Ancaq hibrid müharibələrin başqa bir tərkib hissəsi isə sosial şəbəkələrdə aparılan subliminal və manipuliyasiya müharibələridir. Məsələ belə olduqda real ictimai münasibətlərimizin inikası olan virtual-ictimai əlaqələrin də hüquqla tənzimlənməsi üçün yeni qanunvericilik bazası yaratmaq məsələsi aktuallaşır. Hazırda biz Milli Məclisdə köhnə qanunlara əlavə və dəyişikliklər etməklə bərabər, həm də tamamilə yeni qanun layihələri qəbul edərək müasir qanunvericilik bazası formalaşdırırıq. Mənə elə gəlir ki, hələ biz yolun başlanğıcındayıq və bu proses çox uzun sürəcək.

– Azərbaycan–Ermənistan sülh prosesi son və həlledici mərhələyə qədəm qoyub. Sizcə, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra siyasi rəhbərlikdən sülhə yönəlik hansı real addımları gözləmək olar?

– Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin imzalanması üçün rəsmi Bakının yeganə tələbi Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasıdır. Tələb yerinə yetirilməyənədək sənədə son imzaların atılması olduqca çətin görünür. İki ölkə arasında razılaşdırılmış sülh layihəsinin 8 avqust 2025-ci il tarixində paraflanması mühüm siyasi hadisə idi. Lakin bu, hələ sülhün tam təmin olunduğu anlamına gəlmir. İnstitusional sülh həm hüquqi, həm də ictimai müstəvidə formalaşan bir prosesdir. Bu baxımdan, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, mümkün referendumun keçirilməsi və yekun sənədin imzalanması vacib şərtlərdir. Yalnız bundan sonra Bakı və İrəvan arasında rəsmi diplomatik münasibətlərin qurulması məsələsi gündəmə gələ bilər.

Prosesin hüquqi mahiyyəti ondan ibarətdir ki, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Ermənistan tərəfi nə qədər tez bu istiqamətdə zəruri siyasi və hüquqi addımları atarsa, sülhün institusional şəkildə bərqərar olması da bir o qədər sürətlənə bilər. Ona görə də 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri və onun nəticələri həm də “sülh, yoxsa müharibə?” sualına cavab verməli olacaq. Hazırda Ermənistanda siyasi qüvvələrin mövcud balansı seçkilərdə sülhü dəstəkləyənlərin qalib gələcəyi ilə bağlı ehtiyatlı ümidlər yaradır. Düşünürəm ki, kənardan radikal müdaxilələr olmasa, biz seçkidən sonra sülhə bir qədər də yaxınlaşmış olacağıq

– Türkiyə–Ermənistan normallaşma prosesi Azərbaycanla koordinasiyalı şəkildə aparılır. Nikol Paşinyan Ermənistan–Türkiyə sərhədinin açılmasından və Azərbaycanla sülh sazişinin imzalanması perspektivindən danışarkən məsələnin yalnız qarşılıqlı təmasların həyata keçirilməsi müddətindən asılı olduğunu vurğulayıb. Sizin fikrinizcə, bu təmas müddəti nə vaxt başa çatacaq?

– Türkiyə və Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası Azərbaycanla sinxron, koordinasiya edilmiş şəkildə həyata keçirilir. Sərhədin qismən açılması sülh ritorikasını gücləndirmək məqsədi daşıyır və sülhə doğru atılan mərhələ kimi qiymətləndirilməlidir. Ermənistan–Türkiyə sərhədinin açılması məsələsi Azərbaycanın regional sülh və nəqliyyat kommunikasiyalarının bərpası məntiqinə uyğun şəkildə tənzimlənir.

Ermənistan tərəfi sərhədin açılmasına siyasi və texniki cəhətdən hazır olduğunu, infrastrukturun qurulduğunu bildirib. Türkiyənin Əlican sərhəd-keçid məntəqəsində də hazırlıq işləri aparılır. Sərhədin ilkin mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qismən açılması planları müzakirə olunur. Türkiyə tərəfi də Orta Dəhlizin təşviqi və Hörmüz boğazına alternativ ticarət marşrutu yaratmaq məqsədilə sərhədi açmağı məqbul hesab edir. Əslində bu, ölkəmizin də maraqlarına uyğundur. Ancaq bunun üçün yekun sülh sənədinin imzalanması vacibdir. Ümid edirik ki, belə də olacaq.

– Bu gün Azərbaycanın qlobal miqyasda oynadığı rol təkcə dövlətimizin geosiyasi və iqtisadi resursları ilə məhdudlaşmır. Bu məsələdə Prezident İlham Əliyevin şəxsi nüfuzu və praqmatik diplomatiyası xüsusi rol oynayır...

– Prezident İlham Əliyev tarixi zəfərimizin hərbi-siyasi və strateji memarıdır. Tarixdə hər bir qələbənin öz müəllifi olur. Bizim qələbəmizin müəllifi isə yaratdığı güclü ordusu ilə müzəffər Ali Baş Komandanımızdır! Güc nəzəriyyəsinə görə hər bir xalqın fiziki və mənəvi olmaqla milli gücü iki komponentdən ibarətdir. Ancaq bu gücü səfərbər edib milli maraqlara istiqamətləndirən böyük lider olmasa, həmin güc, sadəcə, potensial hesab edilir.

Potensial gücü gerçək gücə yalnız liderlər çevirə bilirlər. Biz istər 2003-cü ildən 2020-ci ilədək davam edən hücum diplomatiyası və alt qatlarda sirli qalan strateji sükut dövründə, istər hərbi sənayemizin təşkili ilə birlikdə ordumuzun şəxsi heyətinin peşəkarlardan komplektləşdirilməsi mərhələsində, istərsə də 44 günlük müharibə dövründə və ondan sonra davam edən postmüharibə və Böyük Qayıdış mərhələsində, bir sözlə, hər addımda Prezident İlham Əliyevin imzasını görürük. Ölkə başçısı həm siyasi-diplomatik, eləcə də qlobal “infoimperializmə” qarşı informasiya cəbhəsində qələbəmizin müəllifidir.

Azərbaycan xalqı öz düşmənlərinin nə qədər çox, nə qədər güclü olduğunu bəlkə də 30 illik işğal dövründə yox, 44 günlük müharibə və ondan ötən 5 ildə gördü. Bu həqiqətlərin fərqində olarkən biz qələbəmizin necə böyük və şanlı olduğunu bir daha yenidən dərk edirik. Başa düşürük ki, biz nəyə görə və kimlər tərəfindən birinci Qarabağ savaşında uduzdurulduq və İkinci Qarabağ savaşında qələbə əldə etmək nə qədər çətin bir milli vəzifə imiş. Əldə etdiyimiz zəfərin tarixiliyi və böyüklüyü də elə bu kontrastda ortaya çıxır. 2023-cü il sentyabrın 20-də 23 saatlıq antiterror tədbirlərində 100 il əvvəl – 1923-cü ildə yaradılan “muxtar vilayət” adlı terror və seperatçılıq yuvasını birdəfəlik dağıtdıq! Ona görə də bizim tarixi zəfərimizin hərbi strateji düsturu “44+1” formulasıdır. Qalibiyyət həmişə qibtə və həsəd yaradır. Ancaq ölkəsinin və dövlətinin imkanlarından daha böyük miqyasda tarixi qələbə əldə edən siyasətçiyə qeyri-adi lider deyirlər, onu qəhrəmanlaşdırırlar! Biz çox şanslıyıq ki, xalqımız İlham Əliyev kimi lider yetişdirib .

– Hikmət müəllim, 60 illik yubileyiniz ərəfəsində – Azərbaycan Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olundunuz. Təbrik edirik. Həm tarixçi-alim, həm millət vəkili, həm də təcrübəli media işçisi kimi geriyə boylananda keçdiyiniz bu xidməti mərhələlərdən hansı sizin üçün daha üstün və doğmadır?

– Məni “Şöhrət” ordeni ilə təltif etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, insanın ən üstün keyfiyyətləri əqli, vicdani və idraki xüsusiyyətləridir. Məhz bu keyfiyyətlər vasitəsilə insan özünü, dünyanı və ətraf mühiti dərk edir, obyektiv gerçəkliyi mənimsəyir. Düşünün ki, bir millət vəkilinin kiçik əməyini dövlət başçısı olduqca yüksək qiymətləndirir. Məncə, bu, ayrıcalıqdır və belə hissi yaşamağı bütün haqq edənlərə arzulayıram!

Tarix ədalətlidir, onu yaradanları əsla unutmur. Prezident İlham Əliyev böyük tarix yazdı və Azərbaycan tarixinin qızıl səhifələrində İlham Əliyevin adı böyük hərflərlə yazılacaq. Mənəvi-emosional kontekstdə isə Azərbaycan xalqı öz Prezidentini ürəyinə və milli yaddaşına əbədi olaraq həkk edib. Cənab Prezidentin bir əlində qılınc, yəni “dəmir yumruq”, digərində isə şəfqət, mərhəmət və qələmdir. Böyük filosof Nəsirəddin Tusinin də “Əxlaqi-Nasiri” əsərində yazdığı kimi, qılınc və qələm birlikdə dövlət deməkdir. Dəmir yumruq xalqımızı və dövlətimizi düşmənlərdən qoruyur, şəfqət və mərhəmət əli isə ona rifah, təhlükəsizlik və firavanlıq bəxş edir.

Mən xoşbəxt insanam ki, məhz Prezidentin imzaladığı sərəncamla “Şöhrət” ordeninə layiq görülmüşəm. Mən həm Əməkdar jurnalist, elmlər doktoru, professor, həm də millət vəkiliyəm. Bunların hamısı isə zehni əmək fəaliyyətini özündə əks etdirir. Yəni nəticə etibarilə mənim kiçik xidmətlərimin hamısı intellektual əməklə bağlıdır. Ona görə də hər biri mənə doğmadır. Ancaq dövlət mükafatı, eyni zamanda, həm də məsuliyyətdir. Buna qədər olduğu kimi, bundan sonrakı fəaliyyətimdə, şübhəsiz ki, bu böyük etimadı doğrultmağa, təltif edildiyim mükafata layiq olmağa çalışacağam.

Müsahibəni qələmə aldı:
Tacir SADIQOV
XQ





Müsahibə