50 yaşlı Hacıqabul Quşçuluq Şirkəti

post-img

Bu il Hacıqabul Quşçuluq Şirkətinin yaradılmasının 50 ili tamam olur. Müəssisə 1976-cı ildə Adışirin Babaşovun rəhbərliyi ilə Hacıqabul rayonunun Ağacanlı kəndində qurulub. İlk illərdə məhdud imkanlarla fəaliyyət göstərməsinə baxmayaraq, düzgün idarəetmə, zəhmətkeş kollektiv və strateji yanaşma nəticəsində qısa müddətdə inkişaf edib. Müstəqillik dövründə təsərrüfat şirkətə çevrilərək təkcə regionda deyil, bütövlükdə, ölkədə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində qabaqcıl istehsalçılardan birinə çevrilib.

Hacıqabul Quşçuluq Şirkətinin təsisçisi və direktoru Nemət Babaşov bildirdi ki, müəssisənin inkişafında xüsusi mərhələ ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Məhz həmin illərdə ölkədə kənd təsərrüfatına göstərilən dövlət qayğısı, sahibkarlığın dəstəklənməsi və iqtisadi sabitliyin təmin olunması nəticəsində kollektiv öz istehsal gücünü əhəmiyyətli dərəcədə artırıb, texnoloji yeniliklər tətbiq edib və öz fəaliyyətini müasir standartlara uyğun qurmağa nail olub.

Hazırda ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayan müəssisə Hacıqabulda və ətraf rayonlarda məşğulluğun təminatına mühüm töhfələr verir, yüzlərlə insanı daimi iş yeri ilə təmin edir. Ümumilikdə isə, şirkət təkcə istehsal sahəsində deyil, həm də sosial məsuliyyət layihələrində də fəal iştirak edir, ümumi inkişafa töhfə verir.

Azərbaycanda yumurta istehsalı sahəsində ilk beynəlxalq sertifikat əldə edən Hacıqabul Quşçuluq Şirkəti keyfiyyət və təhlükəsizlik standartlarına xüsusi önəm verir. Müəssisənin nəzdində fəaliyyət göstərən müasir laboratoriyada beynəlxalq standartlara uyğun analizlər aparılır, məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılır.

Şirkətin direktoru Nemət Babaşov dedi:

– Hazırda müəssiənin istehsal gücü gündəlik 2 milyon ədəd, illik isə 720 milyon ədəd yumurta təşkil edir. Bu göstəricilər onu təkcə ölkənin deyil, bütövlükdə, Qafqazın ən iri istehsal müəssisələrindən birinə çevirir. Müasir texnologiyaların tətbiqi, innovativ yanaşmalar və davamlı inkişaf strategiyası şirkətin gələcəkdə də uğurla fəaliyyət göstərəcəyini təsdiqləyir. Burada qurulan laboratoriyada beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir. Quşun sağlamlığına ELİSA və PZR müayinələri ilə nəzarət olunur. Laboratoriya 7 ay hazırlıq müddəti ərzində AZAK tərəfindən akkreditasiya edilib və ölkədə quşçuluq sənayesində İSO 17025:2020 sertifikatını alaraq ilkə imza atıb.

Şirkət daxili bazarda 6 satış deposu vasitəsilə fəaliyyət göstərir və istehsalat imkanlarını daha da genişləndirir. Tezliklə burada yumurta pasterizə mərkəzi istifadəyə veriləcək. Müəssisə müasir qida sənayesində innovativ yanaşmanı təmsil edir və yüksək texnologiyalarla təchiz olunub. Pasterizə olunmuş yumurtanın saxlama müddəti soyudulmuş şəraitdə 4–6 aya qədər artır.

Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətində ekoloji davamlılıq və “yaşıl enerji” texnologiyalarının tətbiqi istiqamətində də mühüm addımlar atmaqdadır. Şirkət 2024-cü ildən etibarən müəssisənin istehsalat sahəsində bərpaolunan enerji mənbəyi kimi günəş enerjisindən istifadə etməyə başlayıb. Ötən müddətdə müəssisənin istehsalat ərazisində ümumi gücü 2,4 meqavat olan günəş panelləri sistemi quraşdırılıb və istifadəyə verilib.

Son illər ölkənin aqrar sektorunda yeni texnologiyaların tətbiqi, suvarma sistemlərinin yenilənməsi və ixrac potensialının genişləndirilməsi nəticəsində məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan iri fermer təsərrüfatları kənd yerlərində məşğulluğun artmasına və regionların sosial-iqtisadi inkişafına ciddi töhfə verir. Bu siyasət nəticəsində Azərbaycan aqrar sahədə özünü təminetmə səviyyəsini yüksəltməklə yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyətini gücləndirir.

Müəssisədə müasir yumurta çeşidləmə mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə yumurta emalı prosesi tam avtomatlaşdırılmış və beynəlxalq standartlara uyğun şəkildə təşkil olunur. Çeşidləmə prosesi Niderland istehsalı olan son model MOBA FT 500 avadanlığı vasitəsilə həyata keçirilir. İstehsal və təchizat prosesində innovativ texnologiyalara, sanitariya standartlarına və məhsul izlənəbilərliyinə xüsusi önəm verilir. Bütün bunlardan əsas məqsəd həm yerli, həm də xarici bazarlara yüksək keyfiyyətli və etibarlı məhsul təqdim etməkdir.

Hacıqabul Quşçuluq Şirkəti 2025-ci ildən etibarən beynəlxalq bazarlara çıxış imkanı qazanıb. Hazırda müəssisədə istehsal olunan məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilir. N.Babaşov bu barədə bildirdi:

– Müəssisəmiz ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Corciya ştatına yumurta ixracını uğurla həyata keçirib. Artıq məhsullarımız Afrika bazarlarına da yol tapıb. Cari ilin ötən dövründə Qambiya Respublikasına 770 min ədəd yumurta ixrac edilib. Aprelin sonunadək əlavə 820 min ədəd yumurtanın göndərilməsi planlaşdırılır. Hazırda Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Əfqanıstan bazarlarına müntəzəm yumurta ixrac olunur. Təkcə ötən il Birləşmiş Ərəb Əmirliklərinə 26 milyon 543 min yumurta ixrac olunub ki, bu da ölkədə daxili yumurta balansının qorunub saxlanmasına öz müsbət töhfəsini verib. Heç şübhəsiz, bu göstəricilər Azərbaycanın quşçuluq sektorunda beynəlxalq etimada və məhsul keyfiyyətinə verilən dəyərin bariz nümunəsidir…

Şirkət strateji inkişaf planları çərçivəsində həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan məhsulunun keyfiyyətli və etibarlı siması kimi fəaliyyətini davam etdirir. Şirkət istehsal etdiyi məhsulları ISO və beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə, avtomatlaşdırılmış çeşidləmə və qablaşdırma sistemləri, eləcə də soyuduculu nəqliyyat vasitələri ilə satış nöqtələrinə çatdırır.

2025-ci il iyulun 26-da CARCAS– Xəzəryanı Ölkələrin Aqrar Tədqiqatlar Mərkəzində Cənubi Qafqazın lider toyuq yumurtası istehsalçısı olan “Hacıqabul Quşçuluq Şirkəti ilə əməkdaşlıq haqqında” Memorandum imzalanıb.

Yubiley ili ərəfəsində Dövlət Vergi Xidməti Hacıqabul Quşçuluq Şirkətini kənd təsərrüfatı sahəsi üzrə məşğulluğun inkişafına verdiyi əvəzsiz töhfələrə görə xüsusi mükafata layiq görüb. “Təcrübəmiz təminatımızdır” missiyasını həyata keçirən şirkət fəaliyyətini qeyri-neft sektorunun davamlı inkişafı siyasətinə uyğun şəkildə həyata keçirərək keyfiyyətli məhsulu ilə dünya bazarında rəqabətini genişləndirməyə çalışır.

M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri





Sosial həyat