Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 133 xalla 2-ci dəfə Avropa çempionu olub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Türkiyə (121) 2-ci, Gürcüstan (118) isə 3-cü yeri tutub.
Millinin heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
***
Dünən Azərbaycanın iki qadın güləşçisi – Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Qabil YUSİFOĞLU
XQ

