Ermənilər soyqırımına məruz qalmayıb, soyqırımı törədiblər

post-img

1918-ci ilin Mart qırğınları zamanı Azərbaycanda törədilən qətliamların mənzərəsi

(əvvəli qəzetin 23 aprel tarixli sayında)

Şamaxı soyqırımı

Bir həftəlik fasilədən sonra, 1918-ci aprelin 10-da S.Lalayevin və T.Əmirovun başçılıq etdiyi erməni silahlı birləşmələri və qəzanın molokan əhalisindən ibarət silahlı dəstələr Şamaxı şəhərinə ikinci dəfə hücum edib və şəhəri tamamilə viran qoyublar. Müsəlmanlara məxsus bütün evlər, ticarət və mülki obyektlər talan edilib, dağıdılıb və yandırılıb, şəhərdə qalan müsəlman əhali tamamilə məhv edilib. Erməni silahlı birləşmələri S.Lalayevin əmri ilə əksəriyyəti qadın, uşaq və qocalardan ibarət olan şəhər sakinlərini məscidlərə yığıb və diri-diri yandırıblar. Mühasirəyə alınmış məscidlərdən çıxmağa və xilas olmağa çalışanları güllələyiblər. Müsəlman əhalini qorumaq üçün öz evində və “Yuxarıqala” məscidində 400-dək uşaqlı qadına sığınacaq vermiş Axund Cəfərqulu görünməmiş qəddarlıqla qətlə yetirilib, insanlar diri-diri yandırılıb.

FTK-nın hesablamalarına görə, təkcə Şamaxı şəhərində törədilən türk-müsəlman soyqırımları zamanı şəhərin 21 min 127 nəfər müsəlman əhalisindən 10 mini amansızcasına qətlə yetirilib, şəhərdən qaçaraq sağ qalan əhali isə qaçqın halında Azərbaycanın müxtəlif şəhər və qəzalarına dağılıblar. Şamaxı şəhəri tamamilə dağıdılıb və yandırılıb, türk-müsəlman əhaliyə 1 milyard rubl maddi ziyan vurulub. Arxiv sənədlərində qaçqın və köçkünə çevrilən əhali arasında soyuq, aclıq və xəstəlikdən ölənlərin sayının çox olduğu bildirilsə də, yekun rəqəm göstərilmir. Əslində davam etməkdə olan anarxiya və qarışıqlıq dövründə belə bir statistikanın aparılması mümkün olmayıb.

Şamaxı şəhəri ilə paralel olaraq Şamaxı qəzasının 110 müsəlman kəndinə hücum edən ermənilər bu kəndlərdən 106-nı tamamilə yandırıb və dağıdıb, 10 min 440 nəfər türk-müsəlmanı soyqırımına məruz qoyaraq ağır işgəncələrlə öldürüb, meyitlərin üzərində olmazın təhqiramiz hərəkətlər ediblər. Bir çox kəndlərdə çox az sayda insan qaçıb canını qurtara bilib, kənddə qalanlar son nəfərinədək öldürülüb, əhalinin əmlakı tamamilə talan edilib və yandırılıb. Məsələn, Nəvai kəndində 955 nəfər (555 kişi, 260 qadın, 140 uşaq), Qaqyalı kəndində 922 nəfər (360 kişi, 412 qadın, 150 uşaq), Dilman kəndində 585 nəfər (300 kişi, 235 qadın, 50 uşaq), Qubalı Bala-Oğlan kəndində 535 nəfər (250 kişi, 150 qadın, 135 uşaq), Ağsu kəndində 500 nəfər (200 kişi, 300 qadın və uşaq), Kelva kəndində 500 nəfər (250 kişi, 150 qadın, 100 uşaq), Ərəbqədim kəndində 378 nəfər (200 kişi, 100 qadın, 78 uşaq), Bağırlı kəndində 370 nəfər (80 kişi, 150 qadın, 140 uşaq), Tircan kəndində 360 nəfər (300 kişi, 40 qadın, 20 uşaq), Kuşi kəndində 332 nəfər (192 kişi, 115 qadın, 25 uşaq), Əngəxaran kəndində 235 nəfər (176 kişi, 28 qadın, 31 uşaq) öldürülüb və s.

Elə kəndlər də vardır ki, bu kəndlərdə erməni cəlladlarının əlindən canını qurtarmaq üçün meşə və dağlara qaçan insanlar arasında tələfat daha yüksək olub. Məsələn, Keşdiməz kəndində ermənilər tərəfindən 60 nəfər öldürülüb, 95 nəfər (59 kişi, 36 qadın) əsir götürülüb. Amma meşə və dağlara qaçan insanlardan soyuq və aclıqdan ölənlər 400 nəfər olub. Ləngəbiz kəndində 25 nəfər ermənilər tərəfindən öldürüldüyü halda, digər yerlərə qaçanlardan soyuq və aclıqdan ölənlər 505 nəfər olub. Təklə-Hacı Məmməd-Hüseyn kəndində 35 nəfər (28 kişi, 7 qadın) ermənilər tərəfindən öldürülüb, digər yerlərə qaçanlardan soyuq və aclıqdan ölənlərin sayı 400 nəfər olub. Çaylı-Ağa-Kişi-Bəy kəndində ermənilər tərəfindən 31 nəfər (24 kişi, 7 qadın) öldürülüb, digər yerlərə qaçanlar arasında isə soyuq və aclıqdan ölənlərin sayı 250 nəfər olub.

FTK-nın Şamaxı qəzasının erməni hücumuna məruz qalmış hər bir kəndi üzrə tərtib etdiyi yekun aktlara görə, 110 kənd üzrə öldürülən 10 min 440 nəfərin 5 min 23-ü kişi, 2741-i qadın, 1444-ü uşaq, 300-ü qadın və uşaq olaraq göstərilib, 932-sinin isə cinsi göstərilməyib, sadəcə, öldürülən insan sayı kimi verilib. Bunlardan başqa, ermənilərin hücumlarından canlarını qurtarmağa çalışan türk-müsəlmanların müəyyən bir qismi dağlara və meşələrə qaça bilsə də, burada da insan tələfatı yüksək olub. Təkcə dağlara və meşələrə qaçanlardan əksəriyyəti qadın, qoca və uşaq olmaqla 1855 nəfəri həyatını itirib. Bütövlükdə 110 kənd üzrə 12 min 295 nəfər türk-müsəlman öldürülüb, 276 nəfər (168 kişi, 58 qadın, 50 uşaq) ağır yaralanaraq şikəst edilib. 110 kəndin türk-müsəlman əhalisinə vurulmuş maddi ziyanın məbləği 631 milyon 208 min 132 rubl təşkil edir.

Bütövlükdə, Şamaxı qəzasında 22 min 295 nəfər öldürülüb və meyitlər üzərində olmazın təhqiramiz hərəkətlər edilib. Şamaxı qəzasının müsəlman əhalisinə vurulmuş maddi ziyanın məbləği 1 milyard 631milyon 208 min 132 rubl təşkil edir. Bütün bunlar FTK-nın təhqiqat və istintaq materialları ilə tam sübuta yetirilib. Şamaxı qəzasında erməni-bolşevik alyansı tərəfindən həyata keçirilən türk-müsəlman soyqırımı FTK-nın 22 cild istintaq materialı və 63 fotoşəkil əsasında sənədləşdirilib.

Bütün bunlardan məlum olur ki, 1918-ci il soyqırımları zamanı Bakı quberniyasının qəza mərkəzləri olan Bakı, Salyan, Göyçay, Quba, Lənkəran və Şamaxı şəhərləri və eyniadlı qəzalar üzrə 367 kənd tamamilə talan edilib, dağıdılıb və yandırılıb. FTK-nın təhqiqat və istintaq sənədlərinə görə, ümumilikdə Bakı quberniyası üzrə 41 min 24 nəfər türk-müsəlman qətlə yetirilib, 276 nəfər şikəst edilib, əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 3 milyard 322 milyon 829 min 191 rubl maddi ziyan vurulub.

Bu rəqəmlər təkcə FTK-nın təhqiqatları üzrə çıxarılan rəqəmlərdir. Nəzərə alsaq ki, 1918-ci il soyqırımlarının bütün Azərbaycan üzrə, o cümlədən də Bakı quberniyası üzrə nəticələrinin bir xeyli hissəsi adıçəkilən komissiyanın təhqiqatlarından kənarda qalıb, o zaman Azərbaycanın digər bölgələri kimi, Bakı quberniyasında da 1918-ci il soyqırımlarının miqyasının daha böyük olduğu üzə çıxar. 1918-ci il soyqırımları zamanı Bakı quberniyasında soyqırımı qurbanlarının sayı ən azı 5 min nəfərdən çox olub.

1918-ci il də Yelizavetpol (Gəncə) quberniyasının əsas etibarilə Ərəş, Nuxa (Şəki), Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur qəzaları ermənilər tərəfindən dağıdıcı hücumlara məruz qalıb. Bu qəzalarda azərbaycanlı əhaliyə qarşı soyqırımı törədilib. Qəzalar üzrə soyqırımının nəticələri aşağıdakı kimi olub:

Ərəş soyqırımı

FTK-nın sənədlərinə görə, erməni silahlı birləşmələri 1918-ci ilin yanvar-iyun ayları ərzində Gəncə quberniyasının Ərəş qəzasının 69 kəndinə dağıdıcı hücumlar edib. Daşnak silahlı birləşmələri bu hücumlar zamanı qarşılarına çıxan istənilən türk-müsəlmanı qadın, qoca və uşağa belə fərq qoymadan xüsusi amansızlıqla qətlə yetirib, südəmər uşaqları nizələrə taxıb, hamilə qadınların qarınlarını yırtıb çağaları süngüyə keçirib, öldürdükləri insanların üz dərilərini soyub və sözlə ifadə edilməsi mümkün olmayan vəhşiliklər törədiblər. Müsəlmanlara məxsus mülk və evlər, mağaza və məscidlər, ictimai binalar talan edilib, dağıdılıb və yandırılıb.

FTK sənədlərində Ərəş qəzasında erməni hücumuna məruz qalan 69 kənddən 49-nun insan tələfatı və vurulan maddi ziyanlarla bağlı tərtib olunan yekun aktları vardır. 20 kəndin isə yekun aktları çıxarılmayıb, kəndlərin sadəcə adları qeyd olunub və bu kəndlərin tamamilə talan edilməsindən bəhs edilib. FTK-nın sənədlərə görə, Ərəş qəzasının 69 kəndində 500 nəfər (140 kişi, 83 qadın, 79 uşaq, 198 nəfərin isə yaşı və cinsi göstərilməyib) xüsusi amansızlıqla öldürülüb və meyitlər üzərində təhqiramiz hərəkətlər edilib. 15 nəfər ağır bədən xəsarəti alaraq şikəst olub. Ermənilərin əlindən canlarını qurtarmaq üçün meşə və dağlara qaçanlar arasında soyuq, aclıq və xəstəlikdən ölənlərin miqyası böyük olub, lakin onların dəqiq sayı ilə bağlı təhqiqat sənədlərində yekun rəqəm yoxdur.

FTK-nın hesablamalarına görə, 1918-ci ilin yanvar-iyun aylarında ermənilərin törətdiyi soyqırımları zamanı Ərəş qəzasının 49 kəndi üzrə müsəlman əhalisinə vurulan maddi ziyanın məbləği odövrkü qiymətlərlə 27 milyon 786 min 495 rubl təşkil edib. Yekun aktları tərtib olunmayan 20 kənd üzrə təxmini hesablamalara görə vurulmuş ziyanın məbləği 20 milyon rubldan çoxdur. Bu hesabla, ermənilərin törətdiyi soyqırımı və talanlar zamanı Ərəş qəzasının 69 kəndi üzrə türk-müsəlman əhalisinə vurulan maddi ziyanın məbləği 50 milyon rubl civarındadır.

Nuxa soyqırımı

FTK-nın sənədlərində Gəncə quberniyasının Nuxa qəzasının erməni silahlı birləşmələrinin hücumuna, soyqırımı və talanlara məruz qalan 25 kəndinin adı qeyd edilir. Məruzədə ermənilərin müsəlmanları qəddarlıqla qətlə yetirməsi və onların törətdikləri bir çox vəhşiliklər haqqında geniş məlumat verilsə də, hücuma məruz qalan hər bir kənd üzrə öldürülənlər və vurulan maddi ziyanlarla bağlı yekun rəqəm əks olunmayıb.

Eyni zamanda, canlarını qurtarmaq üçün digər yerlərə qaçan əhali arasında ölüm faktları da təhqiqatdan kənarda qalıb. FTK-nın təhqiqat sənədlərində və hesabatlarında Nuxa qəzasında 30 müsəlmanın öldürülməsi ilə bağlı məlumat verilir. Əlbəttə ki, bu, yekun rəqəm deyildir. FTK-nın sənədlərinə istinadən təxmini hesablamalara görə, Nuxa qəzasının 25 kəndi üzrə müsəlman əhalisinə vurulan maddi ziyanın məbləği 50 milyon rubl civarında olub.

Cavanşir soyqırımı

FTK-nın sənədlərində Gəncə quberniyasının Cavanşir qəzasının Kolanı icmasında 14 nəfərin xüsusi amansızlıqla qətlə yetirilməsi, şaqqalanması və meyitlərinin yandırılması ilə bağlı faktlar vardır. Bu insanlar xüsusi amansızlıqla öldürülüb və meyitlər üzərində təhqiramiz hərəkətlər edilib. Kəndlər tamamilə talan edilib və yandırılıb. Təxmini hesablamalara görə, Cavanşir qəzasının Kolanı icmasına daxil olan 12 kənddə 1000 nəfərdən artıq türk-müsəlman öldürülüb və əhalinin əmlakına 60 milyon rubldan artıq maddi ziyan vurulub.

Cəbrayıl soyqırımı

FTK-nın sənədlərindən məlum olur ki, 1918-ci ildə Gəncə quberniyasının Cəbrayıl qəzasının 25-dən çox kəndi erməni silahlı birləşmələrinin hücumlarına məruz qalıb. FTK-nın aktlarında təsbit edilən Cəbrayıl qəzası üzrə erməni silahlı quldur dəstələri tərəfindən öldürülən türk-müsəlmanların sayı 55 nəfərdir. Təbii ki, bu rəqəm Cəbrayıl qəzası üzrə öldürülən insanların sayı ilə bağlı yekun rəqəm deyildir. Çünki FTK-nın üzvləri Cəbrayıl qəzasında lazımi səviyyədə təhqiqat və ermənilərin hücumlarından əziyyət çəkən insanların dindirilməsini həyata keçirə bilməyib. Məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrinə səpələnən Cəbrayıl qəzasının müsəlman əhalisi FTK-nın təhqiqatından kənarda qalıb. FTK-ya təqdim edilən ərizələrə və komissiyanın yekun aktlarına görə, erməni silahlı birləşmələrinin hücumları və talanları nəticəsində Cəbrayıl qəzasının müsəlman əhalisinə vurulan maddi ziyanın məbləği 100 milyon rubldan çoxdur.

Şuşa soyqırımı

1918-ci ildə erməni hücumlarına məruz qalan bölgələrdən biri də Gəncə quberniyasının Şuşa qəzası olub. FTK-nın təhqiqat materiallarında və yekun aktlarında göstərilir ki, erməni silahlı birləşmələrinin hücumları və törətdikləri vəhşiliklər nəticəsində Şuşa qəzasında 30-a yaxın kənd tamamilə dağıdılıb, yandırılıb və talan edilib. Şuşa qəzası üzrə öldürülənlərin sayı 100 nəfərdən çoxdur. Öldürülənlərin meyitləri üzərində ağlagəlməz vəhşiliklər edilib. İnsanlar süngülərlə dəlik-deşik edilib, başları kəsilib, kiçik yaşlı uşaqlar süngülərə taxılaraq vəhşicəsinə öldürülüb, insanlar tikə-tikə doğranıb, yandırılıb və meyitlər sözlə ifadə edilməsi mümkün olmayan təhqirlərə məruz qalıb. FTK-nın ümumiləşdirdiyi yekun hesabata görə, erməni silahlı birləşmələrinin törətdiyi soyqırımı və talanlar nəticəsində Şuşa qəzasına vurulan maddi ziyanın məbləği 100 milyon rubldan çox olub.

Zəngəzur soyqırımı

1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Gəncə quberniyasının Zəngəzur qəzası olub. FTK-nın təhqiqat materiallarına görə, 1918-ci ilin avqust ayına qədər Zəngəzur qəzasının 115 kəndi ermənilər tərəfindən darmadağın edilərək, məhv edilib. Bütün kəndlər yandırılıb, əhalinin əmlakı talan edilib. FTK-nın məruzəsində qeyd edilir ki, ermənilər tərəfindən Zəngəzur qəzasının 115 kəndi üzrə 7729 nəfər, o cümlədən 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülərək qətlə yetirilib, 2339 nəfər, o cümlədən 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb, yekun olaraq qəzada hər iki cinsdən 10 min 68 insan öldürülüb və ya şikəst edilib.

Canını qorumaq üçün Zəngəzur qəzasından Azərbaycanın başqa ərazilərinə qaçan əhalinin sayı 50 min nəfəri keçib. Zəngəzur qəzasında Azərbaycana vurulan ziyanın məbləği 1 milyard rubldan çox olub. Məruzədə o da qeyd edilir ki, erməni vəhşiliklərinin bu dəhşətli martiroloqu – şəhidlərin siyahı kitabı, çətin ki, reallığa yaxın olsun, həqiqətdə bu rəqəmlər göstərildiyindən xeyli artıq olmalıdır, çünki qəzanı bürüyən vəhşi bir xaosun, qarışıqlığın içində, sayı bilinməyən və nəzarət edilməsi qeyri-mümkün olmayan qətllərin içində bir çox hadisələr: kütləvi qətllər, müsəlmanların kütləvi və panik qaçışı üzündən araşdırılmamış qalıb.

Bütün bunlardan məlum olur ki, 1918-ci il soyqırımları zamanı Gəncə quberniyasının Ərəş, Nuxa (Şəki), Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur qəzaları üzrə qəza mərkəzləri ilə yanaşı, ümumilikdə 276 kənd tamamilə talan edilib, dağıdılıb və yandırılıb. FTK-nın təhqiqat və istintaq sənədlərinə görə, ümumilikdə, Gəncə quberniyası üzrə 9 min 414 nəfər türk-müsəlman amansızlıqla qətlə yetirilib, 2 min 354 nəfər ağır bədən xəsarəti alaraq şikəst olub, əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 1milyard 360 milyon rubl maddi ziyan vurulub.

İrəvan quberniyasında azərbaycanlıların soyqırımı 1917-ci ilin sonlarından başlayaraq 1920-ci ilin sonlarınadək davam edib və bütün quberniya ərazisini əhatə edib. Ermənilərin törətdiyi soyqırımları zamanı miqyasına görə ən böyük itki və tələfatlara məruz qalan bölgələrimizdən biri məhz İrəvan quberniyası olub. 1917-ci ilin sonlarından 1918-ci ilin mart ayınadək erməni silahlı birləşmələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – toplam 198 kəndi darmadağın edib, həmin kəndlərdə yaşayan azərbaycanlıları soyqırıma məruz qoyublar. 1918-ci ilin mayında İrəvan mərkəz olmaqla erməni dövlətinin yaradılmasından sonra İrəvan bölgəsində vəziyyət daha da ağırlaşıb, türk-müsəlmanlara qarşı soyqırımı cinayətləri daha intensiz xarakter alıb. 1919-cu ilin sonlarına qədər Zəngibasarın bir neçə kəndi istisna olmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilib, əhalisi vəhşicəsinə öldürülüb, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçıblar.

Qəribədir ki, İrəvan quberniyası ərazisində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətləri Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılmış FTK-nın təhqiqatından kənarda qalıb. İrəvan quberniyası ərazisində ermənilərin törətdiyi soyqırımları zamanı türk-müsəlman əhalinin məruz qaldığı itki və tələfatların tam həcmini müəyyən etmək mümkün deyildir. Bununla belə, Osmanlı hərbi komandanlığının yerli əhali nümayəndələri ilə birgə apardığı təhqiqatların nəticələri üzrə bu bölgədə Azərbaycanın məruz qaldığı itki və tələfatları qismən də olsa müəyyən edə bilirik.

Şərur və Sədərək soyqırımı

1918-1920-ci illərdə ermənilərin törətdiyi soyqırımına və böyük həcmdə itki və tələfatlara məruz qalan bölgələrimizdən biri də Naxçıvan və Şərur-Dərələyəz qəzaları olub. 1917-ci ilin sonlarından başlayaraq, erməni silahlı birləşmələri Naxçıvan və Şərur-Dərələyəzin 100-dən artıq kəndinə silahlı basqınlar edib, qarşılarına çıxan istənilən müsəlmanı qadın, qoca, uşağa belə fərq qoymadan vəhşicəsinə qətlə yetirib, meyitlər üzərində təhqiramiz hərəkətlər edib, kəndləri tamamilə dağıdıb və yandırıblar.

1920-ci ilin dekabrında Osmanlı hərbi komandanlığının yerli əhali nümayəndələri ilə birgə apardığı təhqiqatların nəticələrinə görə, 1918-1920-ci illərdə Şərur və Sədərək rayonlarının 56 kəndində 506 nəfər vəhşicəsinə öldürülüb, 186 nəfər əsir götürülüb, evlərindən didərgin düşənlərdən 7 min 773 nəfəri aclıq, soyuq və xəstəlikdən ölüb, 9 min 907 nəfər mühacirətdən döndükdən sonra vəfat edib. Ümumilikdə, Şərur və Sədərək bölgəsinin 56 kəndi üzrə ermənilərin törətdiyi soyqırımı qurbanlarının sayı 18 min 400 nəfərdir. Bu ərazi üzrə türk-müsəlman əhaliyə ümumilikdə 1 milyard rubldan çox maddi ziyan vurulub.

Dərələyəz soyqırımı

Dərələyəz qəzası erməni silahlı birləşmələrinin hücumlarına ən intensiv surətdə məruz qalan ərazi olub. Azərbaycanın digər qəzaları ilə müqayisədə bu bölgədə soyqırımı cinayətləri daha uzun müddət davam edib və insan tələfatı da çox olub. Osmanlı hərbi komandanlığının yerli əhali nümayəndələri ilə birgə 1920-ci ilin dekabrında apardığı təhqiqatların nəticələrinə görə, 1918-1920-ci illərdə təkcə Dərələyəz qəzasının 53 kəndində 9 min 735 ev dağıdılıb və ya yandırılıb, 57 min 240 nəfər türk-müsəlman öldürülüb. Öldürülənlərin əksəriyyəti qadın, qoca və uşaq olmaqla amansız işgəncə ilə öldürülüb, meyitlər üzərində sözlə ifadə edilməsi mümkün olmayan təhqiramiz hərəkətlər və iyrəncliklər həyata keçirilib. Əhalinin əmlakı talan edilib, türk-müsəlman əhaliyə 1 milyard rubldan çox maddi ziyan vurulub.

Bütün bunlardan məlum olur ki, 1918-1920-ci illər ərazində ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı törətdiyi soyqırımları zamanı qəza mərkəzləri ilə yanaşı, quberniyanın ümumilikdə 307 kəndi tamamilə talan edilib, dağıdılıb və yandırılıb. Osmanlı hərbi komandanlığının yerli əhali nümayəndələri ilə birgə 1920-ci ilin dekabrında apardığı təhqiqatların nəticələrinə görə, İrəvan quberniyası üzrə ümumilikdə 75 min 640 nəfər türk-müsəlman qətlə yetirilib, əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 2 milyard rubldan çox maddi ziyan vurulub.

Yüz minlərlə azərbaycanlı əhali qaçqın və məcburi köçkünə çevrilib. 1916-cı ildə İrəvan quberniyasında 373 min 582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistanda cəmi 12 min nəfər azərbaycanlı qeydə alınıb.

Beləliklə, bütün bunları ümumiləşdirərək qeyd edə bilərik ki, FTK-nın apardığı təhqiqatların nəticələrinə görə, 1918-ci ildə ermənilərin törətdiyi soyqırımlar zamanı Bakı quberniyası üzrə 367 kənd talan edilib, dağıdılıb və yandırılıb. FTK-nın təhqiqat və istintaq sənədlərinə görə, ümumilikdə Bakı quberniyası üzrə soyqırımı qurbanları 41 min 300 nəfər (41 min 24 nəfər türk-müsəlman qətlə yetirilib, 276 nəfər (168 kişi, 58 qadın, 50 uşaq) ağır yaralanaraq şikəst edilib) olub, əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 3 milyard 322 milyon 829 min 191 rubl maddi ziyan vurulub.

Gəncə quberniyası üzrə 276 kənd talan edilib, dağıdılıb və yandırılıb. FTK-nın təhqiqat və istintaq sənədlərinə görə, ümumilikdə, Gəncə quberniyası üzrə soyqırımı qurbanları 11 min 768 nəfər (9414 nəfər türk-müsəlman amansızlıqla qətlə yetirilib, 2354 nəfər ağır bədən xəsarəti alaraq şikəst edilib) olub, əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 1 milyard 360 milyon rubl maddi ziyan vurulub.

İrəvan quberniyası üzrə 307 kəndi talan edilib, dağıdılıb və yandırılıb. Osmanlı hərbi komandanlığının yerli əhali nümayəndələri ilə birgə 1920-ci ilin dekabrında apardığı təhqiqatların nəticələrinə görə, ümumilikdə, İrəvan quberniyası üzrə 75 min 640 nəfər türk-müsəlman qətlə yetirilib, əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 2 milyard rubldan çox maddi ziyan vurulub.

Bütövlükdə, Azərbaycan üzrə (Bakı, Gəncə və İrəvan quberniyaları üzrə) ümumilikdə 950 kənd talan edilib, dağıdılıb və yandırılıb, 128 min 708 nəfər azərbaycanlı soyqırımının qurbanı olub. Onlardan 126 min 78 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 2630 nəfər ağır bədən xəsarəti alaraq şikəst olub, yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib, əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 6 milyard 682 milyon 829 min 191 rubl maddi ziyan vurulub. Onu da qeyd edək ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların bütün Azərbaycan üzrə nəticələrinin bir xeyli hissəsi aparılan təhqiqatlardan kənarda qalıb. Onları da nəzərə alsaq, o zaman 1918-ci il soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların miqyasının daha böyük olduğuna şahid olarıq.

Azərbaycanlılara qarşı törədilən soyqırımları araşdıran FTK-nın təhqiqat və istintaq materialları sübut edir ki, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar XX əsrdə törədilmiş ən qatı soyqırımı cinayətidir. FTK-nın sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan tərəfinin ermənilərin ötən əsrin əvvəlində törətdiyi soyqırımlar haqqında bəyanatları mücərrəd xarakter daşımır, gerçək tarixi faktlara söykənir. Başqa sözlə desək, azərbaycanlıların soyqırımı faktı təhqiqat və istintaq materialları, ekspertiza protokolları və şahid ifadələri ilə tam sübuta yetirilir.

Türkiyə tarixçilərinin gəldiyi ümumi yekun fikrə görə, Birinci Dünya müharibəsi illərində ermənilərin Şərqi Anadolu bölgələrində törətdiyi soyqırımları zamanı öldürülən türk-müsəlman əhalisinin ümumi sayı 650 min-700 min arasındadır. İran tarixçilərinin gəldiyi ümumi fikrə görə, ermənilərin Cənubi Azərbaycan ərazilərində (Urmiya, Xoy, Səlmas və s.) törətdiyi soyqırımları zamanı öldürülən türk-müsəlman əhalisinin ümumi sayı isə 140 min-160 min arasındadır. Bunlar da nəzərə alındıqda, Birinci Dünya müharibəsi illərində ermənilərin törətdiyi soyqırımları zamanı Şərqi Anadolu, Cənubi Qafqaz və Cənubi Azərbaycan ərazilərində ümumilikdə, 1 milyona yaxın türk-müsəlmanın qətlə yetirildiyi aydın olur.

Bu təkzibedilməz faktlardan çıxış edərək tam qətiyyətlə demək olar ki, ermənilər soyqırımına məruz qalmayıb, soyqırımı törədiblər. Həm də azərbaycanlıları soyqırımına məruz qoyublar.

Vasif QAFAROV,
Milli Məclisin deputatı, tarix elmləri doktoru



Siyasət