2026-cı ilin yanvar-mart aylarında “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) “Yaşıl kart” sistemi üzrə ixtisaslaşdırılmış təşkilat funksiyalarını uğurla davam etdirib. Hesabat dövründə “Yaşıl kart” sistemi çərçivəsində 9 min 34 müqavilə rəsmiləşdirilib. Ümumilikdə, 1 milyon 289 min 275 manat sığorta haqqı toplanıb.
Bu barədə XQ-yə “İcbari Sığorta Bürosu”ndan verilən məlumatda bildirilib ki, “Yaşıl kart” müqavilələrinin 6 min 305-ü Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə rəsmiləşdirilib və 382 min 668 manat sığorta haqqı yığılıb. Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə isə 2 min 729 “Yaşıl kart” müqaviləsi rəsmiləşdirilərək 906 min 607 manat sığorta haqqı toplanıb.
Cari ilin birinci rübündə Azərbaycan “Yaşıl kart” sahiblərinin təqsiri səbəbindən Türkiyə, Latviya, Litva, Polşa, Almaniya və digər ölkələrdə ümumilikdə, 73 yol-nəqliyyat hadisəsi üzrə 316 min 953 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi isə 4 min 342 manat olub.
Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 25 hadisə üzrə 193 min 245 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 7 min 730 manat təşkil edib.
“Yasil kart” sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir. Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
Qeyd edək ki, İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və beynəlxalq “Yaşıl kart” sistemində Azərbaycanı təmsil edir. 2023-cü il yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan “yaşıl kart”larının satışı həyata keçirilir.
XQ

