Bu model ölkəmizə regionun lider dövləti mövqeyini qazandırıb
Müasir beynəlxalq münasibətlər sistemi normativ qeyri-müəyyənliyin dərinləşdiyi reallıqla üz-üzədir. Böyük güclər arasında rəqabətin sərtləşməsi, regional münaqişələrin uzanması və beynəlxalq hüququn selektiv tətbiqi fonunda “sülh” anlayışı getdikcə daha çox siyasi ritorikanın predmetinə çevrilir. Belə bir mürəkkəb konfiqurasiyada Azərbaycanın irəli sürdüyü sülh və tərəqqi formulu qlobal səviyyədə diqqətçəkən alternativ yanaşma kimi formalaşır.
Formulu fərqləndirən əsas xüsusiyyət onun praktik mahiyyət daşımasıdır. Bakı üçün sülh iqtisadi inteqrasiya, kommunikasiya xətlərinin açılması, qarşılıqlı asılılığın yaradılması və siyasi dialoqun institusional əsaslara keçirilməsi deməkdir. Bəs Azərbaycanın təqdim etdiyi sülh modeli nə dərəcədə universaldır və onu digər münaqişə zonalarına tətbiq etmək mümkündürmü? Cavab birmənalı deyil. Çünki Bakı modeli spesifik regional reallıqlar üzərində qurulub. Amma onun əsas prinsipləri – suverenliyin bərpası, postmünaqişə reabilitasiyası və iqtisadi reinteqrasiya – qlobal səviyyədə tətbiq oluna biləcək normativ çərçivə yaradır. Amma bu cümlələrin arxasında daha dərin bir siyasi məntiq dayanır.
Məsələ burasındadır ki, sülhün arxasında dayanan məntiq Cənubi Qafqazın spesifik tarixi və geosiyasi reallıqları ilə məhdudlaşmır, əksinə, müasir beynəlxalq sistemdə münaqişələrin təkrarlanan struktur problemlərinə toxunur. Burada diqqətçəkən məqam suverenliyin bərpasıdır. Bu, beynəlxalq hüququn fundamental prinsiplərindən biri kimi qəbul olunsa da, praktikada çox vaxt yarımçıq və selektiv tətbiq edilir. Azərbaycan təcrübəsi bu prinsipi real siyasi və inzibati nəzarətin bərpası kimi ortaya qoyur. Yəni suverenlik faktiki idarəetmə reallığı kimi işlək hala gətirilir. Eyni məntiq postmünaqişə reabilitasiyasına da aiddir. Burada əsas diqqət dağıntıların regionun iqtisadi, institusional və sosial baxımdan yenidən funksionallaşdırılmasına yönəlir. Üçüncü mühüm element isə iqtisadi reinteqrasiyadır. Təcrübə göstərir ki, qarşılıqlı iqtisadi asılılıq formalaşmadıqca, sabitlik də dayanıqlı olmur. İqtisadi reinteqrasiya, eyni zamanda, regionların ümumi iqtisadi xəritəyə yenidən daxil edilməsini nəzərdə tutur. Nəticədə, münaqişədən sonrakı ərazilər iqtisadi dövriyyənin aktiv iştirakçısı kimi sistemə inteqrasiya olunur. Həmin yanaşmanın strateji mahiyyəti ondadır ki, sülh iqtisadi rasionalizm üzərində qurulan davamlı bir balans kimi formalaşır. Deməli, sülh iqtisadi zərurət statusu qazanır.
***
İndi sual daha da aktuallaşır: əgər bu prinsiplər doğrudan da universal xarakter daşıyırsa, niyə onlar hər yerdə eyni effektivliklə tətbiq edilmir? Cavab sadə görünməsə də, mahiyyət etibarilə siyasi iradə, güc balansı və geosiyasi imkanların hər regionda eyni olmaması ilə bağlıdır. Bəzi münaqişələrdə problem kimlik, ideologiya və tarixi travmalarla daha da mürəkkəbləşir. Digər hallarda xarici aktorların dərin müdaxiləsi yerli həll modellərinin manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır və sülh prosesini kənar təsir obyektinə çevirir. Böyük güclərin, regional aktorların və ya beynəlxalq koalisiyaların prosesə dərin müdaxiləsi yerli tərəflərin qərarvermə müstəqilliyini zəiflədir. Belə şəraitdə sülh danışıqları müxtəlif maraq qruplarının təsir və balans oyunları arasında formalaşır. Nəticədə yerli həll modelləri kənar geosiyasi hesablamaların filtrindən keçərək formalaşır və bu da sülh prosesini daha mürəkkəb və qeyri-sabit edir. Məhz bu nöqtədə Azərbaycan modelinin fərqi aydın görünür. Bakı sülhü formalaşdıran və idarə edən aktor kimi çıxış edir.
***
Sülh modelinin yalnız münaqişə bitdikdən sonra işləyən bir “bərpa mexanizmi” olub-olmaması, yoxsa münaqişəni bitirən alətə çevrilməsi sualı əslində müasir diplomatiyanın ən kritik debatlarından biridir. Azərbaycan təcrübəsi bunu eyni prosesin fərqli mərhələləri kimi birləşdirir. Burada əsas məntiq ondan ibarətdir ki, siyasi və iqtisadi mexanizmlər paralel şəkildə işlədikdə sülh prosesi yönləndirən faktor kimi çıxış edir. Lakin bu yanaşmanın universal tətbiqi ilə bağlı ciddi məhdudiyyətlər də mövcuddur. Azərbaycan modeli “hazır resept” xarakteri daşımır və müxtəlif regionlara avtomatik şəkildə köçürülə bilməz. Onun işləməsi üçün müəyyən geosiyasi şərtlərin eyni anda mövcudluğu vacibdir. İlk növbədə, güc balansında real dəyişiklik imkanı olmalıdır ki, tərəflər status-kvonu yenidən nəzərdən keçirməyə məcbur qalsınlar. İkincisi, dövlət institutlarının funksionallığı minimum səviyyədə təmin olunmalıdır ki, qəbul edilən razılaşmalar icra mexanizminə çevrilə bilsin. Üçüncü vacib şərt isə regional aktorlar arasında, ən azı, minimal razılaşma mühitinin formalaşmasıdır. Tam konsensus olmasa belə, idarəolunan ziddiyyətlər sistemi sülhün işləməsi üçün zəruri çərçivə yaradır. Bütün bu şərtlər olmadan Azərbaycan modeli konseptual olaraq cəlbedici görünsə də, praktik müstəvidə tətbiq oluna bilən universal mexanizmə çevrilmir.
***
Geosiyasi reallıqdan strateji təşəbbüsə keçid isə Azərbaycan xarici siyasətinin xarakterik dönüş nöqtələrindən biridir. Burada əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqaz uzun illər “münaqişənin idarəedilmə aləti” kimi funksionallaşmış bir region olub. Postmünaqişə diplomatiyası bu keçidin ilk və mühüm sütununu təşkil edir. Müharibədən sonra əsas məsələ revanşist ritorikadan uzaqlaşaraq hüquqi çərçivəyə əsaslanan sülh gündəliyinin formalaşdırılmasıdır. Regional platformaların təşviqi isə bu strategiyanın ikinci qatını formalaşdırır. “3+3” kimi formatlar regiondaxili dialoqu kənar təsirlərin dominantlığından çıxararaq daha çox yerli aktorların iştirak etdiyi mexanizmə çevirməyi hədəfləyir.
İnfrastruktur diplomatiyası isə bu iki siyasi xəttin iqtisadi davamıdır. Zəngəzur dəhlizi kimi layihələr regionun iqtisadi xəritəsini yenidən kodlaşdıran strateji alətdir. İqtisadi layihələrdə əsas məqsəd qarşılıqlı asılılıq sistemini institusionallaşdırmaqdır. Yəni yollar, dəhlizlər və enerji xətləri, eyni zamanda, siyasi sabitliyin maddi bazasına çevrilir.
***
Diplomatik praqmatizm və çoxvektorlu balans Azərbaycanın xarici siyasətində sistemli davranış modelidir. Bu model klassik “soyuq müharibə” tipli ikili bölgü məntiqindən fərqli olaraq daha çevik və adaptiv xarakter daşıyır. Azərbaycanın Avropa ilə enerji təhlükəsizliyi sahəsində qurduğu tərəfdaşlıq strateji qarşılıqlı asılılıq mexanizmidir. Avropa üçün enerji şaxələndirilməsi nə qədər vacibdirsə, Azərbaycan üçün də bazarların sabitliyi və uzunmüddətli müqavilələr bir o qədər əhəmiyyətlidir. Rusiya ilə münasibətlər isə klassik “rəqabət və əməkdaşlıq paralelliyi” üzərində qurulub. Burada açıq qarşıdurmadan qaçma və eyni zamanda, regional reallıqların diktə etdiyi praqmatik dialoq mövcuddur. Çin ilə əməkdaşlıq isə daha çox qlobal iqtisadi transformasiya kontekstində “Bir kəmər, bir yol” təşəbbüsü ilə inteqrasiya olunmuş strateji iqtisadi xəttdir. Çoxvektorlu diplomatik arxitekturaya ABŞ ilə münasibətlər də ayrıca strateji ölçü əlavə edir. Azərbaycan–ABŞ əlaqələri əsasən enerji təhlükəsizliyi, regional sabitlik və təhlükəsizlik dialoqu kontekstində formalaşır. Bu münasibətlər Vaşinqton üçün Cənubi Qafqazda sabitlik faktoru, Bakı üçün isə beynəlxalq siyasi balansın mühüm elementi kimi çıxış edir.
Bəs belə çoxvektorlu siyasət uzunmüddətli perspektivdə nə qədər dayanıqlıdır? Cavab birbaşa və sadə deyil. Çünki bu modelin əsas riski böyük güclər arasında rəqabətin kəskinləşməsidir. Geosiyasi qütbləşmə dərinləşdikcə, “aralıq mövqe”ni qorumaq daha çətinləşir və neytral balans məkanı daralır. Azərbaycanın bu modeldə nisbi üstünlüyü onun funksional geoiqtisadi keçid məkanı olmasıdır. Yəni Azərbaycan özünü enerji dəhlizlərinin, nəqliyyat xətlərinin və regional bağlantıların mərkəzi kimi təqdim edir.
Beləliklə, Azərbaycanın təqdim etdiyi sülh və tərəqqi formulu göstərir ki, kiçik və orta dövlətlər belə düzgün strateji yanaşma ilə regional sistemləri dəyişdirmək gücünə malikdir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


