3 il əvvəl Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan Bayrağı ucaldıldı
2023-cü il aprelin 23-də ölkəmizin suveren ərazisində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi quruldu. Yeni yaradılan sərhəd-keçid məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi keçirildi və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edildi. Eləcə də bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya–Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verildi.
Bu sərhəd-buraxılış məntəqəsinin yaradılmasını zəruri edən amillər göz qabağında idi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Ermənistandan Azərbaycan ərazisində qalmış qeyri-qanuni erməni silahlı birləşmələrinin tör-töküntüsü üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr daşınırdı. Üçtərəfli bəyanata əsasən Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti İrəvanın bu təxribatçı hərəkətlərinin qarşısını almaq əvəzinə, Xankəndidəki separatçı rejimin himayədarı funksiyasını yerinə yetirirdi. Azərbaycan rəhbərliyi bu cür qanunsuz və ölkəmizin təhlükəsiliyinə təhdid yaradan fəaliyyətlə heç cür barışa bilməzdi. Bakı bunun qarşısının alınması üçün özünün suveren hüququndan istifadə etdi.
2023-cü il avqustun 26-da “Laçın Şəhəri Günü” tədbirindəki çıxışında Prezident İlham Əliyev həmin hadisəni belə xarakterizə etdi: “Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan–Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik. Biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
***
Bu addımın atılması həqiqətən də böyük siyasi iradə, cəsarət tələb edirdi. Çünki o zaman Azərbaycana qarşı şimaldan və cənubdan, xüsusilə də Qərbdən siyasi, ideoloji təzyiqlər edilir, hətta hədə-qorxu gəlinirdi. Amma rəsmi Bakı bütün bu təzyiqlərə baxmayaraq, haqqı çatdığını almaq əzmini, ədaləti bərpa etmək gücünü bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibədə Azərbaycanın qazandığı qələbəni həzm edə bilməyən ermənipərəst qüvvələr tarixi ərazilərimizin erməni işğalından azad olunması, suverenliyimizin tam bərpa edilməsi faktını heç cür qəbul etmək istəmirdilər. Azərbaycanın hərbi-siyasi qələbəsi nəticəsində regionda yaranmış yeni reallıqla barışmayan Ermənistan və onun himayədarları müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından, revanşist xəyallarından əl çəkmirdilər.
Rəsmi İrəvan üçtərəfli Bəyanatda boynuna götürdüyü öhdəliklərini yerinə yetirmir, icra etməli olduğu müddəaları kobud şəkildə pozurdu. Bakını daha çox qıcıqlandıran isə Ermənistanın humanitar məqsədli Laçın dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etməsi idi. Beləliklə, İrəvanın aşkar görünən qanunsuz əməlləri və saymazlığı Bakının səbir kasasını daşırdı və onu ciddi tədbirlər görməyə sövq etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və peşəkarlığı ilə həyata keçirilən əməliyyat nəticəsində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Faktla barışmaq istəməyən, reallığı həzm edə bilməyən Ermənistan və onu himayə edən qüvvələr Azərbaycanı, guya, sərhəddə vəziyyəti gərginləşdirməkdə, bölgədə humanitar böhran yaratmaqda ittiham edirdilər. Amma Bakının bu addımı – ölkənin təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazisində sərhəd-buraxılış məntəqəsini qurması – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq atılan tam qanuni addım idi. Bunu Prezident İlham Əliyev 2023-cü il mayın 1-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında birmənalı şəkildə vurğulayıb: “Azərbaycan–Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqları Azərbaycan Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
***
Laçın sərhəd-keçid məntəqəsi Azərbaycan ərazisinə Ermənistandan silah, sursat, mina və terrorçuların daşınmasının, təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısının alınmasında müstəsna rol oynadı. Burada ermənilərin xaricdəki havadarlarının əli ilə təbii sərvətlərimizin kənara daşınmasına, bu zaman təbiətə vurduqları ziyana görə ekofəalların davamlı etiraz aksiyasının əhəmiyyətini də qeyd etməliyik. Ermənistanla sərhəddə məntəqənin yaradılmasının az sonra Qarabağda qalmış qanunsuz erməni silahlı birləşmələrin çıxarılmasında, həmçinin separatçıların tərk-silah olunmasında böyük önəmini də unutmamalıyıq. Ermənistan fasiləsiz olaraq beynəlxalq təşkilatlara müraciətlər edir, dünya ictimaiyyətini çaşdıran məlumatlar yayırdı. İrəvan əsassız olaraq rəsmi Bakını Qarabağda yaşayan erməniləri “humanitar blokadaya” saldığı, Xankəndidə və ətraf ərazilərdəki ermənilərin “acından öldükləri” barədə dezinformasiyaları tirajlayır, beynəlxalq təşkilatları Azərbaycana təzyiq göstərməyə çağırırdı. İntəhası bu cəhdlər heç bir fayda vermədi. Çünki Azərbaycan bu addımı beynəlxalq hüququn tələblərinə uyğun atmışdı. Bunu Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın sərhəd-keçid məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edən 2023-cü il 6 iyul tarixli yekdil qərarı da təsdiqləmiş oldu. Avqustun 16-da isə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın–Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranan “humanitar böhran”ın müzakirə olunduğu təcili iclasında da Ermənistan və onun xaricdəki himayədarları məqsədlərinə çatmadılar. Fəqət digər yandan Ermənistanın “böyük bacısı” Fransa siyasi təxribatlardan əl çəkmir, iki ölkə arasında sülh və normallaşma prosesini pozmağa cəhdlər edirdi. Onun bu məqsədlə həyata keçirdiyi SPAYKA “humanitar yardım” təxribatı da baş tutmadı. Azərbaycan Fransadan göndərilən “humanitar yükü” haqlı olaraq Qarabağa buraxmadı. Bunun yerinə Bakı özü Xankəndiyə yardım göndərdi. Əgər Qarabağda yaşayan ermənilər aclıqdan əziyyət çəkirdilərsə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən həmin humanitar yardımı qəbul edər, Ağdam–Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdilər. Aydın idi ki, Ermənistan hakimiyyəti, Xankəndidəki separatçılar və onların havadarları yolun açılmasında maraqlı deyildilər. “Humanitar böhran” üzərində edilən manipulyasiyalar vasitəsilə məğlub düşmən yeni hərbi təxribatlar üçün süni səbəblər yaratmağa çalışırdı. O günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz”.
Artıq hər şey arxada qalıb. 30 ilə yaxın davam edən erməni işğalı nəticəsində xarabalığa çevrilən, minalarla zəhərlənən torpaqlarımızda bərpa-quruculuq işləri aparılır; beynəlxalq hava limanları, körpülər, evlər, məktəblər, xəstəxanalar, sosial obyektlər inşa edilir, yollar çəkilir, kəndlər, şəhərlər salınır. Yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qayıdır. Bu gün tək Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsində deyil, Qarabağın və Şərqi Zəngəzurun həyatın yenidən canlandığı hər qarışında üçrəngli bayrağımız qürurla dalğalanmaqdadır.
İ.HƏSƏNQALA
XQ

