Milli Məclisin komitə sədri ilə Azərbaycanın təhlükəsizlik gündəliyi barədə söhbət
Regional və qlobal geosiyasi proseslərin sürətləndiyi bir dövrdə Azərbaycan Cənubi Qafqazın əsas təhlükəsizlik qütbü kimi öz mövqeyini daha da möhkəmləndirir. Müdafiə sənayesinin modernləşdirilməsi və sülh quruculuğu istiqamətində atılan addımlar ölkəmizin strateji hədəflərini yeni müstəviyə daşıyır. Bu, eləcə də Ukrayna ilə bağlı gündəmə gələn “Bakı formatı” və hərbi sahədə şəffaflıq mövzularını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevlə müzakirə etdik.
– Arzu müəllim, bu gün Yaxın Şərqdə, xüsusən də İran–İsrail/ABŞ müstəvisində yaşanan hərbi-siyasi gərginliklər və müvəqqəti atəşkəs fonunda proseslər Azərbaycanın milli təhlükəsizlik strategiyasına necə təsir göstərir? Münaqişənin regiondakı enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə yarada biləcəyi risklərə qarşı Bakının hansı preventiv addımlar atması zəruridir?
– Bu gün Azərbaycan Cənubi Qafqazda və daha geniş miqyasda Avrasiya məkanında mühüm strateji mərkəzə çevrilir. Regionda həm çox həssas, həm də böyük imkanlar vəd edən geosiyasi proseslər cərəyan edir ki, burada əsas çağırış ümumi balansın qorunmasıdır. Təhlükəsizlik, diplomatiya, regional liderlik, qlobal oyunçularla münasibətlər, hərbi güc və iqtisadi məsələlər kimi bütün mühüm amillər bu proseslərdə öz əksini tapır. Məlumdur ki, sərhədlərimizdən çox da uzaq olmayan ərazilərdə İran-İsrail və ABŞ-İran gərginliyi davam edir. Yaxın Şərqdə, xüsusilə İranda baş verən hadisələr Azərbaycanın təhlükəsizlik mühitinə artıq birbaşa təsir göstərmək imkanına malikdir. Bunun əsas səbəbləri sırasında Zəngəzur dəhlizi (TRIPP) və Orta dəhliz kimi nəqliyyat layihələrinin geosiyasi rəqabət obyektinə çevrilməsi, həmçinin enerji infrastrukturunun qorunması dayanır. Azərbaycan bu gün dünyanın bir çox istiqamətlərində enerji təhlükəsizliyini təmin edən, qaz və neft ixracı ilə məşğul olan mühüm tranzit ölkədir. Xəzər-Qafqaz regionunun risk altına düşməməsi üçün mövcud münaqişələrin sülhlə nəticələnməsi mütləqdir. Regionda sərhəd təhlükəsizliyi və hibrid risklər diqqət mərkəzindədir. Xüsusilə cənub istiqamətində həssaslığın artması informasiya, kəşfiyyat və müxtəlif dini təsir alətlərinin aktivləşməsi riskini yüksəldir. Eyni zamanda, böyük köç dalğası və qaçqın kütləsinin yaranması ehtimalı vaxtilə sərhədlərimizdə baş verən hadisələrin təkrarlanması təhlükəsini yaradır. Buna görə də Azərbaycan həm sərhədlərində öz müdafiə sistemini möhkəmləndirir, həm də qonşuluq siyasəti çərçivəsində humanist missiyasını həyata keçirir.
– Azərbaycanın bölgədəki təhlükəsizlik arxitekturasının formalaşmasında oynadığı aparıcı rol “Qafqaz Evi” ideyasının gələcək inkişafı üçün həlledici xarakter daşıyır. Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün Bakının təqdim etdiyi bu modelin reallaşması və kənar müdaxilələrin qarşısının alınması mexanizmləri haqqında nə deyə bilərsiniz?
– Heydər Əliyevin vaxtında formalaşan “Qafqaz evi” ideyası bu gün də mühüm əhəmiyyət kəsb edir. Bakı iqtisadi və hərbi baxımdan regionun ən güclü oyunçusu kimi bu məsələdə açar rolunu oynayır. Postmünaqişə dövrünün çətinliklərinə baxmayaraq, əsas təşəbbüs sahibi məhz Azərbaycandır. Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atılır və Qərb, İran, Rusiya kimi müxtəlif güclərin rəqabətinə rəğmən, rəsmi Bakı balanslaşdırılmış siyasəti ilə bu problemin həllini bacardığını nümayiş etdirir. Elə bu günlərdə Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı” ilə təltif edilməsi də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi sülh quruculuğu siyasətinin beynəlxalq səviyyədə qəbulu hesab olunur. Ölkə başçısının rəhbərliyi altında xüsusilə son dövrlərdə respublikamız hərbi sənaye sahəsində də mühüm yeniliklərə imza atır. Çexiya ilə müdafiə sənayesi sahəsində qurulan əməkdaşlıq – artilleriya sistemləri, hava müdafiəsi, optik və radar texnologiyalarının transferi – yerli istehsalın dərinləşməsinə xidmət edir. Azərbaycan müdafiə sənayesini təmir və yığma modelindən tam istehsal və innovasiya modelinə keçirir. NATO üzvü olan bir ölkə ilə bu cür addımların atılması ordunun NATO standartlarına uyğunlaşdırılması və silah təchizatının diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır. Biz tək Türkiyə, İsrail və Rusiya ilə deyil, həm də Avropa dövlətləri ilə əlaqələri genişləndiririk. Regional iqtisadi inteqrasiyanın təşviqi təhlükəsizliyin təmin olunduğu yerlərə sərmayə qoyuluşu üçün zəruridir. Bakı artıq çoxtərəfli diplomatiya mərkəzinə çevrilib. Həm Qərb, həm Şərq, həm də Türk dövlətləri Azərbaycanla sıx əməkdaşlığa can atır. Ölkəmiz vasitəçi dövlət statusu qazanaraq böyük güclərin rəqabəti fonunda problemləri həll etmək iqtidarında olduğunu göstərir.
– Qəbələdə Azərbaycan və Ukrayna prezidentlərinin görüşü də kifayət qədər məhsuldar oldu...
– Bəli, aprelin 25-də Ukrayna lideri Volodimir Zelenskinin Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi fikirlərdən yola çıxaraq deyə bilərəm ki, Bakı və Kiyev arasında həmin gün imzalanan 6 mühüm sənəd konkret sahələr üzrə strateji iş birliyinə çevrilir. Hazırda təhlükəsizlik məsələləri gündəmin mərkəzindədir və Ukrayna müharibə meydanında qazandığı real təcrübəni, ekspert biliklərini artıq Azərbaycandakı həmkarları ilə bölüşür. Bu tərəfdaşlıq yaxın gələcəkdə hərbi təyinatlı məhsulların birgə istehsalına başlamaq məqsədi daşıyır. Digər tərəfdən, Azərbaycanın ən çətin məqamlarda, xüsusən sərt qış aylarında göstərdiyi dəstək Ukrayna tərəfindən yüksək qiymətləndirilir. Kiyevin indiyə qədər ölkəmizdən 11 müxtəlif yardım paketi alması bu dostluğun əməli müstəvidəki ən böyük göstəricisidir. Bu əlaqələr onu deməyə əsas verir ki, Azərbaycan regionda həm hərbi-strateji güc, həm də etibarlı humanitar mərkəz statusunu uğurla qoruyub saxlayır.
Ukrayna prezidenti onu da dedi ki, Rusiya ilə danışıqların növbəti raundlarından biri qarşı tərəf də razı olsa, Bakıda keçirilə bilər. Rusiya tərəfinin də üçüncü kanallar vasitəsilə məsələyə müsbət yanaşması ilə gündəmə gələn "Bakı formatı" ideyası Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini regional oyunçudan qlobal vasitəçiyə doğru sürətlə daşıyır. Bu təşəbbüs Bakını həm Rusiya, həm də Ukrayna ilə birbaşa və etibarlı ünsiyyət qura bilən unikal diplomatik qovşağa çevirə bilər. Digər vasitəçilik platformalarından fərqli olaraq, Bakı hər iki tərəf üçün "neytral zona" statusunu əməli addımlarla qoruyacaq mühüm məkandır. Rəsmi Bakı bir tərəfdən Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verir, digər tərəfdən isə Rusiya ilə strateji tərəfdaşlıq balansını pozmur. Bu balanslaşdırılmış mövqe "Bakı formatı"nı gərginliyin azaldılması və gələcək sülh danışıqları üçün ən real və təhlükəsiz platforma kimi ön plana çıxarır.
– Müdafiə sənayesinin modernləşdirilməsi və beynəlxalq tərəfdaşlarla birgə istehsal layihələrinin həyata keçirilməsi prosesində şəffaflığın qorunması dövlətin hərbi qüdrətinin əsas şərtlərindəndir. Rəhbərlik etdiyiniz komitə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, hərbi büdcənin səmərəli xərclənməsinə nəzarət və korrupsiya risklərinin minimuma endirilməsi istiqamətində hansı islahatları prioritet hesab edir?
– Müdafiə sənayesində şəffaflığın təmin edilməsi və idarəetmə keyfiyyətinin artırılması sadəcə texniki məsələ sayılmır, bilavasitə strateji hədəf kimi qəbul olunur. Bu sahədə ən böyük diqqət müasir texnologiyaları mənimsəyən və idarə edə bilən yeni nəsil milli kadrların yetişdirilməsinə yönəldilir. Çünki xaricdən alınan və ya daxildə istehsal edilən sistemlərin arxasında peşəkar yerli mütəxəssislər dayanmalıdır. Silahlanma və təchizat proseslərinin daha dəqiq aparılması üçün parlamentin nəzarət imkanları xeyli gücləndirilir. Bununla bərabər, hərbi satınalmalarda beynəlxalq audit mexanizmlərinin işə salınması və rəqəmsal izləmə sistemlərinin tətbiqi vəsaitlərin tam şəffaf xərclənməsinə şərait yaradır. Bu addımlar korrupsiya risklərini sıfıra endirir və müdafiə sektorunun real effektivliyini artırır.
Azərbaycanın apardığı xarici və daxili siyasət bir-birini tamamlayır. Bütün bu hərbi-iqtisadi hazırlıqların təməlində dövlətin ərazi bütövlüyünün, suverenliyinin qorunması və vətəndaşların rifah halının yaxşılaşdırılması dayanır. İndi rəsmi Bakı beynəlxalq arenada heç bir dövlətin diktəsini qəbul etmir. Azərbaycan hər kəslə, o cümlədən qlobal güclərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan və milli maraqlara cavab verən yüksək səviyyəli dialoq qurur. Keçirilən mühüm beynəlxalq görüşlər və qazanılan diplomatik uğurlar təsdiqləyir ki, ölkəmiz ən mürəkkəb geosiyasi şəraitdə belə öz müstəqil iradəsini və gücünü ortaya qoya bilir.
Söhbəti qələmə aldı:
Tacir SADIQOV
XQ

