İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilir.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib: " Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında şaxələndirmə istiqamətində mühüm nəticələr əldə olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb."
Bununla yanaşı nazir iqtisadiyyatın şaxələndirilməsində, xarici iqtisadi siyasətdə, beynəlxalq iqtisadi tərəfdaşların ölkəmizə gəlməsində özəl sektorun rolunun da böyük olduğunu vurğuladı: "Azərbaycanın inkişafında vicdanla işləyən sahibkarlara təşəkkür edirik. Dövlət də daim sahibkarlığın, xüsusilə kiçik və orta biznesin genişləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü sahələrin inkişafı üçün müxtəlif mexanizmlərlə dəstək göstərir. Sahibkarlıq fəaliyyətinin qlobal çağırışlar fonunda dayanıqlı inkişafının təmin edilməsi üçün bu mexanizmlər daha da genişlənəcək."
Qeyd edək ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.
Nurlan ABDALOV
XQ




