Azərbaycanda sənaye parklarının rezidentləri ilə yanaşı qeyri-rezidentlərinin də reyestri aparılacaq

post-img

İqtisadiyyat Nazirliyinin Kollegiyası 15 may 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidentinin rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı"nda, "Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması"nda və "Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası"nda dəyişikliklər edib.

XQ xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Dəyişikliklə, sənaye parklarının rezidentləri ilə yanaşı qeyri-rezidentlərinin də reyestri aparılacaq.

Reyesterdəki məlumatlara sənaye parkları barədə məlumatlar, rezident və qeyri-rezident olan hüquqi və fiziki şəxslər barədə məlumatlar, sənaye parkının və onun rezidentinin qeydiyyatı və ləğvi barədə məlumatlar, sənaye parkı və onun rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər daxil ediləcək.

Həmçinin, reyestrə sənaye parkı barədə aşağıdakı məlumatlar daxil ediləcək:

- yaradılması barədə aktın tarixi, nömrəsi və növü;

- adı, yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti;

- ərazisinin ölçüsü və yerləşdiyi inzibati ərazi vahidi;

- məlumatların reyestrdə qeydiyyat tarixi və nömrəsi;

- reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə qeyd.

Bundan başqa, sənaye parkının idarəedici təşkilatı ilə rezidenti arasında bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı tikilinin də icarə müqaviləsinin nümunəvi forması hazırlanacaq.

Qarşılıqlı razılıq əldə edilmədikdə Tərəflər arasında Müqavilədən irəli gələn bütün mübahisələrlə yanaşı müqavilənin icrası, dəyişdirilməsi, uzadılması, ləğvi, borcun, dəbbə pulunun, cərimə, zərər və s. sanksiyaların ödənilməsi ilə bağlı mübahisələri məhkəmələri həll edəcək. Bu müddəa Razılaşmaya xitam verildikdən sonra da öz qüvvəsini saxlayacaq.

Nazirliyin Hüquq Şöbəsinə tapşırılıb ki, qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

İqtisadiyyat