Sülh, sabitlik və qarşılıqlı hörmət diplomatiyası

post-img

Azərbaycanın BMT çərçivəsində çoxtərəfli və təşəbbüskar fəaliyyəti

Suveren dövlətlərin çoxtərəfli diplomatiya çərçivəsində əldə etdiyi uğurlar beynəlxalq hüququn inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdən hesab olunur. Nyu-York şəhərində keçirilən seçkilər Azərbaycanın qlobal miqyasda artan nüfuzunu və diplomatik gücünü nümayiş etdirən mühüm hadisə kimi tarixə düşüb.

İyunun 15-də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində təşkil edilən səsvermədə Azərbaycan Respublikasının namizədinin BMT-nin İnsan Hüquqları Komitəsinin 2027-2030-cu illər üzrə üzvlüyünə seçilməsi beynəlxalq hüquqi arenada əldə edilən yeni diplomatik uğurdur. Ciddi beynəlxalq rəqabət mühitində reallaşan seçkilərdə Azərbaycanla yanaşı, 16 ölkənin təmsilçisi Komitədə mövcud 9 vakant yer uğrunda gərgin mübarizə aparıb. Azərbaycan tərəfindən namizədliyi irəli sürülən Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq professoru Fuad Zərbiyev səsvermənin ilkin mərhələsində ən yüksək səs toplayaraq, 131 iştirakçı dövlətin dəstəyini qazanaraq Komitəyə üzv seçilib.

BMT-nin İnsan Hüquqları Komitəsi 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edən ali beynəlxalq orqandır. Sözügedən Komitə 18 müstəqil ekspertdən ibarət olmaqla, müvafiq paktın tərəfdarı olan dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi vəziyyətini hərtərəfli təhlil edir, qiymətləndirir və beynəlxalq insan hüquqları hüququnun təkmilləşdirilməsi prosesində həlledici rol oynayır. Komitənin fəaliyyəti suveren ölkələrin daxili hüquq sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması işinə birbaşa təsir göstərir. Müvafiq səbəbdən qeyd olunan struktura üzv seçilmək hər hansı dövlət üçün qlobal hüquq yaradıcılığı prosesində iştirak etmək imkanı deməkdir. Dövlətlərin insan hüquqları sahəsindəki nüfuzu və diplomatik potensialı məhz belə yüksək səviyyəli seçkilərdə sınaqdan çıxır.

ARAYIŞ: Namizədliyi irəli sürülən Fuad Zərbiyev elmi və praktiki fəaliyyəti ilə qlobal miqyasda tanınan yüksəkixtisaslı mütəxəssisdir. O, beynəlxalq hüququn müxtəlif sahələri üzrə geniş tədqiqatların müəllifidir və dünyanın ən nüfuzlu təhsil ocaqlarında mühazirələr oxuyur. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra təhsilini xaricdə davam etdirən Fuad Zərbiyev Strasburq Universitetində və Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunda elmi dərəcələr alıb, habelə Harvard Hüquq Məktəbinin magistr proqramını uğurla tamamlayıb. Haaqa Beynəlxalq Hüquq Akademiyasının diplomantı olan professor, eyni zamanda, müxtəlif beynəlxalq məhkəmə və arbitraj proseslərində məsləhətçi qismində iştirak edir.

Sözügedən seçkilər olduqca gərgin rəqabət şəraitində baş tutub. Üzv dövlətlər tərəfindən irəli sürülən 16 namizədin hamısı yüksək elmi potensiala və diplomatik təcrübəyə malik idi. Belə mürəkkəb şəraitdə səsvermənin ilkin mərhələsindəcə qələbə qazanmaq Azərbaycan diplomatiyasının apardığı fəal lobbiçilik fəaliyyətinin və beynəlxalq münasibətlər sistemində qurduğu qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq əlaqələrinin məntiqi nəticəsidir. Seçki kampaniyası dövründə xarici siyasət idarəsinin həyata keçirdiyi sistemli təbliğat işləri, dünya paytaxtları ilə aparılan intensiv məsləhətləşmələr Azərbaycan Respublikasının namizədinin üstünlüklərini aşkar şəkildə ortaya qoyub.

Müxtəlif güc mərkəzləri arasında qarşıdurmanın kəskinləşdiyi çağdaş dövrdə suveren dövlətlərin çoxtərəfli təşkilatlarda təmsilçiliyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan uzun illər ərzində xarici siyasətində ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli diplomatik vasitələrə də geniş yer ayırmışdır. Qoşulmama Hərəkatına uğurlu sədrlik təcrübəsi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü zamanı nümayiş etdirilən prinsipiallıq, habelə digər qlobal platformalardakı fəallıq ölkəmizin diplomatik manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Müasir şəraitdə BMT-nin İnsan Hüquqları Komitəsinə üzv seçilmək Azərbaycanın qlobal idarəçilik mexanizmlərinə geniş inteqrasiya etmək niyyətinin göstəricisidir.

Beynəlxalq hüquqi legitimlik suveren dövlətlərin xarici siyasət strategiyasının əhəmiyyətli sütunlarından hesab edilir. Azərbaycanın son illər həyata keçirdiyi xarici siyasət, milli maraqların qorunması ilə beynəlxalq hüquq normalarının uzlaşdırılması prinsiplərinə söykənir. Xüsusilə regional təhlükəsizlik, ərazi bütövlüyü və suverenliyin təmin edilməsi istiqamətində əldə olunan tarixi nailiyyətlər rəsmi Bakının xarici siyasət platformasını daha da gücləndirib. Dövlətlərin daxili və xarici siyasətində insan hüquqları məsələləri tez-tez siyasi təzyiq vasitəsi kimi istifadə edildiyi halda, Azərbaycanın belə ali orqana namizəd irəli sürməsi və böyük səs çoxluğu ilə dəstəklənməsi dövlətin qətiyyətli mövqeyini və hüquqi şəffaflığını göstərir.

BMT-nin müvafiq orqanları beynəlxalq hüququn tətbiqi və interpretasiyasında əvəzedilməz funksiyanı yerinə yetirir. İnsan Hüquqları Komitəsi dövlətlərin dövri hesabatlarını dinləyərkən mühüm siyasi tövsiyələr verir. Sözügedən tövsiyələr sonradan qlobal hüquq müstəvisində standart kimi qəbul olunur. Azərbaycanın belə platformada təmsil olunması ölkənin insan hüquqları diplomatiyasında müdafiə mövqeyindən fəal şəkildə hücum və yaradıcılıq mövqeyinə keçdiyini nümayiş etdirir. Səsvermənin rəsmi nəticələri təhlil edildikdə, Azərbaycan Respublikasının namizədinin qazandığı uğurun miqyası daha aydın görünür. Seçkilərdə ümumilikdə 16 namizəd iştirak etmiş, onlardan yalnız 9 nəfəri Komitəyə üzv seçilmək hüququ qazanmışdır. Azərbaycan Respublikasının namizədi 131 səslə bütün rəqiblərini geridə qoyaraq ilk sırada qərarlaşıb. Növbəti yerləri müvafiq olaraq 129 səslə Niderland, 128 səslə Yaponiya, 115 səslə Seneqal, 111 səslə Toqo, 108 səslə Kot-d'İvuar və Çexiya, 102 səslə Qvatemala və 101 səslə Uruqvay tutaraq Komitəyə üzv seçilmişlər. Digər tərəfdən, kifayət qədər böyük diplomatik resurslara malik olan Litva 83 səs, Braziliya və Mali 81 səs, Burundi 67 səs, Meksika 56 səs, Panama 47 səs və Uqanda 45 səs toplasalar da, seçki limitini keçə bilməyiblər. Həmin rəsmi statistika Azərbaycanın qazandığı diplomatik qələbənin təsadüfi xarakter daşımadığını, tamamilə obyektiv və böyük üstünlüklə əldə olunduğunu nümayiş etdirir.

Azərbaycan təmsilçisinin BMT-nin İnsan Hüquqları Komitəsinə üzv seçilməsi dövlətin çoxşaxəli və sistemli xarici siyasət strategiyasının uğurudur. Bu tarixi nailiyyət Azərbaycanın beynəlxalq müstəvidə güclənən mövqeyini təsdiq edir. Vaxtilə ölkənin insan hüquqları sahəsindəki fəaliyyətini qərəzli şəkildə qınayan subyektlər hazırkı real və qəti nəticə qarşısında deməyə söz tapmır, səssiz qalmağa məcbur olurlar. Azərbaycan Respublikasının qazandığı səs beynəlxalq ictimaiyyətin dövlətin siyasətinə, hüquqi şəffaflığına və elmi elitasına olan böyük etimadının rəsmi bəyanıdır.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət