İrəvanda siyasi hesablaşma dövrü başlayır

post-img

Koçaryan, Karapetyan və Sarukyanın “məhşər” günləri

İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri açıqlanıb. Nəticələrə əsasən, ölkə parlamentinə yalnız 3 siyasi qüvvə daxil olur. Bunlar Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası, eləcə də rusiyapərəst 2 siyasi qüvvə – oliqarx-milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası və keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokudur.

Ermənistan MSK-nın sədri Vaaqn Ovakimyanın iyunun 14-də İrəvanda keçirdiyi mətbuat konfransında açıqladığı nəticələrə görə, “Mülki müqavilə” partiyası seçicilərin 49,75 faizinin səsini qazanıb ki, bu da həmin partiyaya 105 yerlik parlamentdə 64 mandat əldə etməyə imkan verir. “Güclü Ermənistan” partiyası 23,27 faiz səslə 29 mandat, “Ermənistan” bloku isə 9,92 faiz səslə 12 mandat qazanıb. Beləliklə, Avropa inteqrasiyasını prioritet istiqamət kimi müəyyənləşdirən Paşinyanın partiyası yeni hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə edir.

“Çiçəklənən Ermənistan” parlamentə düşə bilmədi

MSK seçkilər başa çatdıqdan sonra bir həftə ərzində müxtəlif siyasi qüvvələrin müraciətləri əsasında səslərin yenidən hesablanmasını həyata keçirib. Əsas intriqa oliqarx Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyasının taleyi ilə bağlı idi. İlkin nəticələrə görə, partiya 3,996 faiz səs toplamışdı və parlamentə düşmək üçün tələb olunan 4 faizlik baryeri keçməsinə cəmi bir neçə on səs çatmırdı. Həmin partiyanın parlamentə daxil olub-olmaması “Mülki müqavilə”nin deputat yerlərinin ümumi sayının 3/5 hissəsinə sahib olub-olmayacağını və beləliklə, konstitusiya qanunlarını qəbul etmək, eləcə də əsas vəzifəli şəxsləri seçmək imkanını müəyyənləşdirirdi.

Seçkilərdən sonrakı ilk günlərdə bəzi məntəqələrdə həqiqətən də itirilmiş səslərin aşkarlandığı bildirilsə də, iyunun 11-13-də MSK İrəvanın Nubaraşen rayonunda, Sünik vilayətinin Aqarak və Ararat vilayətinin Artaşat şəhərində yerləşən 3 seçki məntəqəsində səsvermə günü baş vermiş pozuntulara görə nəticələri etibarsız hesab etdi. “Çiçəklənən Ermənistan” hakimiyyəti onların seçki baryerini keçməsinə mane olmağa çalışmaqda ittiham edərək, həmin məntəqələrdə təkrar səsvermənin keçirilməsini tələb etmişdi. “Mülki müqavilə” isə bu qərar nəticəsində özünün də həmin məntəqələrdə qazandığı səsləri itirdiyini vurğulamışdı. İyunun 12-də, seçki məntəqələrində səslərin yenidən sayılması prosesi başa çatarkən, onlarca müxalifət tərəfdarı etiraz əlaməti olaraq MSK binası qarşısına toplaşmışdı. Lakin komissiya qəbul etdiyi qərarlara yenidən baxmadı və 2 gün sonra yekun nəticələri elan etdi. Nəticələrə əsasən, “Çiçəklənən Ermənistan” partiyası 3,9893 faiz səslə parlamentə düşə bilmədi.

Paşinyan Konstitusiyanı dəyişdirə, referendum keçirə biləcəkmi?

Beləliklə, N.Paşinyanın partiyası hökuməti təkbaşına formalaşdırmaq imkanına malik olsa da, parlamentdə 2/3 çoxluq, yəni konstitusion çoxluq əldə edə bilməyib. Bu isə o deməkdir ki, partiya müxalifətin dəstəyi olmadan Konstitusiyaya dəyişiklik edə və ya bununla bağlı referendum keçirə bilməyəcək. Ermənistan hökuməti üçün bu məsələ yaxın dövrdə xarici siyasətdə əsas mövzulardan biri hesab olunur. MSK-nın yekun nəticələri elan etdiyi gün – iyunun 14-də S.Karapetyanın “Güclü Ermənistan” partiyasının, “Çiçəklənən Ermənistan” partiyasının və R.Koçaryanın blokunun nümayəndələri seçkilərin nəticələrinin ləğv edilməsi tələbi ilə etiraz aksiyası keçiriblər. Müxalifətin fikrincə, seçkilər qeyri-legitim olub. Aksiyaya yüzlərlə insan qoşulsa da, hakimiyyət buna hər hansı reaksiya verməyib. Bununla yanaşı, müxalifət partiyaları birgə bəyanat yayaraq hakimiyyəti “inzibati resurslardan geniş istifadə etməkdə” və “informasiya vasitələrindən təbliğat məqsədilə sui-istifadədə” ittiham ediblər. Onlar bildiriblər ki, vətəndaşların azad iradə ifadəsi hüququnu müdafiə etmək üçün yalnız konstitusiya, qanunlar və demokratik prinsiplər çərçivəsində fəaliyyət göstərəcəklər.

Sarukyanın ardınca Koçaryanın da qaçış planı uğursuz oldu

Bunun əksinə olaraq, Paşinyan müxalifətlə bağlı gələcək planlarını kifayət qədər açıq şəkildə ifadə edib. O, bazar günü bəyan edib ki, S.Karapetyan, R.Koçaryan və Q.Sarukyan əmlaklarından məhrum ediləcəklər. Paşinyanın sözlərinə görə, seçkiqabağı rüşvət paylayanların xalqdan oğurladıqları sərvət geri qaytarılmalıdır. Maraqlıdır ki, ötən həftə Q.Sarukyanın ölkədən çıxışına artıq qadağa qoyulduğu məlum olub. Bu qərar ona qarşı vergidən yayınma ittihamı üzrə açılmış cinayət işi ilə əlaqələndirilir. Məlum olub ki, prokurorun qərarı ilə Sarukyana qarşı cinayət təqibi başlanıb. O, İstintaq Komitəsinə çağırılıb və ona rəsmi ittiham irəli sürülüb. Sarukyan səslərin yenidən hesablandığı dövrdə – seçkilərdən dərhal sonra ölkəni tərk etməyi planlaşdırırdı, lakin səfərinin səbəbi açıqlanmamışdı. Seçkilərin yekun nəticələri elan edildikdən dərhal sonra R.Koçaryan da Ermənistandan qaça bilməyib. Onun siyasi qüvvəsi əvvəlcədən bildirmişdi ki, siyasətçi “şəxsi işləri” ilə əlaqədar 3 günlük səfərə çıxacaq. Lakin Robikin ölkədən çıxışına qadağanın səbəbi rəsmi şəkildə açıqlanmayıb və o, “Zvartnots” hava limanından geri qaytarılıb. Güman etmək olar ki, adları çəkilən şəxslər seçkiqabağı rüşvət verdikləri səbəbindən məsuliyyətə cəlb ediləcəklərini bildikləri üçün “asta qaçan namərddir” deyib aradan çıxmaq istəyiblər. Ancaq hakimiyyət daha zirək tərpənib və onların bu arzusunu gözlərində qoyub.

Qanunvericilik sərtləşdirilir

Bu arada seçkiqabağı rüşvət verilməsi məsələsi xeyli ciddiləşir. Hakim partiyadan olan deputat Vaaqn Aleksanyan iyunun 16-da Milli Assambleyada jurnalistlərlə söhbəti zamanı parlament seçkilərinin nəticələrini və müxalifətin seçkilərin nəticələrinin etibarsız sayılması tələblərini şərh edərkən deyib: “Bizim konstitusiya və qanunlarımızda seçkiqabağı dövrdə bu qədər böyük miqyasda rüşvət paylayan müxalifətlə necə davranılmalı olduğu aydın şəkildə göstərilməyib. Buna görə də biz ən qısa zamanda bu hüquqi boşluğu aradan qaldırmalı və Ermənistanda həmin yaramazların yuvalarını ləğv etməliyik. Aleksanyan qeyd edib ki, “Ermənistan” bloku, “Çiçəklənən Ermənistan” partiyası və “Güclü Ermənistan” partiyalar blokunun seçiciləri ələ almaq üçün həyata keçirdiyi fəaliyyətin miqyası Antikorrupsiyaya Komitəsinin aşkar etdiyi faktlardan aydın görünür.

Onun sözlərinə görə, bazar günü müxalifət partiyalarının MSK binası qarşısında keçirdiyi azsaylı etiraz aksiyası həmin siyasi qüvvələrin iddia etdikləri 500 min seçici dəstəyinə malik olmadığını göstərib. Deputat hesab edir ki, söhbət birdəfəlik maliyyə sövdələşməsindən gedir: insanlar pul alıb səs veriblər, lakin müxalifətin çağırışı ilə küçələrə çıxmağa hazır deyillər. “Hazırda biz son dərəcə mühüm qanunvericilik dəyişikliklərinin hazırlanması mərhələsindəyik. Bu dəyişikliklər seçkiqabağı rüşvətə görə məsuliyyətin ciddi şəkildə sərtləşdirilməsini və siyasi meydanın bu cür adamlardan tam təmizlənməsini nəzərdə tutur”, – deyə Aleksanyan vurğulayıb.

O əlavə edib ki, “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olmuş 4 nəfər seçkiqabağı rüşvət paylanması ilə bağlı cinayət işləri üzrə axtarışa verilib və istintaqdan yayınıb. Aleksanyanın fikrincə, bu fakt hakimiyyətin rəqiblərinin fəaliyyət üsullarının kriminal xarakter daşıdığını göstərir. R.Koçaryanın məhkəmə işləri və onun hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı yayılan məlumatları şərh edən Aleksanyan bildirib ki, keçmiş prezident çoxdan Ermənistandan qaçmaq arzusundadır, lakin bunu bacarmayacaq. O, Koçaryanı Milli Assambleyanın iclaslarına qatılmağa çağıraraq ona “unudulmaz sessiyalar” vəd edib. Deputat sonda onu da qeyd edib ki, keçmiş rejimin bütün cinayətlərini qeydiyyata almaq üçün superkompüter lazım olacaq, lakin bütün günahkarlar qanun qarşısında mütləq layiqli cəzalarını alacaqlar.

Səxavət HƏMİD
XQ



Siyasət