Cənubi Qafqaz, sülh və “3+3”

post-img

Hakan Fidanın Moskva səfəri ilə bağlı bəzi qeydlər

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri regionun həyatında mühüm hadisədir. Səfər gündəliyinə diqqət yetirsək, müzakirəsi aparılan məsələlərin beynəlxalq baxımdan da müstəsna əhəmiyyət daşıdığını söyləmək mümkündür.

Nəzərə alaq ki, Moskvada tərəflər, yəni H.Fidan və rusiyalı həmkarı Sergey Lavrov Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki durum ətrafında fikir mübadiləsi apardılar. Ehtimal var ki, onlar müəyyən parametrlər üzrə ortaq məxrəcə gələ biliblər. Bu barədə qəti fikir söyləmək olmasa da, hər iki tərəfin açıqlaması nikbinlik üçün müəyyən əsas verir.

TASS agentliyinin məlumatına görə, türkiyəli nazir deyib ki, rusiyalı həmkarını Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçi qismində çıxış etməyə və ya görüşlərin keçirilməsi üçün platforma təqdim etməyə hazır olduğu barədə məlumatlandırıb: “Həmkarımla apardığımız danışıqlarda Türkiyənin Ukrayna ilə bağlı müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu çatdırdıq. Ankara tərəfləri yenidən danışıqlar masasına qaytarmağa ümid bəsləyir”.

Türkiyə XİN rəhbəri onu da bildirib ki, ölkəsinin fəal iştirakı vəziyyətin sabitsizləşməsinin qarşısını almaq istəyindən irəli gəlir. Bu fikir heç də təsadüf sayıla bilməz. Çünki Ankara hərbi əməliyyatların nəzarətdən çıxaraq, daha geniş miqyas alması ehtimalından ehtiyatlanır. Elə H.Fidan da bu narahatlığı dilə gətirib: “Türkiyə dövləti olaraq müharibənin başa çatması üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Bu, vasitəçilik roluna da aiddir. İstər birbaşa vasitəçi kimi çıxış etmək, istərsə də vasitəçilik səyləri üçün platforma təqdim etmək olsun”.

S.Lavrovun bildirdiyinə gəlincə, o, Rusiyanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı ABŞ vasitəçiliyi çərçivəsində irəli sürülən təşəbbüslərə sadiq qaldığını bildirib. Yəni yalnız Birləşmiş Ştatların vasitəçilik xətti məqbuldur. Nazir, habelə, Avropa ölkələrinin vasitəçilik cəhdlərinə qarşı çıxaraq, Moskvanın ultimatum dilini qəbul etməyəcəyini vurğulayıb.

H.Fidanın Moskva səfərini vacib edən məqamlardan biri də gündəlikdə Cənubi Qafqazdakı durumun müzakirəsinin olmasıdır. Duruma isə Azərbaycan–Ermənistan sülh prosesi və regional kommunikasiyaların açılması məsələsi daxildir. Əlbəttə, “3+3” regional məşvərət fomatının və Türkiyə-Ermənistan normallaşmasının da görüşün müstəsna müzakirə predmetinə çevrildiyini söyləmək mümkündür. Hərçənd mediada yer almış məlumatlarda H.Fidan-S.Lavrov təmasının sırf Ankara-İrəvan münasibətləri ilə bağlı seqmenti bir o qədər diqqət çəkmir.

Qeyd edək ki, H.Fidanın Rusiyaya səfərinin Ermənistandakı parlament seçkilərindən sonraya təsadüf etməsi özlüyündə maraqlı məqamdır. Heç şübhəsiz, Baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının seçkilərdə qalib gəlməsi hay hakim komandasının legitimliyini yeniləyib. Bu o deməkdir ki, İrəvanın kritik qərarlar qəbul etmək imkanları əvvəlkindən daha genişdir. Mövcud durumun Rusiyada hansı reaksiyalar doğuracağı isə maraqlıdır.

Şimaldan eşidilən bəyanatlar Paşinyanın qalibiyyətini legitim kimi tanımaqdan uzaqdır. Halbuki, Türkiyədə əksini düşünürlər. Deməli, mövcud istiqamətdə Ankara-Moskva anlaşmasına ehtiyac var. Ehtiyac həm də o səbəbdən var ki, gerçəkləşdiriləcək proseslər Rusiya tərəfindən onun təsir zonasına müdaxilə qismində qiymətləndirilməsin, Kremldə qıcıq yaranmasın.

Onu da vurğulayaq ki, indiki məqamda Rusiyaya təminat lazımdır. Bu baxımdan Türkiyənin oynayacağı rol mühüm əhəmiyyətə malikdir. Rusiya əmin olmalıdır ki, Cənubi Qafqazda regional kommunikasiyaların açılması xüsusundakı fəaliyyət onun maraq və mənafelərinə zidd hansısa motivdən uzaqdır. Bunu söyləmək üçün bir məqama diqqət yetirək.

Bəzi siyasi müşahidəçilər hesab edirlər ki, Ermənistandakı parlament seçkilərinin nəticələri təkcə daxili siyasi gündəmi deyil, bütövlükdə, Cənubi Qafqazda qüvvələr nisbətini köklü şəkildə dəyişir. Axı Rusiyada uzun illər Moskvanın əsas strateji tərəfdaşı statusunun verdiyi üstünlüklərdən yararlanan İrəvanın hazırda, faktiki olaraq, əvvəlki müdafiə doktrinasının birtərəfli şəkildə ləğvinə təşəbbüs göstərdiyi qənaətindədirlər. Ekspertlərin fikrincə, bu yanaşma Rusiyanı Cənubi Qafqaz siyasi platformasında radikal addımlara sövq edə bilər. Hərçənd, onların bir qismi belə addımların heç bir nəticə verməyəcəyi düşüncəsindədir. Hər bir halda, Rusiyanı mövcud istiqamətdə də, belə demək mümkünsə, arxayın salmaq lazımdır ki, əslində, H.Fidanın timsalında Türkiyənin təklif edəcəkləri Kreml üçün etiraz bildirilməsi mümkünsüz məsələlərdir.

Ümumən, parlament seçkilərindən sonra Ermənistanın xarici siyasət kursunun necə davam edəcəyi, Rusiyanın regiondakı təsirinin hansı səviyyədə qalacağı və Bakı-İrəvan sülh sazişinin nə vaxt imzalana biləcəyi məsələləri aktuallaşıb. H.Fidanın Moskva səfərində Cənubi Qafqazın ayrıca mövzu kimi qeyd olunması bunun göstəricisi hesab edilə bilər. “Reuters”in məlumatına görə türkiyəli nazirin Rusiyaya səfərinin gündəliyinə Cənubi Qafqaz mövzusu məhz Paşinyanın seçki qələbəsindən sonra daxil edilib.

Yeri gəlmişkən, S.Lavrov da H.Fidanla görüşündə Cənubi Qafqaz mövzusundan söz açıb. Ancaq bir qədər fərqli. O deyib ki, Qara dəniz regionunda, eləcə də Cənubi Qafqazda, Yaxın Şərqdə və Şimali Afrikada təhlükəsizliyin təmin edilməsi məsələlərində sıx əməkdaşlıq etmək barədə razılığa gəldik: “Bu bölgələrin hamısında türkiyəli həmkarlarımızla yaxşı əlaqələr qurulub və biz qarşılıqlı şəkildə bir-birini tamamlayan əsasda fəaliyyət göstəririk”.

Bilavasitə Cənubi Qafqaza gəldikdə, Lavrov türkiyəli həmkarı ilə mövcud platformadakı vəziyyəti də müzakirə etdiklərini diqqətə çatdırıb. Sonda Lavrovun diqqətə çatdırdığımız fikirləri kontekstində bir məqamı xatırlatmaqla yazımıza yekun vuraq. Qeyd edək ki, vaxtilə “3+3” formatı yaradılanda Rusiya Azərbaycan-Ermənistan sülhünü bu formatdan ayrı tuturdu. Lavrovun özünün də bununla bağlı bəyanatları olub və o zaman Qarabağda separatçı rejim varlığını sürdürürdü. İndi isə Rusiya XİN başçısı bildirib: “Bu mühüm regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə ölkələrimizin regional əməkdaşlıq platforması olan “3+3” formatında iştirakının davam etdirilməsi kömək edəcək”. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət