Suriya qaz yataqlarının işlənməsi üçün ABŞ şirkətləri ilə razılaşmalar imzalayıb

post-img

Suriya ölkədəki bir neçə qaz yatağının işlənməsi üçün ABŞ-ın 2 şirkəti – "ConocoPhillips" və "Novaterra" ilə razılaşmalar imzalayıb. Bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Razılaşma Suriya Neft Şirkəti (SPC), "ConocoPhillips" və "Novaterra" arasında Energetika Nazirliyinin Dəməşqdəki baş binasında bağlanıb.

Agentlik qeyd edir ki, sənəd bir sıra qaz yataqlarının işlənməsini və artıq fəaliyyət göstərən obyektlərdə hasilatın artırılmasını nəzərdə tutur. Layihə Suriyanın energetika sektorunun gücləndirilməsinə, elektrik enerjisi istehsalı və iqtisadiyyatın digər əsas sahələri üçün təbii qaz tədarükünün genişləndirilməsinə yönəlib.

Suriyanın Energetika Nazirliyinin məlumatına görə, razılaşma tərəflər arasında anlaşma memorandumunun imzalanmasından sonra aparılan bir neçə aylıq texniki, hüquqi və kommersiya danışıqlarının nəticəsidir.

Daha əvvəl "Financial Times" qəzeti iki anonim mənbəyə istinadən yazmışdı ki, "ConocoPhillips" Suriyanın yeni hökuməti ilə razılaşma imzalayan ilk iri ABŞ neft-qaz şirkəti olacaq. Buna qədər aktivləri və fəaliyyət miqyası "ConocoPhillips"dən əhəmiyyətli dərəcədə kiçik olan Amerikanın "HKN Energy" şirkəti Suriya hökuməti ilə 25 illik müqavilə imzalayaraq ölkənin şimal-şərqindəki Rumeylan bölgəsində neft yataqlarının işlənməsinə başlamışdı.

XQ

Dünya