Aİ Ermənistan üçün təcili ticarət güzəştləri hazırlayır

post-img

"Financial Times" nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlərə cavab olaraq, Ermənistanla ticarət əlaqələrini yaxşılaşdırmaq məqsədilə təxirəsalınmaz tədbirlər paketi hazırlayır.

Bu çərçivədə Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına tətbiq edilən tarifləri azaldacaq birtərəfli ticarət güzəştlərinin (muxtar ticarət tədbirləri) tətbiqi nəzərdə tutulur. Mənbələrin bildirdiyinə görə, yeni tənzimləmələr hazırda Rusiyanın qadağaları ilə üzləşən məhsulların böyük hissəsini əhatə edə bilər ki, bu da ümumilikdə illik təxminən 420 milyon avro dəyərində ticarət dövriyyəsi deməkdir.

Brüssel hesab edir ki, Moskva sözügedən məhdudiyyətlərdən parlament seçkiləri ərəfəsində Ermənistanın qərbyönümlü hökumətinə təzyiq vasitəsi kimi istifadə edir. "İndi Ermənistanı daha fəal şəkildə dəstəkləməyin və etibarlı tərəfdaş ola biləcəyimizi nümayiş etdirməyin tam vaxtıdır. Onların dosta ehtiyacı var və biz qonşuluq coğrafiyamızı qorumalıyıq", - mənbələrdən biri nəşrə müsahibəsində vurğulayıb. Müvafiq təkliflərin yaxın həftələrdə rəsmən təqdim ediləcəyi gözlənilir.

XQ

Dünya