24-25 aprel 2026-cı il tarixlərində əvvəlcə Neftçala və Masallı, sonra isə Cəlilabad rayonlarında “Kulturologiya və insan kapitalının inkişafı” mövzusunda Kulturoloji Elmi Oxumalar keçirilib. Tədbir ölkənin, xüsusilə regionların elmi, mədəni və ictimai fikrini bir araya gətirən, strateji məzmun daşıyan mühüm platforma kimi diqqət çəkib.
Elmi oxumalar “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və “Simurq” Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib. Layihə “Azərbaycan Mədəniyyəti – 2040” dövlət konsepsiyasının icrasına həsr olunub və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrant dəstəyi əsasında reallaşdırılıb.
Tədbirin açılış hissəsində tanınmış kulturoloq alim, professor Fuad Məmmədov “Azərbaycan Mədəniyyəti – 2040” Dövlət konsepsiyası kontekstində Azərbaycan mədəniyyətinin inkişafının strateji məqsədləri haqqında” mövzusunda çıxış edib. Onun təqdim etdiyi “Yüksək Mədəniyyətli İnsan” slayd-şousu mədəni inkişafın insan amili üzərində qurulmasının əhəmiyyətini göstərən dəyərli konseptual yanaşma kimi maraq doğurub.
Professor Minaxanım Əsədli “Azərbaycanda kulturologiyanın tədrisi problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə kulturologiyanın tədrisinin cəmiyyətin özünü dərk etməsi, mədəni prosesləri savadlı şəkildə qiymətləndirməsi və gələcək nəsillərin daha hazırlıqlı formalaşması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Vüsalə Məmmədzadə “Davranış mədəniyyəti – yüksək mədəniyyətli azərbaycanlıların formalaşmasının ən vacib prioriteti kimi” mövzusunu diqqətə çatdırıb. Çıxışda etik münasibət, ünsiyyət tərzi, ictimai davranış və şəxsi məsuliyyətin cəmiyyətin inkişafında mühüm rol oynadığı qeyd olunub.
“Simurq” AMA-nın vitse-prezidenti Svetlana Bayramova “Azərbaycanlıların milli kimliyinin və meritokratik mədəniyyətinin formalaşdırılması zərurəti haqqında” mövzusunda çıxış edib. Məruzədə bilik, bacarıq, ləyaqət və milli şüur əsasında formalaşan ictimai modelin vacibliyi ön plana çəkilib.
Professor Səlahəddin Əyyubov “Universal kulturoloji biliklərin yayılması və Azərbaycanda mədəniyyət haqqında yeni qanunun qəbul edilməsi zərurəti haqqında” mövzusunda məruzə edib. Çıxışda mədəniyyət siyasətinin daha sistemli qurulması, kulturoloji biliklərin geniş yayılması və mədəni inkişafın hüquqi əsaslarının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Proqramın yekun hissəsində kulturoloji müzakirələr aparılıb və 30 aprel tarixində Bakıdakı Atatürk Mərkəzində keçiriləcək konfransda qəbul edilməsi nəzərdə tutulmuş Bəyannamənin təqdimatı keçirilmişdir.
XQ
















