Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbində onun anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib.
İştirakçılar görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri düzüb, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar.
Mərasimdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov dünyaşöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər. Qeyd olunub ki, alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Sonra məktəbin müəllimi Vüsalə Kazımovanın akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr etdiyi "İşıqlı irs" adlı interaktiv layihə və görkəmli oftalmoloq-alimin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
XQ

