Nurlu xatirələrdə yaşayan insan

post-img

Dünən Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli təbabət alimi, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi” mövzusunda xatirə mərasimi keçirilib.

Məclisdə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, Zərifə xanım Əliyevanın həyat yoluna nəzər saldıqda yalnız fədakar bir alimin deyil, eyni zamanda, zəngin mənəviyyata malik nümunəvi bir şəxsiyyətin obrazı canlanır: “Onun həyat fəlsəfəsi elmə sədaqət, insanlığa xidmət və milli-mənəvi dəyərlərə bağlılıq prinsiplərini özündə təcəssüm etdirir. Zərifə xanım Əliyevanın elmi nailiyyətləri günümüzdə də aktuallığını qorumaqla, müasir tibbin inkişafına dəyərli töhfələr verməkdə davam edir. Nümunəvi pedaqoq olan Zərifə xanım Əliyevanın yetişdirdiyi kadrlar bu gün Azərbaycanda və ölkə hüdudlarından kənarda uğurla fəaliyyət göstərirlər”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında bildirib ki, fədakarlığına, xeyirxahlığına və yüksək intellektinə görə insanların dərin hörmət və məhəbbətini qazanmış Zərifə xanım Əliyeva böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi.

Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, general-mayor Yusif Axundzadə bildirib ki, Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb. Bu işıqdan hamıya - ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara pay çatırdı. Onun ömür yolu parlaq səhifələrlə zəngindir.

Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Zərifə Əliyevanın bacısı qızı Ayəndə Adilova qeyd edib ki, Zərifə xanım Əliyeva yüksək insani keyfiyyətləri ilə Azərbaycan qadınının ideal obrazını yaradıb. Oftalmologiya elminə verdiyi töhfələrlə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyat yolu bizim üçün parlaq nümunədir.

Mərasim bədii hissə ilə davam edib.

T.RÜSTƏMLİ
XQ



Sosial həyat