ABŞ dövlət katibi Marko Rubio Kuba hakimiyyətini ABŞ-ın düşmənlərinin kəşfiyyat rəsmilərinin ölkə ərazisinə daxil olmasına icazə verməkdə günahlandırıb. Məlumatı EFE-yə istinadən “İnterfaks.ru” verib.
O deyib: “ABŞ düşmənlərinə bizdən 90 mil məsafədə kəşfiyyat zabitləri və ya hərbi bazalar yerləşdirməyə icazə vermək niyyətimiz yoxdur”.
Rubio heç bir ölkənin adını çəkməsə də, agentlik Kubanın əvvəlcə SSRİ, daha sonra isə Rusiya ilə uzunmüddətli tarixi əlaqələrinə işarə edib. Son onilliklərdə Havana Çinlə iqtisadi və texnoloji əməkdaşlığını da genişləndirib.
Kubadakı vəziyyəti şərh edən Rubio deyib: “Oradakı irəliləyişlər yalnız ciddi iqtisadi islahatlar yolu ilə əldə edilə bilər, amma iqtisadi cəhətdən səriştəsiz olan mövcud hakimiyyətlə yox”.
EFE xatırladır ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası bu ilin yanvar ayından bəri Kubaya təzyiqi artırıb. Havanaya yanacaq blokadası tətbiq edilib. Bundan əlavə, Tramp dəfələrlə Kubada hökumət dəyişikliyinə ehtiyac olduğunu bildirib.
P.ƏMİRCANOV
XQ

