Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə gərginliyin azaldılması məqsədilə bütün tərəfləri tam atəşkəsə riayət etməyə çağırıb.
XQ xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Vaşinqton regionda sülhün bərqərar olunmasına sadiqdir və İranla aparılan danışıqların uğurla davam etməsi üçün bütün tərəflərin məsuliyyətli davranmasının vacib olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, baş verən proseslər maliyyə bazarlarına da müsbət təsir göstərib. O qeyd edib ki, neft qiymətlərində enmə müşahidə olunur, fond bazarlarında isə artım qeydə alınır.
ABŞ Prezidenti həmçinin İsrail, Livan və "Hizbullah" da daxil olmaqla, regionun bütün cəbhələrində tam atəşkəsin təmin olunacağına ümid etdiyini ifadə edib.
Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanan memorandum tərəflər arasında hərtərəfli sazişin hazırlanması məqsədilə 60 günlük danışıqlar mərhələsinin başlanmasını nəzərdə tutur.
Sənəddə İranın nüvə proqramı ilə bağlı müzakirələrin aparılması, qarşılıqlı gərginliyin azaldılması, sanksiyaların mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə bağlı müddəalar da əks olunub.

