Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində “Rəqəmsal məkanda hüquqların qorunması: Məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” mövzulu sessiya keçirilib.
XQ xəbər verir ki, Zambiyanın İnsan Hüquqları Komissiyasının sədri Pamela Tovela Sambonun moderatorluğu ilə keçirilən sessiyada rəqəmsal məkanda insan hüquqlarının qorunması, şəxsi məlumatların mühafizəsi, məxfilik hüququnun təmin edilməsi, dezinformasiyanın yaratdığı çağırışlar və bu sahədə ombudsman institutlarının rolu müzakirə olunub.
Sessiyada Rumıniyanın Ombudsmanı Renate Veber, Serbiya Respublikasının Vətəndaşların Müdafiəçisi Zoran Paşaliç, BMT və insan hüquqları mexanizmləri üzrə ekspert Afərin Şahidzadə, Şimali Kipr Türk Respublikasının Ombudsmanı İlkan Varol və Ankara Medipol Universitetinin Kommunikasiya fakültəsinin dekanı Ergin Ergül çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, rəqəmsal texnologiyaların sürətli inkişafı insan hüquqlarının müdafiəsi sahəsində yeni imkanlarla yanaşı, məlumatların mühafizəsi, şəxsi həyatın toxunulmazlığı və dezinformasiyanın qarşısının alınması ilə bağlı yeni çağırışlar da yaradır. Natiqlər bu istiqamətdə milli qanunvericiliyin təkmilləşdirilməsinin, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin və media savadlılığının artırılmasının əhəmiyyətini qeyd ediblər.











