Hadi Əl-Yami: Dövlətlər süni intellekt üzrə milli fəaliyyət planları hazırlamağa təşviq edilməlidir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün əsas vəzifəmiz insan hüquqlarının ümumbəşəri prinsiplərinə əsaslanan etik rəqəmsal idarəetmə çərçivələrinin formalaşdırılmasıdır.

XQ xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Əli Əl-Yami “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin istiqamətdə dörd əsas prioritet önə çıxır. Birincisi, süni intellekt sistemlərində şəffaflığı, hesabatlılığı və ayrı-seçkiliyin qarşısının alınmasını təmin edən aydın etik və tənzimləyici standartların müəyyən edilməsidir. İkincisi, qadınlar, əlilliyi olan şəxslər və daha çox dəstəyə ehtiyacı olan qruplar da daxil olmaqla bütün cəmiyyət üzvlərinin süni intellekt texnologiyalarından bərabər və inklüziv şəkildə faydalanmasını təmin etməkdir. Üçüncüsü, süni intellektin insan hüquqları və insan ləyaqəti üzərində təsirinin davamlı monitorinqi və qiymətləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılmasıdır. Dördüncüsü, süni intellekt etikası və insan hüquqları sahəsində təcrübə və ən yaxşı praktikaların mübadiləsi məqsədilə beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi, daha ardıcıl, ədalətli və şəffaf idarəetmə mexanizmlərinin formalaşdırılmasıdır. Eyni zamanda, dövlətlər süni intellekt üzrə milli fəaliyyət planları hazırlamağa təşviq edilməlidir. Həmin planlar uyğun qanunvericilik bazasına, səmərəli institusional mexanizmlərə və milli xüsusiyyətləri nəzərə alan etik standartlara əsaslanmalıdır.

Qeyd olunub ki, insan hüquqları üzrə milli institutlar da süni intellektin idarə olunması mexanizmlərinin və milli qanunvericiliyin insan hüquqlarının universal prinsiplərinə və bəşəriyyəti birləşdirən etik dəyərlərə uyğunluğunu təmin etməkdə mühüm rol oynaya bilərlər: "Sonda qeyd etmək istərdim ki, bizim ortaq məsuliyyətimiz yalnız texnoloji tərəqqiyə uyğunlaşmaqdan ibarət deyil. Biz həm də bu tərəqqini insanın rifahına xidmət edəcək şəkildə istiqamətləndirməli, onun ləyaqətini və hüquqlarını qorumalıyıq.

Arzuladığımız gələcək yalnız texnologiyaların idarə etdiyi gələcək deyil. Bu, insan dəyərlərinin rəhbərlik etdiyi, elmi və texnoloji tərəqqinin həmin dəyərlərin işığında inkişaf etdiyi bir gələcəkdir. Ümidvaram ki, bu Sammitin müzakirələri səmərəli tərəfdaşlıqların və innovativ baxışların formalaşmasına töhfə verəcək, nəticədə məsuliyyətli və ədalətli süni intellekt sistemi qurulacaq və bu sistem bütün bəşəriyyətin rifahına xidmət edəcək".

Siyasət