İnsan hüquqlarına hörmət vacib və qazanılan dəyərlərdən biridir

post-img

18 iyun İnsan Hüquqları Günü

Bu gün İnsan hüquqlarının qorunması hər bir hüquqi dövlətin təməl daşıdır. Ölkəmizdə bu sahədə mövcud olan qanunvericilik, məhkəmə təcrübəsi, əldə olunan uğurlar, həlli gözlənilən çağırışlarla və bu günün əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı, İnsan hüquqları Komitəsinin üzvü Azər Allahverənov XQ-yə açıqlamasında bildirdi ki, hər il 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Öncə qeyd edim ki, 1998-ci il iyunun 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilibdir. Sonrakı mərhələdə Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə məhz həmin tarixi gün, yəni iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

Ümumiyyətlə, insan hüquqları barədə danışanda ilk növbədə onu xüsusilə qeyd etmək lazımdır ki, müxtəlif inkişaf mərhələlərindən keçən bəşəriyyətin əldə etdiyi bir çox nailiyyətlər var ki, o nailiyyətlər arasında insan hüquqlarına hörmət prinsipinin bərqərar olunması çox vacib və qazanılan dəyərlərdən biridir. Ümumiyyətlə, bəşəriyyət yaranandan bəri müxtəlif tarixi mərhələlərdə insanlar insan hüquqları ilə bağlı olan məsələləri ön plana çəkiblər. Dünyanın müxtəlif guşələrində yaşayıb-yaradan mütəfəkkirlər insan hüquqları mövzusunu hər zaman diqqət mərkəzində saxlayıblar. Və əsrlər boyu müxtəlif kateqorial bir filtrlərdən keçən insan hüquqları anlayışı artıq müasir hüquqda geniş şəkildə təsbit olunan və universal mahiyyətə malik bir anlayışdır. Bu gün istənilən demokratik cəmiyyətin, hüquqi dövlətin ən vacib atributlarından da biri məhz insan hüquqlarına göstərilən ehtiram, insan hüquqlarının qorunması, insan hüquqları ilə bağlı bütün təminat sisteminin konkret mexanizmlər üzərindən bərqərar olunmasıdır ki, bu da, təbii ki, çox vacib bir nailiyyətdir. 

Dünyada insan hüquqlarına təbii ki, universiallığından irəli gələrək birmənalı şəkildə, eyni tərzdə bir münasibət bəslənir. Amma bəzi hallarda indi biz də onun şahidi oluruq ki, ayrı-ayrı dövlətlər, xüsusilə də dünyanın inkişaf etmiş dövlətləri bu insan hüquqları prizmasından bəzi hallarda çıxış edərək özlərinin daha çox merkantil maraqlarını təmin edə biləcək o strateji qlobal bir hegemonluqda iddialarını təmin etməkdən ötrü məhz bu mövzu üzərindən digər dövlətlərlə münasibətdə çox bir saxta, yalançı insan hüquqları müdafiəçisi qismində çıxış etdiyini görürük. Təbii ki, bu, kifayət qədər geniş bir mövzudur. 

Amma sırf Azərbaycana gəldikdə, xüsusilə birmənalı şəkildə düşünürəm ki, ölkəmizdə insan hüquqlarının qorunması və ona hörmət ən yüksək səviyyədə təmin olunmaqla yanaşı, biz onun həm nəzəri, həm praktiki, həm siyasi, həm də hüquqi müstəvidə çox uğurlu şəkildə həyata keçirildiyini görürük və bu da dövlətimizin əsas siyasətini təşkil edən çox vacib nüanslardan biridir.

İlk əvvəl onu qeyd etməliyik ki, müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, eyni zamanda insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ən ali məqsədi kimi ön plana çıxarıb. Və bu Konstitusiyada əksini tapmış həmin strateji məqsəd, ilk növbədə, hüquqi islahatların və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib. Məhz bu baxımdan da, yeri gəlmişkən, bu mövqedən çıxış edən Azərbaycan hər zaman dünya ölkələri ilə münasibətdə məhz insan hüquqlarına hörmət mövqeyindən çıxış edib. Hətta 1998-ci ildə Azərbaycanda məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq  ölüm cəzası ləğv edilib.

Ümumiyyətlə, respublikamızda Ulu Öndərin dövründən üzü bəri baxsaq, görərik ki, hüquqi islahatların ən mühüm mərhələlərindən biri də məhz insan hüquqları və azadlıqlarının müdafiəsində səmərəli hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılmasıdır. Bəs biz burada ən çox vacib nüansı nədə görürük? Görürük ki, Azərbaycanda insan hüquqlarının, hüquq və azadlıqlarının, təmin olunması bir neçə müstəvidə və istiqamətdə həyata keçirilir. Bir tərəfdən bu, təbii ki, Konstitusiyada təsbit olunmuş müddəalar, o birmənalı şəkildə həmin siyasətin əsas təməl prinsiplərini təşkil  vı kifayət qədər böyük bir fəsli əhatə edir. Konstitusiyamızın, ikinci fəslinin 23-cü maddəsindən 80-ci maddəyə qədər hüquq və azadlıqları, o cümlədən də vəzifələri özündə ehtiva edən çox vacib bir fəsildir. Və bu, bir daha ən böyük fəslin elə bilavasitə insan hüquqlarına həsr edilməsi bu sahədə dövlətin prioritet siyasətə malik olduğunu göstərir.

Amma bununla yanaşı, təbii ki, ən önəmli məsələ həm də institusional səviyyədə bu təminatın həyata keçirilməsidir ki, bunun üçün də Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil institutu təsis edilib. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli fərman, habelə 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdu. Məhz bu müddəadan çıxış edərək Ombudsman təsisatının yaradılması üçün zəruri addımlar atılmış və bu nəticə etibarilə hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların bir məntiqi davamı kimi də dəyərləndirilə bilər.

Hətta yaxşı xatırlayıram ki, 1998-ci ildə Ombudsman institutunun təsis olunması ilə bağlı sonrakı mərhələdə, mənim də bilavasitə iştirak etdiyim bir sıra beynəlxalq tədbirlərdə, xüsusilə də bu MDB məkanında keçirilən beynəlxalq konfranslarda bu hadisə xüsusilə qeyd olunurdu. Çünki o dönəmdə bir çox ölkələrdə, keçmiş MDB respublikalarında hələ Ombudsman institutu tam oturuşmuş, bir institusional səviyyədə bərqərar olmuş bir insan hüquqları təminatı səviyyəsində deyildi. Amma Azərbaycan artıq bu istiqamətdə çox vacib addımlarını atırdı və nəticə etibarilə 2001-ci il dekabrın 28-də Milli Məclis Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununu qəbul edib və Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi bazanı formalaşdırıb. Və təbii ki, 2002-ci ilin martın 5-də də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə fərmanı imzalayıb və 2002-ci ilin iyul ayının 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələrin edilməsi barədə qanun qəbul olunub. Və beləliklə, gördük ki, institusional səviyyədə də artıq Azərbaycanda, yəni Ombudsman institutu üzərindən insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində çox vacib nailiyyətlərə imza atılmışdı. Və sonrakı mərhələdə də biz Ombudsmanın fəaliyyətində, xüsusilə də insan hüquqlarının qorunması istiqamətində görülən işlər barədə geniş, müfəssəl məlumat əldə edə bilirik. Hər il Ombudsmanın məruzəsində yer alan müddəalardan da göründüyü kimi, Azərbaycanda insan hüquqları ilə bağlı çox vacib işlər həyata keçirilməkdədir.

Əlbəttə ki, yeni dövrün özünəməxsus bir tələbləri də var. İlk əvvəl onu qeyd etmək lazımdır ki, postmünaqişə dövründə də, yəni bir çox məsələlərə münasibət hər bir dövrün tələblərindən irəli gələrək yeni-yeni istiqamətlərin formalaşdığını görürük. Xüsusilə də postmünaqişə dövründə bu Böyük Qayıdış proqramının həyata keçirilməsi, həm də burada 1 milyondan çox olan qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması istiqamətində çox vacib bir fəaliyyətlərdən biridir. Bu da ölkənin 5 Milli Prioritetlərindən biri hesab olunur və eyni zamanda biz digər tərəfdən də baxdıqda görürük ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri var və 17 məqsəd müəyyənləşibdir (hal-hazırda 18-ci məqsəd də müəyyənləşdirilməkdədir). Azərbaycanın insan hüquqları təminatı sahəsində həyata keçirdiyi ardıcıl və kifayət qədər də sistemli olan fəaliyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tələblərinə cavab verəcək tərzdə həyata keçirilməkdədir. Bu istiqamətdə ardıcıl olaraq dövlət tərəfindən zaman-zaman həyata keçirilən dövlət proqramları, müxtəlif yol xəritələri, eyni zamanda inkişaf strategiyaları bütövlükdə insan amilini ön planda saxlamaqla yanaşı, həm də insan hüquq və azadlıqlarının təmin olunması naminə həyata keçirilən çox vacib bir əhəmiyyətli tədbirlərdir.

44 günlük Vətən müharibəsindən sonra qazanılan möhtəşəm zəfər, həm də ölkəmizin beşdə bir hissəsinin işğaldan azad olunması və həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmək üçün çox əlverişli bir şərait yaratmış oldu. Amma bunun üçün də, təbii ki, ilk əvvəl həmin ərazilərin təhlükəsizlik şəkildə, təhlükəsiz vəziyyətə gətirilməsidir. Həmin ərazilərdə müvafiq infrastrukturun qurulması – yol, sosial, kommunal və digər səpkidə olan infrastrukturun bərqərar edilməsi, eyni zamanda həmin ərazilərdə zamanında köklü surətdə dağıdılmış kənd, şəhər və qəsəbələrin bərpa və orada yeni yaşayış massivlərinin salınması və bu ərazilərə keçmiş məcburi köçkünlərin qaytarılması, onların məşğulluq və digər səpkidə  hüquqlarının təmin olunması üçün dövlət 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış proqramını həyata keçirməyə başladı ki, bu da tamamilə yeni bir siyasəti formalaşdırmış oldu. Çünki burada ən önəmli məsələ, qeyd etdiyim kimi, yeni dövrün tələblərinə uyğun olaraq insan hüquq və azadlıqlarının təmin olunması üçün çoxaspektli bir siyasətin həyata keçirilməsinə ciddi ehtiyac olduğunu nəzərə alsaq,  bu məsələlər kompleks həllini tələb eləyən, çox konseptual mahiyyət daşıyan bir fəaliyyətdir ki, dövlətimiz bu istiqamətdə çox uğurlu siyasət həyata keçirməkdədir. Və cari ilin dekabr ayında həmin Böyük Qayıdış proqramının birinci mərhələsinin başa çatdığı bir ərəfədə 100 mindən çox keçmiş məcburi köçkünün həmin ərazilərə qayıdışı, orada zəruri infrastruktur imkanları ilə, sosial təminat sistemi ilə bilavasitə təmin ediləcək xidmət şəbəkəsinin qurulması ilə müşayiət olunan bir yanaşmanın da olacağını biz görürük. Çünki bu günə qədər artıq 88 mindən çox şəxsin həmin ərazilərə qayıdışı təmin edilmişdir ki, ilin sonuna qədər bu rəqəmin daha çox olacağı gözlənilir.

Qeyd etdiyim kimi, həm Konstitusiya, həm konstitusion əsaslara, həm də ki, ən önəmli olan məsələ də mərkəzi icra hakimiyyəti orqanının bilavasitə fəaliyyəti olduqca vacibdir, çünki bu həm də institusional mexanizm çərçivələrini verir. 

Burda eyni zamanda dövlətin də üzərinə götürdüyü bir sıra öhdəliklər var ki, İnsan Hüquqları Konvensiyası və digər təsisatların müəyyən etdiyi strategiyaya cavab verə biləcək, strategiyadan doğan öhdəliklərdir. Və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə öz əksini tapmış həmin öhdəliklər birmənalı olaraq dövlətimiz tərəfindən çox uğurlu şəkildə həyata keçirməkdədir ki, biz bunu müxtəlif sahələrdə insan hüquq və azadlıqlarının təmin olunmasında xüsusilə görürük. Digər bir istiqamət maarifləndirmə məsələləridir. Düşünürəm ki, burada da yenə də dövlətin başlıca siyasəti həm də insan hüquqlarının effektiv təmin olunması üçün maraqlı tərəflərin iştirakı ilə geniş bir maarifləndirmə, xüsusilə də insan hüquqları sahəsində məlumatlandırma kampaniyalarının həyata keçirilməsidir ki, bu səpkidə də həm aidiyyəti dövlət qurumları, həm də ki, vətəndaş cəmiyyəti uzvlərı çox fəal surətdə fəaliyyət göstərirlər. 

Nəticə etibarilə görürük ki, əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə dəstək, məşğulluq proqramları, səhiyyə xidmətlərinin genişləndirilməsi, bu istiqamətdə məhz həmin maraqlı tərəflərin iştirakı ilə icra olunan fəaliyyətlərdir ki, yenə də burada da əlavə bir seqment olaraq müharibə iştirakçıları, şəhid ailələri, qazilərlə bağlı dövlətin də həyata keçirdiyi sosial təminat sahəsi də olduqca vacib, prioritet istiqamətlərdən biri kimi bəyan edilibdir. 

Eyni zamanda burada önəmlisi həm də qanunvericiliyin zaman-zaman təkmilləşdirilməsidir. Yeni normativ aktların qəbul edilməsi, onların icrası həm də bu baxımdan insan hüquqlarının bilavasitə təminatı ilə bağlı olan məsələlərdir ki,  ayrı-ayrı sahələrdə, xüsusilə də bunun açıq, geniş şəkildə təmin olunduğunu görürük. Amma indi bu gün bu rəqəmsal, yüksək texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə yeni bir rəqəmsal bir ehtiyacların formalaşdığı da, bu da eyni zamanda insan hüquqları ilə bağlı çox sıx əlaqəli olan sahələrdir. Çünki son zamanlar süni intellektin, rəqəmsal texnologiyaların yaratdığı müsbət presedentlərlə yanaşı həm də insan hüquqlarının bu və ya digər formada pozulmasına gətirib çıxara biləcək bir nümunələri də formalaşıbdır. Azərbaycanda, xüsusilə də bu son zamanlar rəqəmsal texnologiyalarla, süni intellektlə bağlı qəbul edilmiş sənədlərin də mahiyyətinə diqqət yetirdikdə burada yenə də əsasən insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasına yönələcək tədbirləri ehtiva edir. 

Bu gün Azərbaycanda İnsan Hüquqları Gününün qeyd olunması dövlətin bu məsələyə həssas münasibət göstərdiyininin bir daha bariz şəkildə təsdiq edir. Ombudsman tərəfindən ardıcıl olaraq hər il İnsan Hüquqları Aylığının məhz may ayının 18-dən iyun ayının 18-nə qədər keçirilməsi bir çox təhsil müəssisələrində, müxtəlif təsisatlarda insan hüquqları ilə bağlı geniş maarifləndirmə tədbirlərini, o cümlədən aksiyaların, sonra məlumatlandırma kampaniyalarının keçirilməsini ehtiva edir ki, nəticə etibarilə bu  həm də cəmiyyətin bu mövzuya olan münasibətinin çox vacib bir göstəricisidir. 

Qeyd etdiyim kimi, bəşəriyyətin ən böyük nailiyyətlərindən biri insan hüquqları anlayışının formalaşdırmaqdır, bunu bir konsept olaraq müəyyən etməsidir ki, demokratik və hüquqi dövlətlərin insan hüquqlarının təminatı kontekstində həyata keçirdiyi fəaliyyət məhz ən vacib, həm də bir örnək, nümunə kimi dəyərləndirilə biləcək bir haldır.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat