Dünən Prezident Kitabxanasında Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, dövlət rəsmiləri və akademikin ailə üzvləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Direktor çıxışında Zərifə xanımı minlərlə insanın qaranlıq dünyasına nur bəxş edən şəxsiyyət kimi səciyyələndirib.
Daha sonra Zərifə xanım Əliyevanın zəngin ömür yolunu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Prezident Kitabxanasında akademikə həsr olunmuş elektron layihə, virtual sərgi və ənənəvi kitab sərgisi də hazırlanıb.
Məclisdə Zərifə xanım Əliyevanın ailə üzvü Lalə Cəfərova, yazıçı-publisist Şərəf Cəlilli, tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru, Nigar Axundova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Əməkdar jurnalistlər Tahir Talıblı və İttifaq Mirzəbəyli çıxış edərək akademikin elmi irsi və ictimai fəaliyyəti haqqında öz fikirlərini bölüşüblər. Tədbirdə alimin zəngin fəaliyyətinin və nəcib şəxsiyyətinin unudulmaz bir nümunə olduğu diqqətə çatdırılıb.
XQ

