Bakıda qlobal aqrosənaye təqdimatlarına hazırlıq

post-img

Gələn həftə Bakıda “Caspian Agro Week”–19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan”–31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, eləcə də “Horeca Caspian”–14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.

Regionun kənd təsərrüfatı və qida sənayesi üzrə sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin mühüm hadisəsidir. Mayın 5-dən 8-dək davam edəcək sərgilərə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərəcək. Qurum, həmçinin sərgilərdə öz stendi ilə iştirak edərək aqrar sektorun inkişafına yönəlmiş layihələr, innovativ yanaşmalar və dövlət dəstəyi mexanizmləri barədə ziyarətçilərə geniş məlumat təqdim edəcək.

Eyni zamanda, “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası da sərgiyə lazımi dəstək göstərəcəklər.

Artıq dünyanın 45 ölkəsindən 447 şirkət sərgilərdə iştirakını təsdiq edib. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya Federasiyası, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir. Eyni zamanda, sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər.

2026-cı ildə “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşəcək ki, bu da əsas yeniliklərdən biri kimi diqqət çəkir. Beləliklə, qida sənayesini təmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bu pavilyonda ziyarətçilərə təqdim edəcəklər. Bu yanaşma ziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qida sektoruna aid bütün yenilikləri vahid bir məkanda, daha rahat şəkildə izləməsinə imkan yaradacaq.

Məlum olduğu kimi, sərgilər Bakı Ekspo Mərkəzinin həm qapalı pavilyonlarında, həm də açıq hava sahəsində təşkil olunur. Açıq sahədə kənd təsərrüfatı üçün nəzərdə tutulan irihəcmli texnika və ən müasir aqrar məhsulların geniş ekspozisiyası nümayiş olunacaq. Burada ziyarətçilər aqrar sektorun ən son texnoloji nailiyyətləri və avadanlıqları ilə yaxından tanış ola biləcəklər.

Builki sərgidə xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, Azərbaycanın bölgələri də fəal şəkildə təmsil olunacaq. Bu da ziyarətçilərə sərgilər çərçivəsində bölgələrin aqrar və qida sahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı qazandıracaq.

Regionun ən böyük aqrar sərgisi olan “Caspian Agro Week” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyanı bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradır.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunacaq.

Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi, bu il də “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirəcəklər. Bu, qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir.

Sərgilərin təqdimat zonasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir sıra forumlar keçiriləcək. Bununla yanaşı, sərgi günlərində Bakı Ekspo Mərkəzinin təqdimat zonasında “Food & Agro Talks” adlı sahə üzrə təqdimatlar və master-klasslar təşkil ediləcək. Burada aqrar və qida sənayesinin aparıcı mütəxəssisləri, istehsalçılar və sahə nümayəndələri aktual mövzular ətrafında çıxışlar edəcək, real təcrübə və biliklərini bölüşəcəklər.

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat