Paşinyanın “sərhəd mesajı” və ya rəzillikdən xilas anonsu

post-img

Ermənistanın Baş naziri bu dəfə nəyi dedi, nəyi demədi?

Səhifədə gördüyünüz mənzərəni yazı müəllifi illər əvvəl Türkiyə–Ermənistan sərhədində lentə alıb. Hazırda vəziyyət necədir, xəbərimiz yoxdur. Amma 2015-ci ildə Qarsdakı tarixi Ani xarabalıqlarından qarşı tərəfə nəzər salanda Rusiyanın bayrağının Ermənistanın bayrağından hündürdə dalğalandığı görünürdü. Ərazi ikincinin, yüksəkdəki rəmz birincinin...

“Ermənistanın bütün sərhədləri Sərhəd Qoşunlarının məsuliyyəti altında olmalıdır”. Bu fikri Baş nazir Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaranmasının ildönümünə həsr olunmuş mərasimdə çıxışında bildirib: “Sərhəd Qoşunlarının yerləşdikləri yerdə təhlükəsizliyə daha çox inam olur. Məhz bu inam sayəsində dövlət sərhədin bu və ya digər hissəsini sərhəd mühafizəçilərinin xidmətinə təhvil vermək qərarına gəlib”.

N.Paşinyanın fikirləri adi sayıla bilməz. Məsələ ondadır ki, hazırda Ermənistanın yalnız Türkiyə ilə deyil, eyni zamanda, İranla sərhəd xəttində Rusiya hərbçiləri keşik çəkirlər. Bu, müasir dövrdə son dərəcə unikal hadisədir. Ortada hətta bənzərsiz və təkrarsız durum var. Deməli, Nikolun söylədikləri keçmişin əmanəti sayılan rəzil mənzərənin dəyişəcəyinə dair anonsdur. Həqiqətən, necə mümkündür ki, bir dövlət özünü müstəqil adlandırsın, ancaq onun sərhədlərində başqa bir dövlətin hərbçiləri dayansın? Nəinki dayansınlar, habelə söz sahibi olsunlar. Bir neçə gündən sonra Ermənistan Avropa Siyasi Birliyinin növbəti sammitinə ev sahibliyi edəcək, “köhnə qitə”nin liderləri İrəvana toplaşacaq. Bir anlıq onların təhlükəsizliyinin Rusiyanın nəzarətində olduğunu təsəvvürə gətirin. Axı Vətənin özü kimi, onun təhlükəsizliyi də sərhəddən başlayır.

Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya hərbi kontingentinin qoruması həm tarixi, həm hüquqi, həm də geosiyasi baxımdan izah olunur. Bu mövzuda bir neçə əsas məqamı vurğulamaq mümkündür. İlk növbədə, tarixi-hüquqi bazaya söykənib bildirək ki, Ermənistan müstəqillik qazandıqdan sonra, konkret olaraq, 1991-ci ildə sərhədlərin qorunması məsələsində Rusiya ilə əməkdaşlığa getdi. Səbəb kimi resurs çatışmazlığı və təhlükəsizlik amili əsas götürüldü. Əslində isə...

Beləliklə, 1992-ci ildə tərəflər arasında müqavilə imzalandı. Müqaviləyə əsasən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Ermənistanın hər iki qonşusu ilə sərhədlərində yerləşdirildi. Onu da deyək ki, müstəqillik illərində Ermənistan üçün xüsusilə Türkiyə ilə sərhəd həssas hesab olunub. Çünki iki ölkə arasında diplomatik münasibətlər qurulmadı. Üstəlik, Ankara Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağladı və durum hələ dəyişməyib. Hərçənd, son illər Türkiyə-Ermənistan normallaşmasında irəliləyiş əldə olunub və mövcud amil bağlı qapıların açılacağına ümid yaradır. Bəli, 1992-ci ildə Rusiya amili Ermənistan üçün təhlükəsizlik zəmanəti kimi təqdim olunurdu. Həmçinin hay təfəkküründə Türkiyənin ermənilərə qarşı soyqırımı törədən dövlət olması və ənənəvi türk düşmənçiliyi ideyası sözügedən zəmanəti gücləndirən amil rolunda çıxış etdi. İranla sərhəd isə həmişə açıq qalsa da, rəsmi İrəvan regiondakı ümumi qeyri-sabitlik fonunda burada da Rusiya nəzarətinin saxlanılmasını məqbul saydı. Yəni görünən tərəf budur. Reallıq isə ondan ibarətdir ki, Ermənistanda Rusiya qoşunlarının mövcudluğu birincinin xunta rejiminin, hətta dərin mənada Qarabağ avantürasının saxlanılmasına xidmət edirdi və başlıca məqam ölkəni idarə edənlərin Moskvanın əlaltıları olmaları idi. Axı söhbət Azərbaycan torpaqlarının işğalında Ermənistana hərtərəfli dəstək göstərən Rusiyadan gedir. Məsələyə mövcud prizmadan yanaşsaq, 1992-ci il müqaviləsi yalnız formal xarakter daşıyıb. Yəni ruslar onsuz da dayanmalı olduqları yerdədirlər. Hazırda isə Paşinyan administrasiyası həmin yeri, obrazlı desək, dar etməyə çalışır. Çünki faktiki olaraq, Ermənistanda rus hərbi varlığına ehtiyac yoxdur. Əksinə, bu varlıq zərərlidir.

Haqqında söz açdığımız müqavilənin mexanizmi təkcə sərhəd mühafizəsi ilə məhdudlaşmır. Nəzərə alaq ki, Rusiya silahlı qüvvələri Ermənistan ərazisində, xüsusilə Gümrüdə yerləşən 102-ci hərbi baza vasitəsilə geniş təhlükəsizlik missiyası yerinə yetirirlər. Mövcud məqam ümumi müdafiə sistemində Ermənistanın Rusiyadan asılılığını artırır. Buna görədir ki, birincinin tam suverenliyinə dair suallar yaranır. Ermənistan hakimiyyəti Rusiya sərhədçilərinin İrəvanın Zvarnots Hava Limanındakı fəaliyyətinə son qoyulmasına da son dərəcə ehtiyatla yanaşdı. Paşinyan illərlə davam edən xidmətə görə Kremlə təşəkkürünü çatdırdı və erməni hərbçilərin artıq təcrübə topladıqlarını vurğuladı. Hərçənd soyuq reallıq onu deməyə əsas verir ki, erməni iqtidarının qərarı daha böyük dəyişiklikdən əvvəlki sınaq xarakterli testdir.

Bir məqamı da vurğulayaq: Ermənistanla Rusiya arasında sərhəd mühafizəsi razılaşması hüquqi baxımdan ikitərəfli müqavilədir. Birinci istəsə, sənədi ləğv edə bilər. Ancaq bunun ciddi siyasi nəticələr doğuracağı və onsuz da soyuq məcraya malik Moskva-İrəvan münasibətlərinə mənfi təsir göstərəcəyi birmənalıdır. Axı Rusiya Cənubi Qafqazda mövcudiyyətin yalnız jandarm funksiyasını təsəvvürə gətirir. Yeri gəlmişkən, ölkə zamanında Azərbaycana da İranla sərhədləri qorumaqla bağlı təklif irəli sürmüş, belə bir missiyaya razılıq qarşılığında Qarabağ məsələsində dəstək vəd etmişdi. Aydındır ki, ölkəmizin rəhbərliyi bu sayaq siyasi bazarlığa gedə bilməzdi və getmədi də.

...Reallıq odur ki, Ermənistanın İran və Türkiyə ilə sərhəd-keçid məntəqələrində söz sahibi ruslardır. Ölkənin öz sərhəd qoşunları olsa da, həmin qoşunlar daha çox ikinci dərəcəli və ya koordinasiyaedici funksiyanı yerinə yetirirlər. Xüsusən, Türkiyə sərhədi tam bağlı olduğundan, burada rus hərbi komponenti daha güclüdür. İran istiqamətinə gəlincə, burada da nəzarət mexanizmi bilavasitə rusların iştirakı ilə həyata keçirilir. Paradoksa baxın, Ermənistanın öz hərbçiləri müstəqil şəkildə yalnız Azərbaycanla sərhədyanı zolaqda yerləşib. Bu məqam ətrafında düşünməyə dəyər. O anlamda ki, illərlə hərbi-siyasi münaqişə durumuna baxmayaraq, yekunda İrəvan dövlət atributunun tam funksionallığını məhz ölkəmizlə sərhəddə təmin edib. Hesab edirik ki, parlament seçkiləri ərəfəsində olan erməni cəmiyyətinin bundan nəticə çıxarması və sülhü prioritet seçməsi vacibdir...

Yenidən N.Paşinyanın fikirlərinə qayıdaq. Aydındır ki, həm Nikolun, həm də onun komandasının təmsilçilərinin Rusiyanın Ermənistanın təhlükəsizlik təminatı paramentrlərinə uyğun gəlmədiyinə dair çoxsaylı açıqlamaları var. Hiss olunur ki, erməni iqtidarı ölkədəki rus hərbi varlığı ilə yollarını ayırmaq üçün ciddi mətləblər axtarışındadır. Nəzərə alaq ki, bu axtarışın əlahiddə səbəbləri var.

Birinci səbəb “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”, yaxud TRIPP layihəsidir. O layihə ki, reallaşması Ermənistanın Azərbaycanla ötən il avqustun 8-də Vaşinqtonda imzaladığı Birgə Bəyannamənin vacib komponenti və öhdəliyidir. Rəsmi İrəvan öhdəliyi qüsursuz yerinə yetirməlidir. Ötən ildən indiyədək mövzu ətrafında gedən müzakirələr onu göstərir ki, İranla sərhəddəki rus hərbi varlığı layihənin nəzərdə tutulan qüsursuzluq seqmentinə ziddir. Rəsmi Moskvanın TRIPP-dən söz düşəndə özünün silahlı kontingent mövcudluğunu yada salması da bunu söyləməyə əsas verir. Deməli, layihə üçün qeyri-müəyyənlik yaradan vəziyyət aradan qalxmalıdır.

İkincisi, haqqında söz açdığımız və son vaxtlar intensivləşən Türkiyə-Ermənistan normallaşma xətti ayrıca vurğulanmalıdır. Məlumdur ki, erməni iqtidarının təmsilçiləri indidən Türkiyə istiqamətindəki sərhəd-keçid məntəqələrində yalnız erməni sərhədçilərinin xidmət aparacaqlarını diqqətə çatdırıblar. Bu, son dərəcə önəmlidir. Hər halda, fəaliyyət göstərəcəkləri təqdirdə sözügedən məntəqələr böyük daşımaların həyata keçirildiyi nöqtələr olacaq. Tam aydındır ki, maraqlı tərəflər həmin nöqtələrdə Rusiyanın jandarm missiyası yerinə yetirməsi, söz sahibi olması reallığı ilə barışmayacaqlar. Yəni Paşinyan həm də bu səbəbdən öz mesajını gerçəyə çevirməlidir.

Sonda onu da deyək ki, Paşinyanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaranmasının ildönümünə həsr olunmuş çıxışında söylədikləri xeyli dərəcədə indinin məsələsi deyil. Ermənistan parlament seçkiləri ərəfəsindədir və Rusiya hərbçilərinin ölkədən çıxarılmaları yox, ümumən digər vacib məsələlərin həlli üçün iqtidarın, ilk növbədə, seçki qalibi olması şərtdir. Əks təqdirdə...

Ə.CAHANGİROĞLU
XQ

Siyasət