Beynəlxalq hüququn müdafiəsində dəyişməz mövqe

post-img

Azərbaycan Şərqi Avropa və Cənubi Qafqaz təhlükəsizlik konsepsiyalarının kəsişmə nöqtəsidir

Dövlətlərin xarici siyasət kursunda yaranan yeni çağırışlara adekvat cavabların verilməsi strateji yanaşma tələb edir. Dünyada formalaşan mürəkkəb hərbi-siyasi mənzərə fonunda tərəflərarası əlaqələrin dərinləşdirilməsi prioritet istiqamətə çevrilib. Aprelin 25-də Qəbələdə baş tutan yüksək səviyyəli təmaslar bu reallığın praktiki təzahürü idi. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna lideri Volodimir Zelenski arasında gerçəkləşən görüş, ümumilikdə, Şərqi Avropa və Cənubi Qafqaz regionlarının təhlükəsizlik dinamikasının təhlili baxımından vacib məqamdır. Siyasi və diplomatik proseslərin xronologiyasına diqqət yetirdikdə aydın görünür ki, tərəflər arasında formalaşan etimad müvəqqəti xarakter daşımır, əksinə, davamlı və ardıcıl siyasi xəttin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə əsasən, son 4 il ərzində prezidentlər səviyyəsində 7 təmasın keçirilməsi, sonuncu görüşün iki ay əvvəl Münxen şəhərində baş tutması yüksək dinamikanı nümayiş etdirir. Hazırda qarşılıqlı hörmətdən, həmçinin ortaq maraqların təmin edilməsindən bəhs olunur. Ukrayna rəhbərinin Azərbaycana dövlət başçısı kimi 2019-cu ildə baş tutan ilk səfəri şəxsi münasibətlərin əsasını qoydu və həmin əlaqələr hazırda uğurla davam edir. Eyni zamanda, Azərbaycan rəhbərinin 2022-ci ilin yanvar ayında Kiyevə etdiyi səfər özündə beynəlxalq ictimaiyyət üçün aydın mesajlar ehtiva edirdi. Bu mesajlar dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri hər iki ölkənin xarici siyasət strategiyasının təməl sütunu ilə bağlı idi.

Volodimir Zelenski müxtəlif beynəlxalq platformalarda gerçəkləşən təmasları xatırladaraq tərəflərin daim qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğuladı. Son dərəcə ağır və mürəkkəb dövrdə Azərbaycandan alınan 11 yardım paketinin dostluğun və həmrəyliyin real ifadəsi olduğunu deyən Ukrayna lideri göstərilən yardıma görə ölkəmizin başçısına dərin təşəkkürünü bildirdi. Həmçinin cəbhə bölgəsindən gələn ukraynalı uşaqlara göstərilən diqqətə, humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə xüsusi minnətdarlığını çatdırdı. Həmin azyaşlılar ağır əzab-əziyyətlərlə üzləşib, dəhşətli müharibənin travmalarını yaşayıblar. Təqdim olunan dəstək son dərəcə qiymətlidir. Hazırda 500-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçir və humanitar missiyaya görə səmimi minnətdarlıq ifadə olunur.

Qəbələ görüşü əsnasında bir daha vurğulandı ki, Azərbaycan Ukraynanın hazırda yaşadığı müharibə reallığını çox yaxşı və dərindən anlayır. Səbəb isə odur ki, xalqımız illərlə müharibənin ağrısını, uzunmüddətli işğalın acı nəticələrini və dəhşətli dağıntıları taleyində yaşayıb. Tarixi paralellər və oxşar talelər eyni hüquqi müstəvidə fəaliyyət göstərən, bənzər geosiyasi təhdidlərlə üzləşən ölkələrin strateji tərəfdaşlığını möhkəm təməllərə bağlayır. Xarici işğal amilinin cəmiyyətdə yaratdığı psixoloji, sosioloji, demoqrafik təsirlər Azərbaycana yaxşı tanışdır. Uzun illər davam edən hərbi təcavüz, torpaqların zəbt, mədəni irsin məhv edilməsi kimi ağır cinayətlər Azərbaycan xalqının milli yaddaşında silinməz izlər buraxıb. Müvafiq olaraq, Ukraynanın üzləşdiyi fəlakətlər və ərazi bütövlüyünün pozulması faktı rəsmi Bakı tərəfindən həssaslıqla qəbul edilir.

Görüşün Qəbələdə keçirilməsi faktının arxasında maraqlı nüanslar mövcuddur. Diplomatik praktikada regionlara səfərlər, təmasların paytaxtdan kənarda təşkil edilməsi yüksək etimadın, dostluğun və sıx əlaqələrin nümayişi kimi qiymətləndirilir. Alban dövlətinin paytaxtı olmuş Qəbələnin qədim tarixi, mədəni zənginliyi və sakit atmosferi aparılan danışıqların işgüzar ruhuna müsbət təsir göstərir. Siyasi məzmun baxımından isə nümayiş etdirilir ki, dövlətlərarası əlaqələr daha səmimi xarakter alıb. Münxen Təhlükəsizlik Konfransı zamanı formalaşdırılan gündəliyin iki ay sonra Qəbələdə müfəssəl şəkildə davam etdirilməsi sistemli xarici siyasətin təcəssümüdür. Liderlərin mütəmadi təmasları qərar qəbuletmə mexanizmlərinin sürətləndirilməsini və bürokratik əngəllərin aradan qaldırılmasını təmin edir. Dünya siyasətində böhranların kəskinləşdiyi, beynəlxalq təşkilatların operativliyinin sual altına düşdüyü dönəmdə ikitərəfli dialoqun keyfiyyəti həlledici əhəmiyyətə malikdir. Siyasi sistemlərin fəaliyyət qabiliyyəti bilavasitə liderlərin çevikliyi və strateji baxışları ilə ölçülür.

* * *

Dövlətlərin davranışında humanitar diplomatiyanın artan rolu xüsusi əhəmiyyətə malikdir. 500-dən çox uşağın sağlamlıq, reabilitasiya və istirahət imkanları ilə təmin edilməsi quru rəqəmlərdən daha böyük məna ifadə edir. Bu addım bilavasitə gələcək nəsillərin sağlamlığına qoyulan mənəvi sərmayədir. Savaşın dəhşətlərini yaşamış, bombaların səsini eşitmiş azyaşlıların sülh şəraitində, təhlükəsiz mühitdə cəmiyyətə yenidən inteqrasiyası böyük miqyaslı humanizm aktıdır. Xəstəxanaların, məktəblərin, yaşayış binalarının dağıdıldığı ərazilərdən çıxarılan uşaqlara uzadılan yardım əli siyasi bəyanatlardan daha təsirlidir. Ukraynaya göndərilən 11 yardım paketi isə infrastrukturun bərpasına, mülki əhalinin gündəlik ehtiyaclarının ödənilməsinə, elektrik və enerji böhranının yüngülləşdirilməsinə xidmət edir. Diplomatik bəyanatların real əməllərlə tamamlanması siyasətin səmimiyyət göstəricisidir.

Böhranlı vəziyyətlərin idarə olunması təcrübəsi göstərir ki, siyasi rəhbərlər arasındakı etimad həlledici rola malikdir. Dörd il ərzində keçirilən yeddi görüş böhranların idarə edilməsi sahəsində formalaşan sıx koordinasiya prosesidir. Çoxtərəfli beynəlxalq platformalarda tərəflərin sərgilədiyi həmrəylik səsvermə proseslərində, hazırlanan qətnamələrdə və müştərək bəyanatlarda açıq sezilir. Əməkdaşlığın inkişaf səviyyəsi qlobal güclərə tərəfdaşlığın sarsılmaz olduğu mesajını ötürür. Qarşılıqlı hörmət konsepti suveren hüquqlara bərabərhüquqlu yanaşmanın hüquqi fəlsəfəsidir. Münaqişələrin vurduğu yaraların sağaldılması illər, hətta onilliklər tələb edəcək. Şəhərlərin bərpası, infrastrukturun yenidən qurulması, əhalinin doğma yurdlarına qayıtması nəhəng resurslar və güclü iradə istəyir. Azərbaycan otuz illik işğal faktına son qoyduqdan sonra azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Qazanılan təcrübə, minatəmizləmə əməliyyatlarının aparılması, müasir kəndlərin və şəhərlərin inşası sahəsində əldə edilən nailiyyətlər gələcəkdə Ukrayna üçün faydalı nümunə olacaq.

Tərəfdaşların qarşılıqlı olaraq uzatdığı dostluq əli strateji həmrəylik nümunəsidir. Zaman, məkan və qarşıda duran nəhəng geosiyasi maneələr tərəflərin qətiyyətli siyasi iradəsi qarşısında əhəmiyyətini itirir. Qəbələ görüşünün yekunları göstərir ki, təmaslar, gələcək hədəflərin müəyyənləşdirilməsi, diplomatik xəttin aydınlaşdırılması uğurla nəticələndi. Eyni mövqeyin müdafiəsi beynəlxalq tribunalarda daha güclü səslənməyə zəmin yaradacaq. Uğurlu xarici siyasətin arxasında qüdrətli dövlət, əzmli xalq və uzaqgörən rəhbər amili mütləq bütövlük təşkil edir. Tərəflərin nümayiş etdirdiyi siyasi həmrəylik sınaqdan çıxmış strategiyanın bariz göstəricisidir. Nümayiş etdirilən diplomatik məharət isə tərəflərə mürəkkəb beynəlxalq proseslərdən daim qalib və daha güclü çıxmağa imkan verəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət