Siyasət və süni intellekt

post-img

IV MƏQALƏ

“Posthibrid” anlayışı

Hibrid müharibə artıq müəyyən təcrübəyə çevrilmişdir. Öncəki məqalədə vurğuladığımız kimi, “hibrid müharibə” adi silahlarla informasiya təxribatları, kiber, süni intellekt, iqtisadi sabotaj, təbliğat, təşviqat və dezinformasiya vasitələrinin bir-birini tamamlaması anlamında sinkretik uzlaşdırılmasını ifadə edir. Bu zaman adi silahlar vasitəsilə hərbi əməliyyatlar zəruri “sərt təsir” vasitəsi kimi nəzərə alınır. Eyni zamanda, informasiya texnologiyalarının və süni intellektin çox müxtəlif növləri güclü rol oynayırlar. Hətta adi silahlarla şərti olaraq alternativ adlandırılan “yumşaq vasitələr” müharibənin taleyini qan tökülmədən həll edə bilərlər. ABŞ/İsrail-İran müharibəsinin nümunəsində bu özəlliyi görə bilərik.

Hər şeydən öncə, bu müharibə “posthibrid” anlamına daxil deyildir. Çünki xeyli dərəcədə adi silahların (konvensional) tətbiqi vardır. Lakin hər iki tərəf (əslində üç tərəf) müharibəyə ciddi informasiya savaşı ilə hazırlıq etmişdi. ABŞ, İsrail və İran informasiya texnologiyaları və xüsusi süni intellekt simulyasiyaları ilə haqlı olduqlarını sübut etməyə, həm də qarşı tərəfdən güclü olduğunu “faktlar”la təsdiqləməyə çalışdılar.

İnformasiya mühitinin mənzərəsinə baxdıqda belə təəssürat yaranırdı ki, iştirakçı olacaq bütün tərəflər hər kəsdən hərbi, texnoloji, silah gücü və informasiya manevrləri aspektlərində daha qüvvətli olduqları obrazlarını yaratmağa çalışmışlar. Bu təəssüratı tərəflər öz texnoloji imkanları daxilində yaratdılar, lakin adi silahların tətbiqi nəticəsində kimin hansı hərbi gücə sahib olduğu real olaraq aydınlaşdı.

Məlum oldu ki, ABŞ digər iki iştirakçıdan xeyli güclüdür. Bütün aspektlərdə! Lakin İranın da özünəməxsus “yumşaq gedişləri” meydana çıxdı. Hətta süni intellekt vasitəsilə Tehranın müharibənin gedişatını necə izlədiyini və kontrolda saxlamağa çalışdığını ifadə edən süni intellekt silumyasiyasını media dövrüyyəsinə buraxdılar.

ABŞ və İsrail tərəfinin informasiya və süni intellekt sferalarındakı daha geniş, dərin və güclü imkanları haqqında xeyli danışmaq olar. Lakin bir həqiqəti vurğulamaq lazımdır: ABŞ hərbi əməliyyatları dayandırdıqdan sonra təşəbbüs konvensional silahlardan informasiya texnologiyaları, diplomatiya və süni intellekt vasitələrinə keçmişdir.

Rəsmi Vaşinqton xüsusi siyasətlə prosesi uğurla aparmaqdadır. Yəni indiki mərhələdə hərbi güc tətbiq etmədən qarşısına qoyduğu məqsədlərə çatmağa çox yaxındır. Ancaq İran tərəfi də öz simasını saxlamaqla mümkün qazanclar əldə etməkdədir.

Deməli, ABŞ/İsrail-İran müharibəsi nümunəsində hibrid savaşın bir çox xüsusiyyətlərini araşdırmaq imkanı vardır. Bu, başqa yeni informasiya müharibəsi ilə siyasətin qarşılıqlı əlaqəsini ifadə edən faktorların dərk edilməsi üçün zəruridir. Biz ilk olaraq “poshibrid” adlandırdığımız istiqaməti nəzərdə tuturuq.

Mahiyyət

İnformasiya savaşı hadisəsi kimi “hibriddən sonrakı mərhələ”nin prinsipial fərqləri vardır. Bu, müharibəni aparmağın vasitələri, mexanizmləri, üsulları, əhatə dairəsi və məqsədlərini əhatə edir. Vurğulanan xüsusiyyətlər kontekstində “posthibrid informasiya müharibəsi” nədir?

Birincisi, bu müharibə yalnız “yumşaq təsirlər” - informasiya, süni intellekt, kiber, rəqəmsal, hərbi dağıntı yaratmayan “yumşaq sabotajlar” (informasion, iqtisadi, energetik, sosial-psixoloji, mənəvi-əxlaqi, mədəni, geosiyasi, siyasi, ekoloji və s.), təbliğatla təşviqatın təxribatçı və dağıdıcı sintezi, ayrıca xüsusi hədəflərə yönəldilmiş dezinformasiya vasitələri ilə aparılır.

İkincisi, “sərt güc”ün - adi silahlar+nüvə silahının tətbiqi istisnadır! Bu, “posthibridlik” üçün prinsipial məqamdır. Əslində həmin informasiya müharibəsi növünün əsl gücü, potensialı və təhlükə dərəcəsi bu məqamla əlaqəlidir. Çünki kənardan fəzilət nümunəsi kimi görünür – hansı ölkədəsə insanların qayğısına qalındığı, ədalətin bərqərar olmasına çalışıldığı, hədəf seçilən cəmiyyət və dövlətin əsl sivillik nümunəsinə çevrildiyi niyyətinin mövcud olduğu təəssüratı yaradırlar.

Və bütün bunlar ən yeni informasiya texnologiyaları, süni intellekt nümunələri, güclü kibertəsir vasitələri ilə həyata keçirilir. Bir güllə belə atılmır, bombalanan yer yoxdur, uşaqlar və qadınlar silah vasitəsilə həlak edilmir, cəmiyyətin ən sadə kəsiminin müdafiə edildiyi ilğımı yaradılır və s.

Yəni hiyləgər olduğu qədər də, sivillik, demokratiya, insan haqları kimi ibarələrlə mükəmməl maskalanmış, cəmiyyətin və dövlətin bütün “sinir sistemi”nə nüfuz edən dağıdıcı fəaliyyət növüdür!

Hədəf necə seçilir?

Bu, əslində, “posthibrid informasiya müharbəsi”nin üçüncü, lakin çox əhəmiyyətli xüsusiyyətidir. Onun mahiyyəti “posthibrid müharibə” hədəfinin hansı kriteriyalar üzrə seçilməsi ilə bağlıdır. Çünki təcrübə göstərir ki, bu informasiya savaşı növü xüsusi seçilmiş ölkələrə qarşı aparılır - o hələ total tətbiq edilən vasitə deyildir.

Düşünürük ki, burada hədəf ölkə əsas iki kriteriya üzrə seçilir.

Birincisi, “posthibridliyin” hədəfi artıq adi və ya nüvə silahı ilə vurulmalı olan ölkə ranqından yüksəkdə olmalıdır. Yəni qəbul edilməlidir ki, elə ölkələr vardır ki, onlara qarşı “sərt güc” tətbiqi səmərəsizdir və yolverilməzdir. Ancaq elə dairələr həmişə tapılır ki, konkret ölkənin bu uğurunu götürmür və ona dağıdıcı zərbə vurmaq niyyətindən çəkinmir.

İkincisi, hədəf seçilən ölkəyə “yumşaq vasitələr”in bütün növlərinin kompleks tətbiqi ilə təsir edilir. Bu, avtomatik olaraq, dövlətlə yanaşı cəmiyyətin əsas dəyərlərini hədəfə gətirir. Xüsusi olaraq mənəvi, əxlaqi, mədəni kodlar, cəmiyyətyaradıcı rol oynayan sosial, siyasi, ruhani, intellektual kəsimlər hədəf alınır.

Üçüncüsü, posthibrid informasiya müharibəsində dövlətin və cəmiyyətin aparıcı qüvvələri başlıca zərbə hədəfi olaraq seçilir. Bu zaman dövlətin başçısı, ölkənin və cəmiyyətin real lideri xüsusi təsirlər hədəfi olaraq müəyyən edilir. Həmin bağlılıqda dövlətin başçısının siyasi məharəti, mənəvi-əxlaqi keyfiyyətləri, şəxsiyyəti, fəaliyyətinin müxtəlif istiqamətləri, ailəsi və ən yaxın silahdaşları, sadiq davamçıları, ona dəstək verən müttəfiq və dost ölkə başçıları informasiya təxribatı, dezinformasiya dalğası və süni intellektin müxtəlif simulyasiyalarının “nişanına” alınır.

Lider – cəmiyyət

Bu prosesin iki mühüm aspektini diqqətə almaq lazımdır.

Birincisi, “posthibrid müharibə”də lider-cəmiyyət münasibətlərinin inklüzivliyi və legitimliyi ciddi surətdə hədəfə qoyulur. Cəmiyyətin öz liderinə inam və etibarını yox etmək üçün çox müxtəlif informasiya texnologiyalarından, təbliğat və təşviqat vasitələrindən və ayrıca, süni intellektin imkanlarından yararlanırlar. Bunlar kompleks halında lider-cəmiyyət münasibətlərində ciddi böhran və uçurum yarada biləcək situasiya formalaşdırırlar.

Adətən lideri cəmiyyət fonunda mənəvi-əxlaqi dəyərlərə əməl etməyən kimi göstərmək cəhdləri edilir. Bu zaman konkret cəmiyyətin kollektivləşməsində əsas rolu oynayan dəyərləri hədəf alırlar.

Məsələn, bir cəmiyyətdə ailə dəyərləri həmişə aparıcı rol oynayırsa (həm cəmiyyətin formalaşması, həm də mənəvi-əxlaqi kodların əsas “yuvası” kimi), onu toplumun gözündən salmağa çalışırlar. Liderin şəxsini, ailə üzvlərini, ən yaxın dairəsini, siyasi dəstək verən əhatəni, cəmiyyətdəki etibarlı davamçılarını ləkələmək üçün informasiya texnologiyaları, media vasitələri, süni intellektin süni mənzərə yarada bilmək imkanlarını səfərbər edirlər.

Bu cür təsirin qaynağı ölkədaxili mühit olmaya bilər. Adətən yaratmaq istədikləri süni, qeyri-real mənzərəni inandırıcı göstərmək üçün ölkədən xaricdə məskunlaşmış və hər hansı səbəbdən ölkəsindən incik düşmüş insanlardan istifadə edirlər. Bu istiqamətin araşdırılması çox vacibdir.

Cəmiyyətdaxili mühit

İkinci aspekt də çox önəmlidir. Bu istiqamətdə cəmiyyətin özünü öz gözündən salmaq üçün, onu bədbin və perspektivsiz sosial-psixoloji məcraya yönəltmək istiqamətində çox hiyləgər və toplumun mənəvi-əxlaqi dünyasının “ana sütunları”na yönəlmiş “yumşaq güc”dən istifadə olunur. Yəni burada başlıca hiylə cəmiyyətin özünü içəridən laxlatmaqla kənar hərbi güc tətbiq etmədən daxili cəbhələşmə yaratmaq xüsusi yer tutur. Sonrakı mərhələlərdə bu cür cəmiyyət birləşdirici, yaradıcı və milli deyil, özü üçün süni radikal müxalif kəsim formalaşdırır. Cəmiyyət mahiyyətcə özünütəşkilə yox, xaosa istiqamətlənir – xilas yolunu xaosa uğramaqda görür.

Bunun əsas səbəbi xüsusi informasiya-ünsiyyət texnologiyaları əsasında cəmiyyətin ənənəsi ilə bugünü arasında dəyər uçurumu yaratmaqla bağlıdır. İstənilən cəmiyyətin müasir insanları öz keçmişləri və kollektivləşmənin tarixi üsulları haqqında neqativ rəyə malik olurlarsa, toplum öz tarixinin düşməninə çevrilir.

Cəmiyyətin özünüinkar müstəvisinə gətirilməsi çox təhlükəli gedişatdır. H.Kissincer liderlərdən bəhs edərkən məhz bu məqamı ayrıca vurğulamışdır. Onun üzərində qısaca dayanaq.

H.Kissincer XX əsrdə dünya miqyasında uğur gətirən liderlik strategiyalarını müqayisə edərkən üç önəmli saydığı məqama diqqət etmişdir.

Birincisi, liderlər dövləti idarəetmədə bacarıqlı olmalıdırlar.

İkincisi, liderlər cəmiyyətdə aparıcı rol oynamalıdırlar.

Üçüncüsü, liderlər dövlət və cəmiyyət üçün ən böhranlı və kəskin mürəkkəb dönəmlərdə toplumun perspektivli istiqamətdə toparlanmasını motivə etməli və onu istiqamətləndirməlidir.

Yəni müasir dövr üçün lider üç funksiyanı bir-biri ilə vəhdətdə yerinə yetirir. Bu mənada, cəmiyyət və dövlətin mövcudluq və fəaliyyət enerjisi liderin şəxsində və fəaliyyətində kollektiv sinerjinin “akkumulyasiya ünvanı”, onun real təzahürü və perspktivlilik göstəricisidir. Lider həm də dövlətin idarəedilməsi ilə cəmiyyətin özünütəşkili, toplumun hər kritik situasiyada “xaosun astanasından dönməyi” bacarmağı harmoniya halına gətirməyi fəaliyyətində ehtiva edən əvəzedilməz şəxsiyyətdir.

Deməli, müəyyən anlamda müasir cəmiyyətin özünüinkar halına salınması toplumun şüurunda və duyğusunda lideri inkar etməkdən başlayır. Bu təəssüratı yaratmaq üçün siyasi-ideoloji kontekstdə kütləyə xüsusi məqsədli informasiya təsirlərindən geniş yararlanmağa çalışırlar.

Bununla toplumun sosial-psixoloji və əhval-ruhiyyəvi bütövlüyündə ilk mənəvi-əxlaqi çatı yaradıb, sonrakı daha total mərhələ üçün zəmin hazırlayırlar.

Burada bəsit, lakin tarixin sınaqlarından çıxmış bir həqiqət işləyir: əgər bir cəmiyyətin və dövlətin “başında duran” qüsurludursa, onda toplumun özünün dəyəri yoxdur.

Belə bir hiss, duyğu ideoloji və intellektual fakta çevrilirsə, istənilən cəmiyyət natamamlıq kompleksi içində “corab kimi sökülür”. Yəni cəmiyyətdaxili mühit özü mövcudluğunun qatı düşməni halına gəlir!

Bu, “posthibrid informasiya müharibəsi”nin başlıca strateji hədəfidir! Bir güllə atmadan cəmiyyəti içindən “sökmək” ki, özü özünün yararsız olduğu düşüncəsinə gəlsin.

Əlbəttə, belə bir cəmiyyət daim kənardan asılı olacaq və öz taleyinin subyekti deyil, başqalarının oyuncaq obyektinə çevriləcək və XXI əsrin “humanizmi”, “psevdodemokratiyası” və “yalançı liberalizmi” üçün əsl “yem” halına gələcək! Bu cür cəmiyyətin insanlarına güllə atmağa ehtiyac qalmır.

Bütün bunların Azərbaycanla bağlı hər hansı təzahürü mövcuddurmu?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət