Azərbaycan çoxqütblü və balanslaşdırılmış xarici siyasəti ilə dünyada, xüsusilə Avropa məkanında seçilən ölkələrdən biridir. Beynəlxalq qurumlarla milli maraqlara uyğun qurulan əməkdaşlıq ölkəmizin artan nüfuzunun, beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinin və qlobal proseslərdə fəal iştirakının bariz göstəricisidir. Bu siyasət Azərbaycanın regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınmasını təmin edir. Xüsusilə, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantılarında ölkəmizin iştirakı Azərbaycanın Avropa ilə siyasi dialoqa, qarşılıqlı əməkdaşlığa və təhlükəsizlik məsələlərində birgə fəaliyyətə verdiyi önəmi bir daha nümayiş etdirir. Bu platforma çərçivəsində aparılan müzakirələr və keçirilən görüşlər Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin daha da genişlənməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunmasına və ümumi maraqlar əsasında tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verir.
İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı ölkəmizin bu mötəbər qurumla əməkdaşlığının və Avropa siyasi proseslərində fəal iştirakının bariz göstəricisi kimi yadda qaldı.
Prezident İlham Əliyev qeyd etdi ki, cənab Koştanın Azərbaycana son səfəri zamanı Zirvə görüşündə iştirak məsələsi müzakirə olunub və onun tədbirə videobağlantı formatında qoşulması barədə razılıq əldə edilib.
Dövlət başçısı vurğuladı ki, bir il əvvəl Tiranada aparılan müzakirələr zamanı gələcək Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi irəli sürülmüş və bu təklif qəbul edilmişdir. Bunun nəticəsi olaraq “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ilin mayında Azərbaycanda keçirilməsi qərara alınmışdır. Şübhəsiz ki, bu qərar ölkəmizə göstərilən yüksək etimadın və Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyev çıxışında Ermənistanla sülh prosesinə də toxunaraq qeyd etdi ki, artıq tərəflər sülh şəraitində yaşayır və bu istiqamətdə mühüm addımlar atılıb. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və tranzit məhdudiyyətlərinin aradan qaldırılması isə real sülhün göstəricisidir.
Dövlət başçısı həmçinin vurğuladı ki, yeni nəqliyyat layihələri, o cümlədən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” regionda əməkdaşlığı gücləndirəcək və Azərbaycanın Naxçıvanla birləşdirilməsinə töhfə verəcək.
Prezident çıxışında Avropa Parlamentinin ikili standartlara əsaslanan siyasətini açıq şəkildə tənqid edərək bildirdi ki, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı yönəlmiş addımlar atır. Belə ki, 2021-ci ildən 2026-cı ilin aprelinə qədər Azərbaycanla bağlı 14 qətnamə qəbul edilib və bu sənədlər reallığı təhrif edən və qərəzli məzmun daşıyır.
Dövlət başçısı vurğuladı ki, həmin qətnamələr xüsusilə Azərbaycanın suverenliyini bərpa etməsindən sonra daha intensiv xarakter alıb. Prezident həmçinin bildirdi ki, Azərbaycan Milli Məclisi bu addımlara cavab olaraq Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.
Beləliklə, Azərbaycan lideri “Avropa Siyasi Birliyi” çərçivəsində açıq dialoqun vacibliyini qeyd edərək bu məsələlərdə düzgün və obyektiv məlumat mübadiləsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı və növbəti dəfə ədalət meyarlarının əsas götürülməsinin vacibliyini bəyan etdi. Dövlət başçısı bir daha sülh və ədalət mesajları verərək Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu və heç bir qüvvənin bu iradəni sarsıda bilməyəcəyini qətiyyətlə bildirdi.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

