1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay tarixə türk xalqları arasında elmi və mədəni inteqrasiyanın əsaslarını formalaşdıran mühüm hadisə kimi yazılıb. Möhtəşəm Bakı məclisinin 1 əsrlik yubileyi ölkəmizdə və Türk dünyasında ortaq təntənələrlə qeyd edilir. Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” mövzusunda beynəlxalq konfrans, sadəcə, tarixi hadisənin anılması ilə məhdudlaşmır, türkologiya sahəsində müasir dövrün elmi və dil problemlərinə cavab axtarır.
Konfransın Təşkilat komitəsinin sədri, universitetin filologiya fakültəsinin dekanı Könül Həsənova XQ-yə açıqlamasında bildirdi ki, beynəlxalq konfrans akademik platforma kimi ortaq türk elmi-mədəni irsinin yenidən dəyərləndirilməsi baxımından mühüm hadisədir:
– Elmi məclis yalnız yubiley xarakteri daşımır, türkologiyanın çağdaş durumu və qarşıda dauran vəzifələri də gündəmə gətirib. Konfransın hazırlıq yüksək səviyyədə aparılıb. Məqsədimiz zəngin akademik ənənələrə malik universitetimizin adına layiq, yüksək səviyyəli beynəlxalq tədbir təşkil etmək idi. Universitet rəhbərliyinin də vurğuladığı kimi, bu tədbirin mahiyyəti məhz bu kontekstdə dəyərləndirilməlidir. Konfransın açılışında rektor Cəfər Cəfərovun və beynəlxalq məsələlər üzrə prorektor Mahirə Hüseynovanın qeyd etdikləri kimi, bu məclis yalnız keçmişə baxış deyil, həm də gələcək üçün yol xəritəsidir. Başqa sözlə, burada məqsəd təkcə tarixə istinad etmək yox, həmin irsi müasir çağırışlarla uzlaşdıraraq yeni elmi istiqamətlər müəyyənləşdirməkdir.
Müasir dövrdə qloballaşma, rəqəmsallaşma və informasiya axınının sürətlənməsi dillərin mövqeyinə yeni təsirlər göstərir. Belə şəraitdə türk dillərinin qorunması, inkişafı və ortaq elmi məkanın yaradılması strateji prioritetə çevrilir. Əgər biz bu prosesi düzgün idarə etməsək, dilimiz yalnız məişət səviyyəsində qalacaq, elmi və texnoloji diskursdan kənarda qalmaq riski ilə üzləşəcək.
Bu baxımdan keçirilən beynəlxalq konfransın əsas məqsədi yalnız elmi müzakirələr aparmaq deyil, həm də konkret əməkdaşlıq platformaları yaratmaqdır. Universitetimizdə təşkil olunan elmi toplantı müxtəlif ölkələrdən alimləri bir araya gətirərək onlarıortaq problemlərin müzakirəsini və həll yollarının axtarışını təşviq edir. Bu isə türkoloji elmin parçalanmış deyil, koordinasiyalı şəkildə inkişafına zəmin yaradır.
Yubiley çərçivəsində həyata keçirilən beynəlxalq konfrans dövlət səviyyəsində qəbul olunmuş qərarların məntiqi davamıdır və əsas məqsəd türkoloji elmi yeni mərhələyə çıxarmaqdır. Bu, yalnız akademik sahə ilə məhdudlaşmır; dil siyasəti, təhsil, mədəniyyət və hətta texnologiya sahələrini də əhatə edir.
– Konfransın əhatə coğrafiyası və mövzu dairəsi da genişdir.
– Doğrudan da, məclisdə iştirakçıların təmsil etdikləri ölkələrin xəritəsi geniş, müzakirəyə çıxarılan mövzuzar aktual və rəngarəngdir. Konfransa Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Koreya, Rusiya Federasiyasının Altay və Kalmıkiya regionları, eləcə də Ukrayna, Moldova, Estoniya və Əfqanıstandan alimlərin qatılması tədbirin beynəlxalq miqyasını və türkoloji araşdırmaların artıq regional çərçivəni aşaraq qlobal səviyyəyə yüksəldiyini aydın şəkildə göstərir. Bu müxtəliflik həm elmi yanaşmaların zənginləşməsinə, həm də fərqli məktəblər arasında dialoqun güclənməsinə şərait yaradır.
Konfrans proqramı yalnız elmi iclaslarla məhdudlaşmır. Səfər çərçivəsində iştirakçılar ADPU-nun Şamaxı filialı ilə yaxından tanış olacaq, daha sonra isə Pirqulu Rəsədxanasını ziyarət edəcəklər. Bu proqram Azərbaycanın yalnız akademik deyil, həm də elmi və mədəni irsini təqdim etmək baxımından xüsusi əhəmiyyət daşıyır və qonaqlarda ölkəmiz haqqında daha dolğun təsəvvür formalaşdırmağa xidmət edir.
Əsas məqsəd 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultay irsini yenidən elmi dövriyyəyə gətirmək, onun dil siyasəti, əlifba islahatı və ümumtürk inteqrasiyası baxımından əhəmiyyətini müasir kontekstdə təhlil etməkdir. Eyni zamanda, bu tədbir türkdilli ölkələr arasında elmi əməkdaşlığı gücləndirmək, ortaq terminoloji və metodoloji yanaşmalar formalaşdırmaq məqsədi daşıyır.
– Beynəlxalq konfransdan gözləntiləriniz nələrdir?
– Türk dünyasının birliyi bu gün daha da аkтualdır. Qloballaşma şəraitində dillərin qorunması, ortaq elmi məkanın yaradılması və mədəni inteqrasiya məsələləri yenidən ön plana çıxır. 1926-cı ildə qoyulan əsaslar bu gün də istiqamətverici rol oynaya bilər. Digər tərəfdən gələcəyin uğurlu modeli üçün universitetlər əsas rol oynamalıdır. Güclü elmi baza, tədqiqat mühiti və insan kapitalı olmadan heç bir strateji məqsədə nail olmaq mümkün deyil. Bu mənada Türkoloji Qurultayın ideyaları bu gün universitetlər üçün də yol xəritəsi rolunu oynaya bilər.
Ümid edirik ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil olunan bu mərasim yalnız elmi müzakirələrlə məhdudlaşmayacaq, həm də real əməkdaşlıqlara, birgə layihələrə və yeni tədqiqat istiqamətlərinə yol açacaq. Türkoloji Qurultayın ideyalarını yenidən canlandırmağa və onları müasir elmi müstəviyə daşımağa nail olacağıq.
Müsahibəni hazırladı:
Namiq QƏDİMOĞLU
XQ

