Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı-Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının həlledici – 5-ci mərhələsi mayın 14-də Tərtər rayonundan start götürüb.
Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mərkəzi Meydanda yarışın start mərasimi keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun verdiyi start siqnalı ilə velosipedçilər prospekt boyunca hərəkətə başlayıblar. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqviminə daxil edilmiş bu mötəbər yarışın beşinci günü ümumi məsafəsi 181,3 kilometr olan Tərtər-Füzuli-Şuşa-Xankəndi marşrutu üzrə təşkil olunub.
Marşrut boyunca rayon sakinləri, xüsusilə məktəblilər və gənclər idmançıları yüksək əhval-ruhiyyə və sevinc dolu şüarlarla qarşılayıb, onlara dəstək nümayiş etdiriblər. Beynəlxalq idman yarışı rayon sakinləri və qonaqlar tərəfindən böyük maraqla izlənilib.
***
Xankəndi daha bir beynəlxalq tədbirin ev sahibinə çevrildi. Mayın 14-də “Bakı-Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışına yekun vuruldu. Yarışın son mərhələsindən sonra Xankəndi şəhərində qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
Mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qalibləri təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzuladı.
Yarışın yekunu Xankəndidə xüsusi coşqu və bayram əhvali-ruhiyyəsi ilə yadda qaldı. Şəhərdə təşkil olunan möhtəşəm qarşılanma mərasimində sakinlər böyük izdihamla iştirakçıları salamladılar, küçələrində səslənən alqışlar, milli ruhlu çıxışlar və musiqi nömrələri tədbirə əlavə rəng qatdı. Səhnədə təqdim olunan musiqi proqramı isə həm sakinlərə, həm də qonaqlara xoş anlar yaşatdı.
Beynəlxalq yarışın final mərasimi bir daha göstərdi ki, Xankəndi bu gün inkişafın, sülhün, dostluğun və həmrəyliyin yeni ünvanına çevrilib.
Qeyd edək ki, yarışın sonuncu – V mərhələsində finiş xəttinə İspaniyanın “Burqos” komandasının Yeni Zelandiyadan olan üzvü Coş Barnett birinci çatıb. O, Tərtərdən startı verilən bu mərhələdə Xankəndiyə qədər olan məsafəni ən qısa vaxtda qət edərək mərhələnin qalibi olub. İlk mərhələdə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələlərdə isə Qazaxıstanın “XDS Astana” komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa birinci yeri tutublar. İtaliyanın “Bardiani” komandasının üzvü Marko Manenti IV mərhələnin qalibi olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb.
Vəli VƏLİYEV,
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbirləri
Tərtər-Xankəndi


