Sağlam ailə xoşbəxt cəmiyyətin qaynağıdır

post-img

15 May Beynəlxalq Ailə Günüdür

Həyatın sürətli axınında, rəqəmsal dünyanın bizi yeni sınaqlarla üzləşdirdiyi bir dövrdə ruhumuzun dinclik tapdığı, güc aldığımız doğma sığınacaq ailəmizdir. Hər il sevgi ilə qeyd olunan 15 May Beynəlxalq Ailə Günü bizə bu müqəddəs ocağın nə qədər gərəkli olduğunu və onun qorunması üçün üzərimizə düşən məsuliyyəti bir daha xatırladır.

Ailə insanın həyata göz açdığı andan etibarən sevməyi, paylaşmağı və çətinliklərə birgə sinə gərməyi öyrəndiyi ən müqəddəs məkandır. Bir süfrə başında edilən söhbətlərin səmimiyyəti heç nə ilə əvəz oluna bilməz. Çünki ailə, sadəcə, eyni damın altında yaşamaq deyil, ortaq duyğuları bölüşmək və bir-birinin sevinc və kədərini təmənnasız bölüşməkdir. Bu bağlılıq elə möhkəm tellərlə toxunub ki, zaman keçsə, məsafələr uzansa da, insanın daxili tarazlığını qoruyan tükənməz güc mənbəyi olaraq dəyişməz qalır.

Lakin müasir dövrün sürətli ritmi, rəqəmsallaşma və qlobal dəyişikliklər fonunda ailə institutu ciddi sınaqlarla üz-üzədir. Ailədaxili ünsiyyətin yerini çox vaxt rəqəmsal cihazlar tutur və "eyni damın altında, lakin fərqli dünyalarda" yaşamaq təhlükəsi müasir cəmiyyətin ən ciddi mənəvi problemlərindən birinə çevrilir. Bəzən böyük uğurların ardınca qaçarkən, qapıdan içəri girəndə bizi qarşılayan o isti təbəssümün, uşaq gülüşünün və ya bir böyüyün xeyir-duasının, əslində, həyatın özü olduğunu unuduruq. Halbuki ailə həm də gələcək nəsillərin mənəviyyatının formalaşdığı ilk və ən mühüm məktəbdir. Övladlarımıza verə biləcəyimiz ən böyük miras bahalı əşyalar deyil, onlara aşılaya bildiyimiz sevgi, hörmət və bağlılıq duyğusudur. Məhz bu nöqtədə texnoloji yeniliklərin ailədaxili səmimiyyətə təsiri məsələsi aktuallaşır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova bu təhlükənin qarşısını almaq üçün rəqəmsal savadlılığın vacibliyini ön plana çəkdi:

– Ailə cəmiyyətin əsas sütunu, sosial sabitliyin və mənəvi dəyərlərin daşıyıcısı kimi mühüm funksiyaları yerinə yetirən institut olaraq hər zaman cəmiyyətdə xüsusi diqqət və həssas yanaşma tələb edən mövzu olaraq qalır.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, internetin insanların həyatına daxil olması, bilik, sosial ünsiyyətin genişlənməsinin cəmiyyətə kifayət qədər müsbət təsiri olsa da, eyni zamanda ailədə ənənəvi bağlılığın zəifləməsinə gətirib çıxarır. Texnologiyadan düzgün və balanslı istifadə xüsusilə ailə daxilində qarşılıqlı anlayışın və emosional bağlılığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Xüsusilə valideynlərin uşaqlara rəqəmsal mühitdə təhlükəsiz davranış, informasiya savadlılığı, sosial media istifadəsi mədəniyyəti və düzgün seçim etmə bacarıqlarını aşılamaq istiqamətində rolu olduqca vacibdir. Çünki uşaqlar ilk davranış modelini və dəyərləri məhz ailə mühitində mənimsəyirlər. Ailə daxilində qarşılıqlı etimad, açıq dialoq və birgə səmərəli vaxt keçirmək uşaqların hərtərəfli inkişafına mühüm töhfə verir. Bu məsələ yalnız dövlət qurumlarının fəaliyyəti və ya səlahiyyətləri ilə məhdudlaşmır. Bütövlükdə cəmiyyət üzvləri bu istiqamətdə həmrəy və məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.

Mütəxəssis sağlam ailə modelinin qurulmasında mənəvi dəyərlərin, eləcə də Komitə tərəfindən keçirilən sosial layihələrin rolundan da danışdı:

– Sağlam ailə münasibətlərinin formalaşmasında mənəvi dəyərlər əsas müəyyənedici faktorlardandır. Dəyər anlayışı yalnız ailədaxili münasibətləri deyil, bütövlükdə, insanın həyata baxışını, sosial məsuliyyət hissini, davranış modelini və cəmiyyətə münasibətini formalaşdıran mühüm meyardır. Məhz ailə mühitində aşılanan hörmət, məsuliyyət, etimad, qayğıkeşlik və qarşılıqlı anlayış kimi mənəvi dəyərlər insanın həm fərdi keyfiyyətlərinin formalaşmasına, həm də gələcək həyatının sağlam təməllər üzərində qurulmasına təsir göstərir.

Ailə insanın ilk dəyər məktəbi hesab olunur. Şəxsin gələcəkdə faydalı fərd kimi yetişməsi, sosial münasibətlərdə düzgün mövqe sərgiləməsi, öhdəlik və məsuliyyət anlayışını mənimsəməsi məhz ailədə qazandığı dəyərlərlə bağlıdır. Güclü və ortaq dəyər sistemi üzərində qurulan ailə daha sağlam, dayanıqlı və emosional baxımdan güclü cəmiyyətin formalaşmasının əsasını təşkil edir.

Məhz bu mənada ailə dəyərlərinin qorunması, sağlam münasibətlərin qurulması və uşaqlarda düzgün davranış modellərinin formalaşdırılması istiqamətində həyata keçirilən maarifləndirici fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə institutunun gücləndirilməsi, qadınların sosial fəallığının artırılması, valideyn–övlad münasibətlərində sağlam ünsiyyətin təşviqi, uşaq və yeniyetmələrin təhlükəsiz mühitdə formalaşmasına dəstək məqsədilə müxtəlif sosial layihələr, maarifləndirici görüşlər, konfranslar, forumlar və beynəlxalq ekspertlərin iştirakı ilə ailələr və uşaqlarla çalışan mütəxəssislər üçün təlim proqramları həyata keçirilir.

Müsahibimiz uşaqların gələcək xarakterinin məhz ailədəki sevgi və etimad mühitində formalaşdığını diqqətə çatdıraraq bildirdi ki, valideynlər müasir rəqəmsal çağırışlar fonunda övladları ilə səmimi dialoq qurmalı, texnoloji asılılıqla canlı ünsiyyət arasında düzgün balans yaradaraq onlara həm mənəvi, həm də sosial inkişafda nümunə olmalıdırlar:

– Valideyn–övlad münasibətlərinin sağlam şəkildə qurulması davamlı diqqət, qayğı, emosional yaxınlıq və düzgün ünsiyyət mədəniyyəti tələb edir. Ailə daxilində sağlam dialoqun formalaşdırılması, uşağın fikirlərinin dinlənilməsi və duyğularının anlayışla qarşılanması onun özünü dəyərli hiss etməsinə və emosional dayanıqlılığının güclənməsinə mühüm təsir göstərir. Çünki hər bir uşaq sevgiyə, dəstəyə, anlayışa və səmimi ünsiyyətə ehtiyac duyur.

Müasir dövrdə valideynlərin üzərinə düşən əsas məsuliyyətlərdən biri də uşaqların rəqəmsal mühitdən düzgün və təhlükəsiz istifadəsinə nəzarət etməklə yanaşı, bu istiqamətdə özlərinin də davamlı maariflənməsidir. İnformasiya axınının sürətlə artdığı bir zamanda uşaqlarda sağlam düşüncə, düzgün seçimetmə bacarığı və güclü dəyər sisteminin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Gün ərzində vaxtın düzgün idarə olunması, texnologiya ilə canlı ünsiyyət arasında balansın qorunması, mütaliəyə və şəxsi inkişafa marağın təşviqi ailədaxili münasibətlərin daha sağlam təməllər üzərində qurulmasına töhfə verir.

Valideynlərin həm şəxsi, həm də uşaqların psixoloji, emosional və sosial inkişafı ilə bağlı davamlı maariflənməsi və əldə olunan bilikləri ailə münasibətlərində tətbiq etməsi gələcək yeni nəslin sağlam formalaşmasında mühüm rol oynayır. Çünki ailədə aşılanan sevgi, qayğı, məsuliyyət və qarşılıqlı hörmət yalnız bir fərdin deyil, bütövlükdə, sağlam və dayanıqlı cəmiyyətin əsas təməlidir. Hər nə qədər müasir tendensiyalar, rəqəmsallaşma və sürətli sosial dəyişikliklər həyatımıza təsir göstərsə də, ailə bütün dövrlərdə insan üçün ən isti, ən ülvi, sevgi, anlayış və mənəvi bağlılığın ən dərin şəkildə yaşandığı məkandır.

Elenora HƏSƏNOVA
XQ



Sosial həyat