Paytaxtda quraşdırılan “ağıllı” radarlar və işıqforlar şəhərdə hərəkətin ahəngdarlığını təmin edəcək
Son illər bir sıra ölkələrdə yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müasir texnologiyaların – “ağıllı” radarlar və “ağıllı” işıqforların tətbiqi sürətlə genişlənir, yol kameralarına inteqrasiya olunan süni intellekt modelləri sürücülərin davranışlarını real vaxt rejimində təhlil edə bilir. Bu sistemlər vasitəsilə sükan arxasında mobil telefondan istifadə olunması, təhlükəsizlik kəmərinin taxılmaması kimi hallar yüksək dəqiqliklə müəyyənləşdirilir. Belə innovativ yanaşma ilə həm qayda pozuntuları azalır, həm də yol qəzalarının qarşısı xeyli alınır.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, artıq Bakıda da xarici ölkə mütəxəssisləri ilə birlikdə pilot layihəyə – nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı” işıqforların quraşdırılmasına başlanılıb. İlkin olaraq paytaxtın Binəqədi rayonu ərazisində, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada işıqforu), eləcə də Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə işıqforlar sınaq müddətində işə salınıb.
Mütəxəssislərin sözlərinə görə, “ağıllı” işıqforlar yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən isə radarlar vasitəsilə hərəkət intensivliyini ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürüldükdən sonra orada real vaxt rejimində işıqforun yaşıl işığının müddətinin hansı istiqamətdə artıb-azalması ilə bağlı qərar verilir. Yeri gəlmişkən, nəqliyyatın sıx olduğu pik saatlarda avtomobil axını sürətlə artır. Ənənəvi işıqforlar bu artımı nəzərə almır, nəticədə, uzun növbələr yaranır. “Ağıllı” sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır. Qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır. Başqa sözlə, “ağıllı” sistem yolda nəqliyyat sıxlığı olmadığı vaxtlarda işıqforların yaşıl işığı daim yanmaqla vaxt itkisini aradan qaldırır.
Nəqliyyat eksperti Əsəd Abdullayev XQ-yə bildirdi ki, yol hərəkəti təhlükəsizliyi məsələsi artıq təkcə inzibati nəzarət və yol polisinin fiziki iştirakı ilə tənzimlənən sahə deyil. Son illər bu istiqamətdə dünyada əsas trend rəqəmsal nəzarət sistemlərinin tətbiqinin genişlənməsi və yol hərəkətinin idarə edilməsində süni intellekt texnologiyalarının rolunun artmasıdır. Bu yanaşma qayda pozuntularının qeydə alınması ilə bərabər, eyni zamanda, qəza riskinin proqnozlaşdırılması, sürücülərin davranışlarının analiz edilməsi və yol infrastrukturunun daha təhlükəsiz şəkildə idarə olunması üçün yeni imkanlar açır. Azərbaycan da bu prosesdən kənarda qalmır və artıq ölkəmizdə “ağıllı” radarlar və işıqforların, eləcə də qayda pozuntularını vaxtında dəqiq qeydə alan kameraların tətbiqi mərhələli şəkildə genişlənir.
Əsəd Abdullayev bildirir ki, yol-nəqliyyat hadisələrinin əsas hissəsi insan amili ilə bağlıdır. Yəni sürət həddinin aşılması, təhlükəsizlik kəmərinin taxılmaması, sükan arxasında mobil telefondan istifadə edilməsi, diqqətsizlik və yorğunluq kimi halların yaşanması dünya üzrə qəzaların əsas səbəbləri sırasında yer alır. Bu amillərin qarşısını almağın ən səmərəli yolu isə cəzaların sərtləşdirilməsi deyil, nəzarət mexanizmlərinin daha sistemli və davamlı həyata keçirilməsidir. Süni intellekt burada məhz “davamlı nəzarət” konsepsiyasını formalaşdırır. Çünki insan nəzarəti məhdud vaxt və resursla həyata keçirilir, rəqəmsal nəzarət isə fasiləsiz işləyir və hərəkət iştirakçılarına psixoloji olaraq daim izlənildiyi mesajını verir.
Məhz bu məqamda Rusiya və bir sıra digər ölkələrin təcrübəsi diqqət çəkir. Belə ki, Rusiya Federasiyasında yol kameralarına inteqrasiya olunmuş süni intellekt modelləri artıq sürücülərin davranışını real vaxt rejimində analiz etməyə imkan verir. Bu sistemlər mobil telefondan istifadəni, təhlükəsizlik kəmərinin taxılmamasını, yol nişanlarının pozulmasını, hətta bəzən sürücünün idarəetmə davranışında qeyri-adi hərəkətləri müəyyənləşdirərək avtomatik şəkildə inzibati tədbirin tətbiqinə şərait yaradır. Burada əsas üstünlük isə sürət və obyektivliyə verilir. Başqa sözlə, insan amili minimuma endirilir, selektiv yanaşma və subyektiv qiymətləndirmə ehtimalı azalır. Bu da vətəndaşların qanuna inamının artması, dövlətin nəzarət mexanizminin səmərəliliyinin daha da güclənməsi ilə nəticələnir.
Nəqliyyat eksperti Şamil Ələsgərov isə dedi ki, dünya təcrübəsində bu istiqamətdə xüsusi nümunələr mövcuddur. Məsələn, Böyük Britaniyada avtomatlaşdırılan sürət və qırmızı işıq kameraları uzun illərdir ki, tətbiq olunur və nəticədə şəhər mərkəzlərində yol qəzalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Sinqapurda isə rəqəmsal nəzarət sistemləri təkcə qayda pozuntularını qeydə almır, eyni zamanda, nəqliyyat axınını optimallaşdırmaq üçün istifadə olunur.
Bir sıra inkişaf etmiş dövlətlərdə şəhər nəqliyyatını real vaxt rejimində izləyən, təhlil edən və optimallaşdıran sistemin (süni intellekt, kamera və sensorlar) tətbiqi ilə işıqforlar avtomobil sıxlığını analiz edir, eləcə də işıq rejimini dinamik şəkildə dəyişir. Bu yanaşma həm tıxacları azaldır, həm də qəza riskini minimuma endirir. ABŞ və Avropa ölkələrinin bir çoxunda isə sürücünün yorğunluğunu müəyyənləşdirən sistemlər artıq yük avtomobillərində və ictimai nəqliyyatda da tətbiq olunur.
Azərbaycan üçün bu təcrübələrin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki yol hərəkəti təhlükəsizliyi yalnız şəhər daxilində deyil, magistral yollarda da ciddi çağırış olaraq qalır. Regionlararası yolların uzun məsafəli olması, bəzi sürücülərin sürət həddini aşması, diqqətsizlik və yorğunluq kimi amillər magistral yollarda ağır nəticəli qəzaların baş verməsinə gətirib çıxarır. Bu baxımdan “ağıllı” kameraların təkcə şəhər mərkəzlərində deyil, ölkənin bütün əsas magistral xətlərində tətbiqi ölüm və xəsarət statistikasına ciddi təsir göstərə bilər.
Texnologiyanın imkanları isə yalnız təhlükəsizlik kəmərinin və telefon istifadəsinin qeydə alınması ilə məhdudlaşmır. Süni intellektin inkişafı göstərir ki, yaxın gələcəkdə bu sistemlər vasitəsilə sürücünün üz ifadəsi, gözqırpma tezliyi və baş hərəkətləri əsasında yorğunluq dərəcəsi asanlıqla müəyyən ediləcək.
Avropanın bir sıra ölkələrində test mərhələsində olan bu cür texnologiyalar vasitəsilə avtomobilin hərəkət coğrafiyasında qeyri-adilik, zolaqdan kənara çıxma, ani sürət dəyişməsi kimi amillər təhlil edilərək riskli sürücülük davranışı öncədən müəyyənləşdirilir. Beləliklə, sistem pozuntunu qeydə almaqla yanaşı, qəzanın başvermə ehtimalını da qabaqcadan proqnozlaşdıran “preventiv nəzarət” mexanizminə çevrilir.
Bu yanaşmanın üstünlüklərindən biri də odur ki, insan amilindən qaynaqlanan səhvlər minimuma enir. Ənənəvi nəzarətdə polis əməkdaşının diqqətsizliyi, subyektiv yanaşması və ya hadisəni tam qeydə almaması mümkündür. Süni intellekt isə standart alqoritmlərlə işləyir və bütün sürücülərə eyni meyarlarla yanaşır. Bu isə ictimai etimadı artırır, yol nəzarətinin daha şəffaf və obyektiv müstəviyə keçməsinə şərait yaradır. Nəticədə cəmiyyət daxilində “qanun hamı üçün eynidir” prinsipi güclənir.
Burada digər mühüm məsələ yol polisinin iş yükünün azalmasıdır. Rəqəmsal nəzarət sistemləri genişləndikcə, hər hansı bir polis əməkdaşının fəaliyyəti daha çox profilaktik tədbirlərə, yol təhlükəsizliyi ilə bağlı maarifləndirməyə və ağır yol-nəqliyyat hadisələrinin araşdırılmasına yönəldilir. Yəni texnologiya polis əməkdaşını əvəz etmir, onun imkanlarını daha səmərəli nöqtəyə istiqamətləndirir. Bu da, bütövlükdə, dövlətin idarəetmə səmərəliliyini artırır.
Lakin texnologiyanın tətbiqində müəyyən çağırışlar da mövcuddur. Beynəlxalq təcrübə göstərir ki, süni intellektə əsaslanan nəzarət sistemləri düzgün qurulmadıqda yanlış cərimələmə halları da müşahidə edilə bilər. Buna görə də bir sıra ölkələrdə tətbiq olunan sistemlər mütləq insan nəzarəti əsasında işləyir: sistem pozuntunu qeydə alır, lakin yekun təsdiq müəyyən hallarda operator tərəfindən verilir. Bu, səhv qərarların qarşısını almaq və vətəndaşların hüquqlarını qorumaq baxımından zəruridir. Azərbaycan üçün də bu məsələ önəmlidir, çünki texnologiyaya inamın formalaşması üçün şəffaflıq və etibarlılıq əsas şərtdir.
Bu məsələdə məlumat təhlükəsizliyi və şəxsi məlumatların qorunması da diqqətdən kənarda qalmamalıdır. Çünki süni intellekt sistemləri çox böyük həcmdə məlumat – avtomobil nömrələri, sürücülərin görüntüləri, hərəkət marşrutları və s. toplayır. Bu məlumatların qorunması, onların üçüncü tərəfə sızmasının qarşısının alınması və yalnız qanunvericiliyin müəyyənləşdirdiyi çərçivədə istifadəsi mühüm prinsip olmalıdır.
Avropa İttifaqında bu istiqamətdə ciddi qaydalar tətbiq edilir və texnoloji nəzarət sistemləri məhz şəxsi məlumatların qorunması standartlarına uyğun şəkildə fəaliyyət göstərir. Azərbaycan da bu təcrübədən yararlanaraq sistemin həm səmərəli, həm də hüquqi baxımdan təhlükəsiz modelini qurmağı önəmli vəzifə hesab edir.
Digər tərəfdən, texnologiyanın tətbiqi təkcə nəzarət məqsədi daşımamalıdır. Müasir “ağıllı” şəhər konsepsiyasında yol kameraları və radarlar həm də nəqliyyat axınının idarə edilməsində analitik vasitə rolunu oynayır. Toplanan məlumatlar əsasında tıxacların yaranma səbəbləri müəyyənləşdirilir, yol infrastrukturu yenidən planlaşdırılır, işıqfor rejimləri optimallaşdırılır və qəza riskinin yüksək olduğu ərazilərdə əlavə tədbirlər görülür. Yəni texnologiya sadəcə “cərimə sistemi” deyil, ümumi şəhər planlamasına xidmət edən bir idarəetmə vasitəsidir.
Beləliklə, bu gün süni intellektə əsaslanan rəqəmsal yol nəzarəti sistemləri XXI əsrin yol təhlükəsizliyi strategiyasının ayrılmaz hissəsinə çevrilir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar ölkənin nəqliyyat infrastrukturunun modernləşməsi baxımından mühüm mərhələdir. “Ağıllı” radarlar, kameralar və işıqforlar yalnız qayda pozuntularının aşkarlanmasına deyil, ümumilikdə, yollarda nizam-intizamın formalaşmasına xidmət edir. Ən vacibi isə bu yanaşma yol hərəkətində insan həyatını qorumaq, qəza riskini minimuma endirmək və təhlükəsiz nəqliyyat mühitini gerçəkləşdirmək üçün ən real və səmərəli mexanizmlərdən biri hesab olunur.
Aslan ƏSƏDOV,
nəqliyyat üzrə ekspert
Bakının küçə və prospektlərində nəqliyyatın daha səmərəli idarə olunması məqsədilə müasir texnologiyalara əsaslanan “ağıllı” işıqfor sisteminin tətbiqinə başlanılıb. Süni intellekt texnologiyası ilə işləyən bu qurğular yol hərəkətinin real vaxt rejimində sıxlığını analiz edərək siqnalların müddətini avtomatik tənzimləyir və nəqliyyat axınının daha rahat hərəkət etməsinə imkan yaradır.
Pilot layihə çərçivəsində şəhərin müxtəlif ərazilərində yerləşən 8 yol qovşağında quraşdırılan yeni sistem daha çox pik saatlarda və qəza hallarında nəqliyyatın hərəkətini optimallaşdıraraq tıxacların azalmasına və sürücülərin vaxt itkisinin minimuma enməsinə kömək edir.
Qeyd edim ki, “ağıllı” işıqfor sisteminin tətbiqi yalnız respublikamızda deyil, dünyanın bir çox ölkələrində də geniş istifadə olunan müasir texnoloji yanaşmadır. Bu sistem nəqliyyatın daha səmərəli və çevik şəkildə tənzimlənməsinə xidmət edir. Adi işıqfor sistemlərində vaxt intervalı sabit olur. Məsələn, nəqliyyat vasitələri bir istiqamətdə 10 saniyə, digər istiqamətdə isə 90 saniyə gözləyir. Lakin 90 saniyə ərzində yoldan cəmi 20 avtomobil keçdiyi halda, qalan vaxtın boş yerə gözlənilməsi əlavə sıxlığa səbəb olur.
Eyni zamanda, qısa vaxt intervalında çoxlu sayda avtomobilin toplanması da tıxacların yaranmasına gətirib çıxarır. “Ağıllı” işıqfor sistemi isə nəqliyyat axınının intensivliyini nəzərə alaraq siqnal müddətlərini avtomatik şəkildə tənzimləyir. Bu isə tıxacların azalmasına, yol hərəkətinin daha rahat və səmərəli təşkilinə imkan yaradır.
Bəzi ölkələrdə tətbiq edilən digər bir texnologiya isə ondan ibarətdir ki, müəyyən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müşahidə edilmədiyi halda işıqfor sistemi aktiv olmur və sürücü həmin ərazidən rahat şəkildə keçib gedir. Bu, həm vaxt itkisini azaldır, həm də nəqliyyatın daha sərbəst hərəkətinə şərait yaradır. Ümumilikdə, bu cür texnoloji həllər gələcəyə hesablanmış layihələrdir və yol hərəkətinin idarə olunmasında mühüm rol oynayır.
Vaqif BAYRAMOV
XQ


