“Hörmüz kilidi” və Azərbaycanın artan geoiqtisadi mövqeyi

post-img

Fevralın 28-də İranda başlayan müharibə fonunda Hörmüz boğazında yaranan blokada müxtəlif sahələr üzrə ağır nəticələrini hər keçən gün daha qabarıq şəkildə göstərir. Belə ki, İranın bu strateji keçidi, faktiki olaraq, nəzarətə götürməsi qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdid yaradan əsas amillərdən birinə çevrilib. Bu baxımdan, Fars körfəzini Hind okeanı ilə birləşdirən Hörmüz boğazı qlobal enerji sisteminin həyati əhəmiyyət daşıyan əsas arteriyalarından biri hesab olunur. Məhz bu səbəbdən boğazın faktiki bağlanması dünya enerji bazarında ciddi təlatümə səbəb olub. Qlobal neft daşımalarının əsas marşrutlarından biri üzrə ixracın məhdudlaşması Yaxın Şərqdən milyonlarla barel neftin bazara çıxışını çətinləşdirib və bu da, öz növbəsində, yanacaq qiymətlərinin kəskin artımına gətirib çıxarıb.

Bununla yanaşı, qiymət artımları həm istehlakçılar, həm də biznes sektoru üzərində əlavə təzyiq formalaşdırmaqla yanaşı, bir sıra hökumətləri enerji ehtiyatlarından daha qənaətli istifadə tədbirlərinə yönəldir. Eyni zamanda, mövcud gərginlik bir daha göstərir ki, enerji bazarlarında ciddi qiymət volatilliyi yalnız hərbi əməliyyatların genişlənməsi ilə deyil, həm də siyasi bəyanatlar və qarşılıqlı təhdidlər fonunda da yarana bilir. Məsələn, ötən gün İran parlamentinin sədri Məhəmməd Qalibafın “İran müharibəyə hazırlaşır” məzmunlu bəyanatı bazarlarda əlavə qiymət artımına səbəb olub.

Davam edən dinamikanın fonunda, mayın 14-nə olan məlumata görə, Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 106,14 dollar təşkil edib. Eyni zamanda, Nyu-York birjasında “Light” markalı neft 0,52 dollar artaraq 101,54 dollar olub. Bununla paralel olaraq, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti isə 0,41 dollar və ya 0,4 faiz azalaraq 115,52 dollar səviyyəsində qeydə alınıb. Ümumilikdə isə, müharibənin başlanmasından indiyədək Azərbaycan neftinin qiyməti 37,25 ABŞ dolları, yəni 51,2 faiz bahalaşıb.

Qeyd edək ki, enerji bazarında vəziyyət xüsusilə neft sektorunda daha kəskin hiss olunur. Belə ki, son aylarda Brent markalı neftin qiyməti bəzi dövrlərdə 120 dolları da keçib. Bundan əlavə, OPEC 2026-cı il üçün qlobal neft tələbi üzrə proqnozunu aşağı salıb ki, bu da əsasən yüksək qiymətlər və zəifləyən tələb dinamikası ilə izah olunur.

Dünya üzrə istehlak edilən neftin təxminən beşdə biri, Körfəz ölkələrindən ixrac olunan mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 30 faizi, Avropanın aviasiya yanacağı idxalının təqribən 40 faizi və dizel yanacağının 10 faizdən çoxu, eləcə də Asiyanın gündəlik neft idxalının təxminən 2 milyon bareli birbaşa bu marşrutdan asılıdır. Eyni zamanda, İraqın neft ixracının 97 faizi, Səudiyyə Ərəbistanının 89 faizi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 66 faizi, həmçinin İran, Küveyt və Qətərin qlobal bazarlara çıxardığı neftin böyük hissəsi məhz bu boğaz vasitəsilə dünya bazarlarına daşınır.

Bu asılılıq fonunda, ən çox təsirlənən regionlar Cənubi və Şərqi Asiya (xüsusilə Çin, Hindistan, Yaponiya və Cənubi Koreya) ilə Avropa regionudur. Xüsusilə Avropada təsirlər daha çox təbii qaz və aviasiya yanacağı təchizatında özünü göstərir. Bu kontekstdə, “Reuters” agentliyinin məlumatına görə, Beynəlxalq Enerji Agentliyi (BEA) Avropanın Yaxın Şərqdən aviasiya yanacağı idxalının kəskin azalması fonunda bu itkiləri kompensasiya etməkdə çətinlik çəkdiyini bildirib.

BEA-nın aylıq hesabatına əsasən, Yaxın Şərqdən Avropaya aviasiya yanacağı tədarükü mart ayında gündəlik 330 min barel olduğu halda, aprel ayında bu göstərici cəmi 60 min barelə qədər geriləyib. Buna səbəb kimi İran müharibəsi və Hörmüz boğazının faktiki bağlanması nəticəsində Fars körfəzi regionundan enerji tədarükünün kəskin azalması göstərilir.

Bununla yanaşı, Agentliyin qiymətləndirməsinə görə, Avropa kimi idxaldan asılı regionlar yay aylarında yanacaq qıtlığının qarşısını almaq üçün itirilmiş Yaxın Şərq tədarükünün ən azı 80 faizini, ideal halda isə 90 faizini alternativ mənbələr hesabına əvəz etməlidir. Lakin mövcud göstəricilər göstərir ki, Avropanın aviasiya yanacağı üzrə xalis idxalı aprel ayında mart ayı səviyyəsinin cəmi 70 faizinə çatıb. Eyni zamanda, Avropa bu boşluğu doldurmaq məqsədilə ABŞ və Nigeriyadan aviasiya yanacağı idxalını artırsa da, bu artım Yaxın Şərqdən itirilən həcmi tam kompensasiya etməyə kifayət etməyib. “Kpler” məlumatlarına əsasən, həmin ölkələrdən Avropaya aviasiya yanacağı axını aprel ayında gündəlik 221 min barel təşkil edib.

Bu proseslərin davamı olaraq, hesabatda xüsusi olaraq vurğulanır ki, Avropadakı ehtiyatların sürətlə azalması və Yaxın Şərqdən tədarükün hələ də əsasən dayanmış vəziyyətdə qalması mövcud logistika zəncirlərinə ciddi təzyiq yaradır. Hazırda isə əsas yükü daşıyan ABŞ-ın Körfəz sahili və Nigeriya marşrutları əvvəlkindən daha böyük boşluğu doldurmağa çalışır. Bununla belə, Agentlik qeyd edir ki, Hörmüz boğazı ilə bağlı vəziyyət qısa müddətdə həllini tapmasa, bazarda tarazlığın bərpası zaman tələb edəcək.

Digər tərəfdən, Yaxın Şərqdə davam edən münaqişə Asiya ölkələri üçün enerji təchizatının şaxələndirilməsini strateji prioritetə çevirib. Bu şəraitdə Azərbaycan alternativ enerji mənbəyi kimi önəmini daha da artırır. Məhz bu kontekstdə Tokio artıq praktiki addımlar atmağa başlayıb. Belə ki, ölkənin ENEOS şirkəti Azərbaycandan 283 min barel neft idxal edib və Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker mayın 12-də Yaponiyaya çatıb.

Ümumilikdə isə, hazırkı şəraitdə dünya bazarında müşahidə olunan əsas problem zəncirvari təsirdir. Yəni Körfəz regionundan enerji daşımalarının bahalaşması, ilk növbədə, nəqliyyat xərclərini artırır. Ardınca enerji qiymətlərinin yüksəlməsi gübrə sənayesinə birbaşa təsir edir, çünki azot gübrələrinin əsas xammalı təbii qazdır. Bununla əlaqədar olaraq, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Bankı kimi beynəlxalq qurumlar xəbərdarlıq edir ki, əgər Hörmüz boğazındakı risklər uzunmüddətli xarakter alsa, 2026-cı ilin ikinci yarısında ərzaq inflyasiyası daha da sürətlənə bilər.

Ən böyük risk isə xüsusilə buğda, düyü, qarğıdalı və yem bazarlarında görünür. Bundan əlavə, Ümumdünya Ərzaq Proqramının hesablamalarına görə, Yaxın Şərqdəki münaqişənin yaratdığı domino effekti nəticəsində əlavə 45 milyon insanın kəskin ərzaq çatışmazlığı riski ilə üzləşəcəyi, bunun isə artıq qida təhlükəsizliyindən əziyyət çəkən 318 milyon insanın sırasını daha da genişləndirəcəyi ehtimal olunur.

Belə bir mürəkkəb beynəlxalq vəziyyətdə Azərbaycanın makroiqtisadi dayanıqlılığı və böhranlara qarşı müqavimət qabiliyyəti aparıcı beynəlxalq reytinq agentliklərinin hesabatlarında diqqətçəkən əsas məqamlardan biri kimi qiymətləndirilir. Eyni zamanda, son aylarda Fitch Ratings, Moody’s Ratings və S&P Global Ratings kimi aparıcı beynəlxalq qurumların açıqlamaları göstərir ki, qlobal qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı regional miqyasda daha dayanıqlı modellərdən biri hesab olunur.

Azərbaycan enerji ixracatçısı ölkə kimi qlobal enerji bazarlarında mühüm mövqeyə malikdir. Dünyada enerji qiymətlərinin artdığı və təchizat zəncirlərində qeyri-müəyyənliyin gücləndiyi şəraitdə bu amil ölkəyə əlavə gəlir imkanları yaradır və onun strateji əhəmiyyətini artırır. Eyni zamanda, ərzaq təhlükəsizliyi istiqamətində həyata keçirilən siyasət daxili istehsalın gücləndirilməsinə yönəlib. Qarabağ və Şərqi Zəngəzur bölgələrində kənd təsərrüfatı potensialının yenidən dövriyyəyə qaytarılması, suvarma infrastrukturunun genişləndirilməsi və aqrar subsidiyaların tətbiqi daxili bazarın dayanıqlılığını artıran əsas amillər kimi çıxış edir.

Azərbaycanın geoiqtisadi mövqeyi həm də logistika və tranzit imkanlarının genişlənməsi ilə daha da güclənir. Orta Dəhliz kimi layihələr ölkəni regional ticarət axınlarında alternativ marşrut mərkəzinə çevirir və qlobal təchizat zənciri problemləri fonunda strateji üstünlük yaradır.

Daxili siyasi sabitlik və ictimai təhlükəsizlik amili də iqtisadi dayanıqlılığın mühüm komponentlərindən biridir. Bir çox regionlarda sosial gərginliklərin artdığı və inflyasiya təzyiqlərinin gücləndiyi şəraitdə Azərbaycanda mövcud idarəetmə və sosial müdafiə mexanizmləri bazar şoklarının təsirini nisbətən yumşaltmağa imkan verir. Beynəlxalq reytinq agentliklərinin yanaşmasına görə, Azərbaycanın makroiqtisadi dayanıqlılığı əsasən güclü fiskal mövqe, aşağı dövlət borcu və kifayət qədər valyuta ehtiyatları ilə dəstəklənir.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat