Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan bankları 2024-cü ildə Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində üzərinə götürdüyü 2 milyard manatlıq öhdəliyə uyğun olaraq ötən il "yaşıl layihə"lərə 344 milyon manat, dayanıqlılıqla bağlı layihələrə isə 27 milyon manat vəsait ayırıb.
XQ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Dayanıqlı maliyyə hesabatı"nda bildirilir.
Sənədə əsasən, il ərzində "yaşıl nəqliyyat"a 201 milyon manat, dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakulturaya 49 milyon manat, enerji səmərəliyinə 31 milyon manat, bərpaolunan enerjiyə 24 milyon manat, su resurslarının dayanlıqlı idarə edilməsinə 18 milyon manat, dairəvi iqtisadiyyat və tullantıların idarə olunmasına 15 milyon manat, "yaşıl bina"lar və dayanıqlı tikintiyə 3 milyon manat, çirklənmənin qarşısının alınmasına yenə 3 milyon manat "yaşıl kredit" verilib. Biomüxtəlifliyin mühafizəsi və yaşıl xidmətlər üzrə maliyyələşmə olmayıb.
"Yaşıl kredit"lərin ümumi sayı isə 883 olub. Bu rəqəm "yaşıl nəqliyyat" üzrə 516, dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura üzrə 170, enerji səmərəliyi üzrə 127, bərpaolunan enerji üzrə 15, su resurslarının dayanlıqlı idarə edilməsi üzrə 28, dairəvi iqtisadiyyat və tullantıların idarə olunması üzrə 26, "yaşıl bina"lar üzrə 1 olub.
N.Adilqızı
XQ

