Anı əbədiləşdirən peşəkarın sənət qalereyası

post-img

Rauf Umudov – 70

...Onunla hər şeydən danışmaq olar. Dostluqdan, sənətdən, həyatın dolanbaclarından, dünyanın gərdişindən. Amma bir mövzu var ki, ondan ötrü ömrünün mənası yaşam tərzidir və bu barədə danışanda çöhrəsi nurlanır, baxışları durulur, gözlərini xəfifcə qırpmağa başlayır. Eynilə fotoaparatın obyektivi kimi...

O, Azərbaycan fotoqrafiya sənətində özünəməxsus dəst-xətti ilə seçilən, həm klassik, həm də müasir təsviri yaradıcılığın çalarlarını ağ-qara fotoşəkillərdə uzlaşdırmağı bacaran sənətkarlardandır. Söhbət Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini, bu peşədə sözünü demiş Rauf Umudovdan gedir. Bir gözqırpımlıq anı ustalıqla yaxalayan, əsərlərinə “Rauf Umud” imzasını qoyan sənətkar bugünədək çalışdığı yaradıcı kollektivlərdə özü haqqında yalnız nikbin təəssürat, xoş xatirə buraxıb.

...Rauf Umud ekstrim şəraitdə işləməyə öyrəncəli sənətkardır. Ötən əsrin 80-90-cı illərinin populyar “Gənclik” jurnalının fotomüxbiri, 34 yaşlı Rauf 1990-cı il 20 yanvar gecəsi işğalçı Sovet ordusunun dinc əhaliyə divan tutmasını, eləcə də şəhidlərin dəfn mərasimindən ürəkparçalayan səhnələri təkcə fotoobyektivin deyil, həm də tarixin yaddaşına köçürüb. Bu, sadəcə, redaksiya tapşırığı deyil, böyük cəsarət və ürək tələb edən missiya idi. Sonrakı nəsil “qırmızı imperiya”nın Azərbaycanın paytaxtında törətdiyi vandalizmin miqyasını həm də Rauf Umudun lentə aldığı müdhiş kadrlarla təsəvvüründə canlandırır.

EPİZOD: Onun Şəhidlər Xiyabanında 7 yaşlı qız uşağının 14 yaşlı İlqarın məzarı başında qəfildən hönkürüb ağlamasını əks etdirən “Fəryad” foto-etüdü Fransanın Nant şəhərində keçirilən müsabiqədə yüksək mükafata layiq görülüb.

Fotoqrafiya çevikliklə yanaşı, dözüm və təmkin də tələb edir. Özünün dediyinə görə, bəzən nadir təbiət hadisəsini “yaxalamaqdan” ötrü Azərbaycanın hansısa bölgəsində saatlarla deyil, günlərlə gözləməli olub. Amma sonda səbir təbiətin şıltaqlığına “qalib gəlib” və o, istədiyi anı lentə köçürüb.

Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini R.Umudov həm də təcrübəli pedaqoq, sənətinin sirlərini gənclərə səxavətlə öyrədən ustaddır. 165 yaşına çatmış Azərbaycan fotoqrafiya sənətinin görkəmli nümayəndəsi, 70 yaşını qürurla qarşılayan peşəkar, ürəyi daim vətənpərvərlik duyğusu ilə döyünən dəyərli həmkarımız belə deyir: “Fotoqrafiya sənətinə yalnız kommersiya vasitəsi kimi yox, həm də dərin fəlsəfi məna daşıyan sənət sahəsi kimi yanaşmağa ehtiyac var”.

...Şəxsiyyət və sənətkar. Rauf Umudov bir çox hallarda üst-üstə düşməyən bu iki məfhumun vəhdət təşkil etdiyi nöqtədə dayanmağı bacaran peşəkarlardandır. Bunu onunla 35 ilin tanışı, yaradıcılığının bütün mərhələlərini izləmiş şahid kimi əminliklə deyirik.

Düşünürük ki, əlində fotoaparat ömrünün 70-ci epizodu ilə üz-üzə duran Rauf Umudun anın peşəkarı kimi yaradıcılığı boyu obyektivinin gözünə tuş gələn bütün kadrları avtoportret janrına aid etmək olar. Həmin ağ-qara portret-tablodan seyrçilərlə nadir anları fotoya çevirmək şövqü ilə alışıb-yanan 70 yaşlı sənətkarın xeyirxah və müdrik baxışları danışır...

İ.HƏSƏNQALA
XQ

Mədəniyyət