Erməni terrorizminin unudulmaz üz qaralığı

post-img

Qanlı aksiya 13 insanın həyatına son qoymuşdu

1994-cü il iyulun 3-də Bakı Metropolitenində törədilən terror hadisəsi Azərbaycanın Qarabağ münaqişəsi fonunda ağır ictimai-siyasi vəziyyət yaşadığı dövrə təsadüf edirdi. Həmin illərdə ölkəmizdə sabitliyi pozmağa, cəmiyyətdə qorxu və panika yaratmağa yönəlmiş terror hadisələri baş verirdi. Bakı metrosu kimi insanların sıx toplaşdığı nəqliyyat sisteminin hədəf seçilməsi xüsusilə böyük narahatlıq yaratmışdı.

Həmin il martın 19-da “20 Yanvar” stansiyasında baş vermiş dəhşətli partlayışdan cəmi bir neçə ay sonra iyulun 3-də səhər saat metronun “28 May” və “Gənclik” stansiyaları arasında hərəkət edən elektrik qatarının ikinci vaqonunda güclü partlayış baş verdi. Platformaya, təxminən 500 metr qalmış məsafədə qəfil partlayış və vaqonları bürüyən güclü yanğın nəticəsində 13 nəfər sərnişin həlak oldu, 58 nəfər isə ağır bədən xəsarətləri aldı.

Terror cinayətinin arxasındakı dəhşətli faktlar və xain plan istintaq və məhkəmə araşdırmaları zamanı bütün çılpaqlığı ilə üzə çıxdı. Erməni terrorizminin mahiyyəti təkcə ideoloji şovinizmlə deyil, həm də beynəlxalq səviyyədə sistemləşdirilmiş və müxtəlif dövrlərdə icra edilmiş qanlı metodlarla həyata keçirilib. 1970-1980-ci illərdə ASALA kimi terror təşkilatlarının yaradılması bu ideologiyanın dövlətlərarası münasibətlərə qarşı terroru birbaşa silah kimi istifadə etdiyinin əyani sübutudur.

Xalqımız dəfələrlə erməni terror təşkilatının üzvlərinin törətdikləri amansız qətliamlara məruz qalıb. Tarix boyu yetərli siyasi və hərbi gücü olmayan ermənilər vahid yaşayış məkanının əldə edilməsi üçün ərazilərimizdə bütün yollara əl atıblar. Müxtəlif terror aktları törətmək dünyanın hər yerinə səpələnmiş ermənilər üçün effektiv alət idi. İfrat millətçilik əhvali-ruhiyyəsindən doğan və “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni terrorizmi daim ermənilərin dəyişən siyasi məqsədlərinə uyğunlaşırdı.

1980-ci illərdə Ermənistanın Qarabağ bölgəsinə qarşı qanunsuz və əsassız ərazi iddialarının ortaya çıxması ilə erməni terror təşkilatlarının fəaliyyəti Azərbaycana yönəldi. Həmin dövrlərdə erməni terrorçularının ölkəmizin ərazisində, əsasən, sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları qeydə alınmışdı.

XX əsrin əvvəllərindən başlayan etnik təmizləmə siyasətinin davamı kimi 1990-cı illərdə Qarabağ və ətraf rayonlarda törədilən qanlı cinayətlər, Xocalı soyqırımı, Qaradağlı və Başlıbel qətliamları kimi vəhşiliklər erməni hərbi-siyasi dairələrinin mülki insanlara qarşı necə amansız və qəddarlığını dünya tarixinə qanlı hərflərlə yazmışdır.

Erməni terrorizmi nəsildən-nəslə ötürülən və “erməni məsələsi” adı altında törədilən cinayətləri “qəhrəmanlıq” kimi təqdim edən köklü, destruktiv bir mahiyyətdir ki, bu da beynəlxalq hüququn norma və prinsiplərinə, habelə bəşəri əxlaq dəyərlərinə qarşı ən böyük təhdidlərdən biridir. 1994-cü ildə Bakı metrosunda baş vermiş faciə yalnız insan itkisi ilə deyil, həm də cəmiyyətin yaddaşında yaratdığı izlərlə yadda qaldı.

Mustafa KAMAL
XQ



Siyasət